Bakı. Trend:
Noyabrın 15-də Müasir İncəsənət Muzeyinin əsaslı təmirdən sonra açılışı olub. Bu münasibətlə Xalq rəssamı Səttar Bəhlulzadənin əsərlərindən ibarət “Cizgi təranəsi” adlı sərgi açılıb.
Tədbirdə dövlət və hökumət üzvləri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Müasir İncəsənət Muzeyinin müdiri Xəyyam Abdinov əsaslı təmir olunan muzeydə görülmüş işlərlə bağlı məlumat verib.
“Müasir İncəsənət Muzeyi bir müddət idi ki, əsaslı təmirə bağlanmışdı. Təmir zamanı müasir avadanlıqdan və geniş spektrli, böyük təcrübəyə malik olan “Novalyuks” şirkətinin işıqlandırma sistemindən istifadə edilib. Bu şirkət işıqlandırma avadanlığı üzrə dünya liderləri sırasında yer tutmağa iddialıdır. Muzeyin yeniləşmiş texniki bazası daha keyfiyyətli fəaliyyət göstərməyə imkan yaradır. Belə böyük dəstəyə və qayğıya görə Heydər Əliyev Fondunun rəhbərliyinə minnətdarlığımızı bildirir, incəsənətsevərlər adından təşəkkür edirik”, - deyə muzeyin rəhbəri vurğulayıb.
Muzeydə Azərbaycanın və dünya rəssamlarının nadir əsərlərinin təqdim edildiyini söyləyən Xəyyam Abdinov deyib: “Bu gün Müasir İncəsənət Muzeyində əsaslı təmirdən sonra Xalq rəssamı Səttar Bəhlulzadənin 110 illik yubileyi ərəfəsində “Cizgi təranəsi” adlı sərgi açılır. O, müasir Azərbaycan mənzərə rəngkarlığının, eləcə də Azərbaycan impressionizminin yaradıcılarından sayılır. Məhz buna görə də onu Azərbaycanın Van Qoqu adlandırırlar. Sərgidə rəssamın heç vaxt nümayiş etdirilməmiş, şəxsi kolleksiyasından olan qrafik əsərləri yer alır”.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Sərgidə Səttar Bəhlulzadənin 130-dan çox nadir əsərindən ibarət ekspozisiya təqdim olunur.
Rəssam rəngkarlıq nümunələri ilə bərabər, qrafik əsərlər də yaradıb. Onun əsərləri beynəlxalq sərgilərdə nümayiş olunur. 2009-cu ildə Heydər Əliyev Fondu tərəfindən Səttar Bəhlulzadənin 100 illik yubileyi UNESCO-da qeyd edilib.
Sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb.