Bakı. Samir Əli - Trend:
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin siyasi iradəsinə uyğun olaraq, 1998-ci ildən etibarən peşə bayramı gününü qeyd etmək imkanı əldə edən Azərbaycan prokurorluğunun kollektivi milli prokurorluq orqanlarının yaradılmasının 99-cu ildönümünü və peşə bayramını təntənəli şəkildə qeyd edir.
Trend-in məlumatına görə, Baş Prokurorluğun, Respublika Hərbi və Bakı Şəhər prokurorluqları orqanlarının kollektivləri sentyabrın 28-də Fəxri xiyabana gələrək, ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.
Şəhidlər xiyabanına gələn Azərbaycan Prokurorluğunun kollektivi Vətənimizin müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın xatirəsinə dərin ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyub, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.
Sonra Baş Prokurorluqda 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı gününə və milli prokurorluğun yaradılmasının 100-cü ildönümünə həsr olunmuş mərasim keçirilib.