...

Musa Quliyev: Xorvatiya Qafqazda Azərbaycanı özünə bir tərəfdaş görür

Siyasət Materials 9 Sentyabr 2018 15:14 (UTC +04:00)
Azərbaycan Prezidentinin Xorvatiyaya rəsmi səfəri əlaqələrimizin inkişafı üçün irəliyə atılan mühüm addımlardandır.
Musa Quliyev: Xorvatiya Qafqazda Azərbaycanı özünə bir tərəfdaş görür

Bakı. Samir Əli - Trend:

Azərbaycan Prezidentinin Xorvatiyaya rəsmi səfəri əlaqələrimizin inkişafı üçün irəliyə atılan mühüm addımlardandır.

Bunu Trend-ə Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfərini şərh edərkən millət vəkili Musa Quliyev deyib.

Millət vəkili bildirib ki, dövlət başçısının bu səfəri həm Azərbaycan, həm də Xorvatiya üçün əhəmiyyət kəsb edir: "Xorvatiya kiçik dövlət olsa da, Avropa dövlətidir və Azərbaycana dost münasibəti olan bir dövlətdir. Bu münasibəti də biz zaman-zaman hiss edirik. İstər Xorvatiya Prezidentinin Azərbaycana səfəri zamanı, istərsə də Azərbaycan Prezidentinin Xorvatiyaya səfəri zamanı. İki ölkə arasında siyasi, iqtisadi, mədəni əlaqələrin möhkəmlənməsi istiqamətində qəbul olunan memorandum, ümumi imzalanan əməkdaşlıq sənədləri bunu sübut edir. Xorvatiya Qafqazda Azərbaycanı özünə bir tərəfdaş görür. Xorvatiya ilə əməkdaşlıq Azərbaycanın Avropada dostlarının artmasıdır. Azərbaycan Avropa məkanında enerji daşıyıcılarının mühüm mənbəyi kimidir. Avropada Azərbaycana böyük maraq var və Azərbaycanın karbohidrogen ehtiyatlarından istifadə etməyi və ona uyğun səmərəli münasibətlər qurmağı düşünürlər. Xorvatiyanın TAP-a qoşulması barədə niyyətinin ortaya qoyulması və digər əməkdaşlıq sənədlərinin imzalanması, eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı və Azərbaycan üzərindən Şərqdən Qərbə, Qərbdən Şərqə qədim İpək Yolunun bərpası, Xorvatiyanın da bu sistemə qoşulmaq və öz yüklərini daşımaq maraqları var. Bu Azərbaycanla Xorvatiyanı daha da yaxınlaşdırır. Azərbaycanın Avropa məkanında maraqlarının müdafiə olunması, Azərbaycan həqiqətlərinin, xüsusən də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyinin düzgün anlaşılması, ictimai-siyasi dəstək qazanması bizim maraqlarımızdandır, Xorvatiya da Avropa məkanında öz parlamentariləri vasitəsilə Avropanın müxtəlif strukturlarında bizə dəstək verir".

M.Quliyev bildirib ki, bütün hallarda Azərbaycanın Avropa məkanında və dünyada dostlarının artması maraqlarımıza uyğundur və Xorvatiyanın da bizə dost münasibət göstərməsi sevindiricidir: "Eyni zamanda bizim mədəni əlaqələrimizin genişlənməsi, xalqlarımızın bir-birini tanıması, turizm əlaqələrinin genişlənməsi iki ölkə arasında münasibətlərin daha da sıxlaşmasına gətirib çıxarır. Bu mənada Azərbaycan Prezidentinin Xorvatiyaya rəsmi səfəri əlaqələrimizin inkişafı üçün irəliyə atılan mühüm addımlardandır. Hesab edirəm ki, bu səfərdən sonra Xorvatiya-Azərbaycan münasibətləri daha sürətlə inkişaf edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti