...

Nazir: Azərbaycan öz ərazisindən keçən tranzit marşrutlarından istifadə etmək istəyən qonşu dost ölkələrə imkanlarını təqdim etməyə hazırdır (ÖZƏL)

Siyasət Materials 25 Dekabr 2018 10:34 (UTC +04:00)
Ölkəmiz enerji resurslarının dünya bazarlarına ötürüb-çatdırılması üzrə yüksək potensiala malikdir və biz həmişə Azərbaycanın ərazisindən keçən tranzit marşrutlarından istifadə etmək istəyən qonşu dost ölkələrə imkanlarımızı təqdim etməyə hazırıq.
Nazir: Azərbaycan öz ərazisindən keçən tranzit marşrutlarından istifadə etmək istəyən qonşu dost ölkələrə imkanlarını təqdim etməyə hazırdır (ÖZƏL)

Bakı. Trend:

Ölkəmiz enerji resurslarının dünya bazarlarına ötürüb-çatdırılması üzrə yüksək potensiala malikdir və biz həmişə Azərbaycanın ərazisindən keçən tranzit marşrutlarından istifadə etmək istəyən qonşu dost ölkələrə imkanlarımızı təqdim etməyə hazırıq.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Trend-in Xəzəryanı ölkələr arasında Xəzər dənizinin statusu üzrə imzalanmış razılaşmanın yeni neft-qaz yataqlarının istismarı və TransXəzər qaz boru kəmərinin tikilməsi baxımından hansı perspektivlər açdığı ilə bağlı sualı cavablandırarkən deyib.

Nazir məlumat verib ki, bu ilin avqustunda "Xəzəryanı beşliy"in liderləri tərəfindən imzalanan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya dövlətlərarası əməkdaşlıq üçün yeni, müstəsna imkanlar açdı: "Konvensiya tərəflərin Xəzər dənizindən və onun zəngin təbii ehtiyatlarından istifadəsi ilə bağlı hüquq və vəzifələrini tənzimləyir. Konvensiya Xəzər dənizinin delimitasiya parametrlərini müəyyənləşdirir. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması beş sahilyanı dövlətin xoş məramını bildirən əsl tarixi hadisə olmuşdur. Bu sənədin ölkəmiz üçün əsas əhəmiyyəti sahilyanı ölkələrin dənizin zəngin təbii sərvətlərindən istifadə edilməsi üzrə suveren və müstəsna hüquqlarının müəyyənləşdirilməsindən ibarətdir. Beləliklə, Konvensiya neft-qaz sənayesi sahəsində müxtəlif layihələrin, habelə dənizdəki digər iqtisadi fəaliyyətlərin həyata keçirilməsinin davamlılığını və təhlükəsizliyini təmin edir. Xəzər dənizində ticarətin və ölkələrimizin iqtisadiyyatının inkişafı baxımından mühüm rol oynayan naviqasiya azadlığı və təhlükəsizliyi təmin edilir".

E.Məmmədyarov qeyd edib ki, Konvensiya müddəalarının yerinə yetirilməsi orada göstərilən məqsədə nail olunmasını təmin edəcək - Xəzər dənizini sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonasına çevirəcəkdir: "Tarixən Xəzər dənizində nəhəng layihələrin həyata keçirilməsində qabaqcıl olan Azərbaycan gələcəkdə də sahilyanı ölkələrlə əməkdaşlığı davam etdirməyi və genişləndirməyi planlaşdırır. Uğurlu enerji siyasəti sayəsində Azərbaycan özünün iqtisadi təhlükəsizliyini təmin edə, eləcə də Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş, istehsalçı və tranzit dövləti olaraq nüfuz qazanmağa müvəffəq olmuşdur. Hal-hazırda Azərbaycanın təşəbbüsü və iştirakı ilə Cənub Qaz Dəhlizi kimi nəhəng infrastruktur və enerji layihəsinin gerşəkləşdirilməsi davam etdirilir. Bu layihə Xəzər dənizindən təbii qazın Avropaya nəqli baxımından mühüm rol oynayır".

Nazir sonda vurğulayıb ki, ölkəmiz enerji resurslarının dünya bazarlarına ötürüb-çatdırılması üzrə yüksək potensiala malikdir və həmişə Azərbaycanın ərazisindən keçən tranzit marşrutlarından istifadə etmək istəyən qonşu dost ölkələrə imkanlarını təqdim etməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti