...

Deputat: ATƏT "küçə siyasətçisi" olan Paşinyanın Azərbaycanı təhdid etməsinə mütləq qiymət verməlidir

Siyasət Materials 13 Sentyabr 2018 17:51 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in baş katibi Tomas Qremingerlə görüşündə bir sıra aktual məsələləri müzakirə etdi.
Deputat: ATƏT "küçə siyasətçisi" olan Paşinyanın Azərbaycanı təhdid etməsinə mütləq qiymət verməlidir

Bakı. Elçin Mehdiyev - Trend:

"Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in baş katibi Tomas Qremingerlə görüşündə bir sıra aktual məsələləri müzakirə etdi. Nəzərə almaq lazımdır ki, hazırda dünyada baş verən ciddi hərbi-siyasi və iqtisadi qarşıdurmalar kontekstində ATƏT-ə üzv olan ölkələrin də milli təhlükəsizliyi bu və ya digər dərəcədə təhdidə məruz qalır, yaxud belə hal mümkün hesab edirlir".

Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, adından da göründüyü kimi, Avropada Təhlükəsizlik və Tərəfdaşlıq Təşkilatı isə əlbəttə, belə məsələləri öz tərəfdaşları ilə müzakirə etməli və təhlükəsizlik tədbirləri görməlidir:

“Bu mənada Avropanın şərq tərəfdaşları içərisində Azərbaycan olduqca strateji bir ölkədir. Azərbaycanın təhlükəsizliklə bağlı strateji əhəmiyyəti təkcə enerji təhlükəsizliyi ilə məhdudlaşmır, eyni zamanda coğrafi mövqeyi və hərbi-iqtisadi resursları ilə şərtlənir. Ona görə də Tomas Qremingerin ATƏT-in baş katibi kimi Azərbaycana səfəri məhz bu kontekstdə qiymətləndirilməlidir və bu da ölkəmizin təhlükəsizlik məsələsi baxımından olduqca əhəmiyyətlidir”.

Deputatın sözlərinə görə, ancaq məsələ ondadır ki, artıq uzun illərdir Azərbaycanın ərazi bütövlüyü pozulub, torpaqlarımız Ermənistan hərbi birləşmələri tərəfindən işğala məruz qalıb:

“Problemi həll etmək üçün ATƏT-in xüsusi qrupu, yəni Minsk qrupu yaradılıb, lakin indiyə qədər bu qrup problemin həlli ilə bağlı heç bir real töhfə verə bilməyib. Üstəlik, hazırda Ermənistana rəhbərlik edən, küçə siyasətçisi səviyyəsindən yuxarı qalxa bilməyən baş nazir Nikol Paşinyan hər gün yeni bir sərsəm bəyanatla Azərbaycanı təhdid edir. Buna mütləq ATƏT tərəfindən qiymət verilməlidir, çünki Azərbaycanın da təhlükəsizliyi ən azı bu təşkilata üzv olan digər ölkələrin təhlükəsizliyi qədər əhəmiyyətlidir. Həmçinin ATƏT problemin həlli ilə bağlı vasitəçilik missiyasını BMT Təhlükəsizlik Şurasının mandatı ilə öz üzərinə götürüb. Ona görə də görüş zamanı Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar ən azı təəccüb doğurur. Xüsusilə “Azərbaycan qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır” tezisi qəbuledilməzdir. Bu onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir. Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkib hissəsi olması kimi bəyanatları da Azərbaycan qətiyyətlə rədd edir və Azərbaycan ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır. Doğrudan da bu çağrış həm beybəlxalq hüquq, həm də real siyasi proseslər kontekstində olduqca əsaslandırılmış bir çağrışdır".

H.Babaoğlu vurğulayıb ki, ATƏT belə həssas məsələyə öz münasibətini bildirməli, işğal faktına son qoymaq üçün vasitəçilik missiyasını latiqincə yerinə yetirməlidir:

"Əks təqdirdə bundan sonra bütün məsuliyyət işğalçı Emənistan və onu idarə edənlərin üzərinə düşəcək ki, bu da ermənilər üçün yaxşı heç nə vəd etmir. Regionda hamı, o cümlədən Ermənistan da Azərbaycanın hərbi qüdrətini və mümkün müharibə variantında onun dəstəkləyəcək iqtisadi resurslarını yaxşı bilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti