Bakı. Elçin Mehdiyev – Trend:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Trend-ə müsahibəsi
- Mübariz müəllim, hazırda ölkədə dini durumu necə dəyərləndirirsiniz?
- Azərbaycanda sabitlik hər sahədə olduğu kimi, din sahəsində də özünü büruzə verib. Bilirsiniz ki, Prezident cənab İlham Əliyev tərəfindən aparılan siyasət nəticəsində Azərbaycan bütün sahələrdə ciddi uğurlara imza atıb. Ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırıb.
Biz həssas bölgədə yerləşirik və ətrafımızda toqquşmalar, qarşıdurmalar var. Məsələn, Yaxın Şərq ərazisində neçə illərdir ki müharibə gedir. Bu müharibələrdə müxtəlif amillərdən, o cümlədən din amilindən istifadə olunur. Qafqaz bölgəsində də münaqişə ocaqları var. Bunlardan biri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan bütün bu münaqişələr və qarşıdurmalar fonunda sabitlik adası kimi görünür və ölkəmizin sabitlik adası olması artıq hər kəsə bəllidir.
Ölkəmizdə din sahəsində də vəziyyət sabitdir. Dini konfessiyalar arasında tolerant mühit mövcuddur, eyni zamanda, multikultural dəyərlərimiz qorunur və bu dəyərlər Azərbaycanın üstünlüklərindən biridir. Azərbaycan dövlət-din modelinin nümunə ola biləcək formasına malikdir.
- İŞİD İraq və Suriyada müəyyən əraziləri işğal edəndə bütün müsəlman ölkələrində, o cümlədən Azərbaycanda radikal dini meyillər özünü daha qabarıq büruzə verirdi, radikal dini qruplar İŞİD-in “qələbələrindən” sanki həvəsə gəlmişdilər. Azərbaycanda bu cür meyillərin qarşısını almaq üçün hansı tədbirlər görüldü?
- Bir neçə il öncə “ərəb baharı” deyilən bir proses baş verdi. Həmin proses zamanı bəzi xarici dairələrin birbaşa iştirakı və himayəsi ilə bir sıra ölkələrdə ictimai-siyasi sabitlik pozulmaqla siyasi hakimiyyətin dəyişilməsinə nail olundu, ancaq sonda nəticə çox acınacaqlı oldu. Yəni “ərəb baharı” əslində həmin ölkələrin əhalisi üçün “ərəb qışı”na çevrildi. Ölkələrdə infrastruktur dağıdıldı, sabitlik pozuldu.
Həmin proses zamanı silahlandırılan və ya maliyyə dəstəyi alan qruplar din adı altında pərdələnmiş elementlərin mərkəzinə çevrildi, nəticədə həmin radikal qruplar xarici dairələrin aləti kimi istifadə olundu. Burada təbii ki, bu prosesə rəvac verənlərin geosiyasi maraqları nəzərdə tutulurdu. Yəni öz geosiyasi maraqlarını həyata keçirmək üçün bu prosesə rəvac vermişdilər. Zaman-zaman din pərdəsi altında radikal elementlər siyasətə müdaxilə etməyə çalışıblar. “Boko haram”, İŞİD, “əl-Qaidə” və s. bu kimi qruplar yaradılaraq onların vasitəsilə müəyyən məqsədlərə nail olunmağa çalışılıb. Bu siyasətin törəməsi olan İŞİD İraq və Suriya ərazisində torpaqları öz nəzarətinə götürərək "xilafəti bərpa etmək" iddiası ilə çıxış edirdi və burada da din amilindən istifadə edirdi.
Çox təəssüf ki, bəzi müsəlman ölkələrində həmin qruplaşmanın yaydığı təbliğata uyanlara rast gəlindi, müsəlman ölkələrindən, hətta Avropanın qeyri-müsəlman ölkələrindən, eyni zamanda müsəlman icmaları mövcud olan ölkələrdən İŞİD-ə qoşulanlar oldu. Əlbəttə, İŞİD-ə qoşulanların təsnifatını aparmaq başqa işdir, ancaq qısa və konkret desək, İŞİD-ə maddi maraqlar üçün gedənlər, fanatikcəsinə həmin fikirləri qəbul edənlər, macəra axtaranlar oldu. İŞİD-in silahlandırdığı dəstələr din adı altında bu prosesi həyata keçirmək istəyirdi, nəticə isə onların istədiyinin əldə olunmasına gətirib çıxarmadı. Çünki süni, qondarma hərəkat idi və onun arxasında duran güclər maliyyəni dayandırsalar, o qruplaşmalar dərhal itib batarlar, yoxa çıxarlar.
Bu prosesin əvvəlində belə yalan fikirlərə uyaraq və yaxud da öz maraqlarını təmin etmək üçün Azərbaycanda da İŞİD-ə qoşulanlar haqqında faktlar var idi. Lakin həm ölkə daxilində hüquq-mühafizə orqanlarının apardığı profilaktik tədbirlər, həm Milli Məclis tərəfindən ekstremizm və terrorizmə qarşı mübarizə ilə əlaqədar qanunlara, o cümlədən “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklərin edilməsi, həm də cəmiyyət içərisində müxtəlif dövlət qurumlarının apardığı siyasət öz nəticəsini verdi. Dövlət Komitəsi olaraq bizim də üzərimizə düşən vəzifələr var idi ki, biz də bunu yerinə yetirmək üçün maksimum səylər göstərdik. Biz bir neçə sənədli film çəkərək dini radikal, ekstremist qrupların törətdiyi fəsadları və təhlükələri ictimaiyyətə daha geniş şəkildə çatdırmağa çalışdıq. Misal üçün, “Fitnə”, “Şəhadət”, “Vəhdət qanımızdadır”, “Oxu” sənədli filmləri çəkildi, yeniyetmələr, gənclər üçün “Üfüqdəki gələcək” sənədli filmi, xüsusi çarxlar hazırlanaraq yayıldı, KİV vasitəsilə dini radikalizmi ifşa edən verilişlərə yer verdik, Qafqaz Müsəlmanları İdarəsi ilə birgə tədbirlər həyata keçirdik. Yerlərdə həm Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri, həm də Dövlət Komitəsinin bölgə şöbələri mütəmadi tədbirlər həyata keçirdi, bununla bağlı çoxlu sayda kitablar nəşr olundu və əhali arasında yayıldı.
Prezident İlham Əliyevin 2014-cü ildə ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə imzaladığı sərəncama əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən yüzlərlə maarifləndirici layihə həyata keçirildi ki, bu layihələrin də ana xəttini dini radikal, ekstremist qrupların ideoloji cəhətdən ifşa olunması təşkil edirdi. Müdafiə Nazirliyi, Ədliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və bir sıra digər dövlət qurumları bu prosesdə bizimlə birgə geniş təbliğat apardı. Bu sahədə Dövlət Komitəsinin Təhsil Nazirliyi ilə birlikdə təhsil ocaqlarında təşkil etdiyi çoxsaylı tədbirlərin də əhəmiyyətini qeyd etmək olar. Bu təbliğat fəaliyyətimiz dayanmayıb, bu gün də davam edir.
Yalnız inzibati tədbirlər həyata keçirməklə istənilən nəticəni əldə etmək mümkün deyil. Burada ideoloji, sosial tədbirlər də həyata keçirilməlidir. Ona görə də biz bu istiqamətdə üç ana xətt müəyyənləşdirmişik. Bunlar hüquqi, ideoloji və sosial-iqtisadi istiqamətdə həyata keçirilən işlərdir. Bu üç istiqamət bir-birini tamamlamalıdır. Yəni dini radikalizmə qarşı mübarizə kompleks tədbirlər tələb edir ki, bizim ölkəmizdə də bu tədbirlər Dövlət Komitəsi daxil olmaqla, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, həmçinin digər müvafiq qurumlar, qeyri-hökumət təşkilatları və Qafqaz Müsəlmanları İdarəsi ilə birgə həyata keçirilir. Bütün bunlar Azərbaycanda din amilindən istifadə edərək hansısa geosiyasi, lokal və s. xarakterli maraqlarını reallaşdırmaq istəyən xarici qüvvələrin qarşısını almağa önəmli köməklik göstərib və bizi yaşana biləcək hadisələrdən qoruyub. Qeyd edim ki, Azərbaycan özünü bütün risklərdən qorumağa qadirdir.
Həmçinin Prezident cənab İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun ideoloji müstəvidə həyata keçirdiyi tədbirləri xüsusilə qeyd etmək istəyirəm. Dövlət-din münasibətləri sahəsində fəaliyyətin tənzimlənməsi, mövcud dini konfessiyaların dəstəklənməsi, mənəvi dəyərlərin qorunması və inkişafı, dini etiqad sahəsində maarifləndirmə işinin aparılması sahəsində Fond tərəfindən Azərbaycanın bütün bölgələrini əhatə edən layihələr həyata keçirilir.
- Hazırda din pərdəsi altında Azərbaycana qarşı təhdidlər nə dərəcədə təhlükəlidir?
- İndiyə qədər Azərbaycana qarşı din amilindən istifadə edərək yönələn təhdidlərin qarşısı alınıb, lakin bu bizdə arxayınlıq yaratmır. Biz düşünülmüş siyasət həyata keçiririk və bu siyasət də dövlət başçısı tərəfindən müəyyən olunmuş strateji xətdir. Azərbaycanda dini təhdidlərə qarşı tədbirlər görülür və bundan sonra da görüləcək. Azərbaycan İlahiyyat İnstitutunun yaradılması da təsadüfi deyil. Biz ölkəmizdə din sahəsində çalışan kadrlara çox böyük ehtiyac duyurduq. İndiyə qədər İslam kollecləri və Bakı İslam Universiteti bu sahədə müəyyən işlər görüb, lakin bu işi daha geniş aspektdə aparmaq lazımdır. Eyni zamanda, İlahiyyat İnstitutu yalnız İslam dini üzrə deyil, digər dinlər üzrə də mütəxəssis hazırlığını həyata keçirəcək. Həmçinin burada digər müsəlman ölkələri üçün kadrlar hazırlamağı nəzərdə tuturuq.
- Son dövrlərdə Azərbaycandan xarici ölkələrdə qanunsuz silahlı birləşmələrə qoşulma halları müşahidə olunub?
- Dövlət Komitəsində, o cümlədən hüquq-mühafizə orqanlarında olan məlumatlar son iki ildə Azərbaycan vətəndaşlarının xarici ölkələrdə qeyri-qanuni silahlı birləşmələrə, o cümlədən İŞİD-ə qoşulması haqqında faktın olmadığını göstərir. Bəzən mətbuatda Türkiyədə və yaxud İŞİD qruplaşmalarının nəzarətində olan yerlərdə saxlanılanlar barədə məlumatlar yayılır. Əslində isə burada əvvəllər gedən adamlar nəzərdə tutulur. Bunlar bir vaxtlar şirnikləndirilərək, aldadılaraq və ya fanatikcəsinə bu prosesə qoşulanlar idi ki, bir hissəsi artıq geriyə qayıdıb və hüquq-mühafizə orqanları tərəfindən qanun çərçivəsində müvafiq addımlar atılır.
- Radikal dini qruplar insanları, xüsusən də gəncləri maddi amildən istifadə edərək təsir altına salmağa çalışır. Bunun qarşısını almaq üçün hansı tədbirlər görülür?
- İqtisadi yolla gəncləri şirnikləndirərək müəyyən radikal dini qruplara cəlb etməyə cəhd edənlər əvvəllər də olub, bu gün də bu cəhdlər var. Lakin əvvəllər bunun üçün həmin qruplaşmaların “iqtisadi imkanları” daha geniş idi. Söhbət qeyri-qanuni yolla əldə edilmiş vəsaitlərdən gedir. Xaricdə olan qruplaşmalar tərəfindən buraya müxtəlif vasitələrlə vəsaitlər gətirilərək həmin maliyyə hesabına gəncləri cəlb etmək, onları tovlamaq, şirnikləndirmək, qeyri-qanuni silahlı dəstələrə cəlb etmək, burada özlərinin kiçik dayaqlarını yaratmaq, məscidlərə müdaxilə etmək, məscidlərdə nəzarəti tədricən öz əllərinə almaq, Azərbaycanda kənar fikirləri yaymaq, dini ayinləri, dini xarakterli tədbirləri öz istəklərinə uyğun keçirmək cəhdləri var idi və bu gün də sadaladıqlarımı etmək istəyənlər var. Bu cür hərəkətlərin qarşısını almaq üçün həmin qeyri-qanuni yolla əldə edilən gəlirlərin mənbəyinin qarşısı alınmalı idi. Çünki bunun qarşısı alınmadan həmin qeyri-qanuni maliyyə ölkədə gənclərin təfəkkürcə, ideyaca zəhərlənməsinə xidmət göstərərdi. Ona görə bu istiqamətdə də profilaktik tədbirlər görülüb. Prosesdə bizim maliyyə qurumlarımız, bank sistemi fəal iştirak edib, bununla bağlı xüsusi monitorinq qrupu yaradılıb. Bu monitorinq qrupu qeyri-qanuni yolla Azərbaycana vəsaitin daxil olmasının qarşısını alır, qabaqlayıcı tədbirlər görür.
Xaricdən dəyəri ödənilmədən və yaxud daha ucuz qiymətlə məhsul gətirərək satışından qeyri-qanuni gəlir əldə etmək istəyən qrupların da qarşısını almaq üçün ciddi tədbirlər görüldü. Dövlət Gömrük Komitəsi bu məsələni tam nəzarətə alıb və biz bu cür satış mərkəzlərinə nəzarət edənlərin kimliyini müəyyənləşdirərək onların qarşısını almaq üçün tədbirlər görmüşük.
Qəti əminliklə deyə bilərik ki, bu gün dini radikal qrupların Azərbaycanda nə ideoloji, nə iqtisadi, nə də mənəvi dayaqları var. Bu dayaqları yaratmağa cəhdlər edilib və bu gün də edilməkdədir, lakin bu cəhdlərin qarşısını almaq və onu beşiyindəcə boğmaq üçün xüsusi müəyyən olunmuş proqram əsasında dövlətin müvafiq qurumları tərəfindən qabaqlayıcı tədbirlər görülür.
- Mübariz müəllim, bu gün Azərbaycanda dini sahədə olan problemlərdən biri də "təyinatı olmayan mollalar" problemidir. Bununla bağlı Sizin də fikrinizi öyrənmək istəyərdik.
- Bizim ölkəmizdə hər şey qanuna söykənir. “Dini etiqad azadlığı haqqında” qanuna əsasən Azərbaycanda bütün məscidlər qanuni şəkildə fəaliyyət göstərməlidir. Heç bir məscid qanundankənar fəaliyyət göstərə bilməz, heç bir kütləvi dini ayin və ibadətlər qeyri-qanuni yerinə yetirilməməlidir. Əks halda Dövlət Komitəsinin səlahiyyətli əməkdaşları müvafiq protokollar tərtib edərək həmin şəxslərə qarşı qanun çərçivəsində tədbirlər görürlər.
Bir adam öz evində dini ibadəti, ayini həyata keçirirsə, ona heç kim bir söz deyə bilməz. Bəzən anlaşılmazlıq yaranır – kimsə deyir ki, dini ayinlərin icrasına dövlət bu cür müdaxilə etməməlidir və s. Mən bir daha deyirəm, burada söhbət kütləvi dini ayinlərdən gedir. Hər kəs özbaşına istədiyini etsə, nə olar? Bu, yalnız İslama deyil, xristianlığa, yəhudiliyə və digərlərinə də aiddir. Dini ayinlərin icrası zamanı nizam-intizam olmalıdır. Yəni insanların təhlükəsizliyi, ictimai asayiş və digər məsələlər var ki, bunlar nəzərə alınmalıdır. Hər şey qanunla tənzimlənir. Elə ölkə yoxdur ki, orada insanların fəaliyyətini tənzimləyən qanunlar olmasın.
Din sahəsini də qanun tənzimləyir. Başına əmmamə qoyub, əlinə təsbeh alan hər adam din xadimi deyil və yaxud müqəddəs dini yerləri ziyarət edib gəlmək heç kimə hər hansı dini ayinlərin icrasına rəhbərlik etmək səlahiyyəti vermir. Və yaxud sənin dinlə bağlı bilgin varsa, bu o demək deyil ki, dini ayinlərin icrasına rəhbərlik edə bilərsən. Məsciddə çalışan adamın mütləq rəsmi təyinatı olmalıdır.
Azərbaycanda təyinatı olmayan, başına əmmamə qoyub, əlinə təsbeh alıb, dini libas geyinərək qəbiristanlıqlarda və ya digər yerlərdə dini ayinləri icra etməyə cəhd göstərən şəxslər var. Biz bu cür qeyri-qanuni fəaliyyət göstərən şəxslərə qarşı hüquqi müstəvidə mübarizə aparırıq. Onlar cərimələnir, protokollar tərtib olunur və s. Əgər bu adamın bilgisi, savadı varsa, dini fəaliyyətlə məşğul olmaq istəyirsə, hər hansı məsciddə fəaliyyət göstərmək istəyirsə, Qafqaz Müsəlmanları İdarəsinə müraciət etməli, orada attestasiyadan keçməli, imtahan verməli, təyinat almalıdır. Yalnız bundan sonra həmin yerdə müvafiq fəaliyyət göstərə bilər. Bizim intellektual səviyyəli, gözəl xütbələr, moizələr verməyə qadir olan, eyni zamanda cəmiyyətdə hörmət qazanan əsl din xadimlərimiz var ki, bu cür qeyri-qanuni fəaliyyət göstərməyə çalışan şəxslərin əməlləri bəzən onların da fəaliyyətinə kölgə salır. Bu səbəbdən rəsmi din xadimlərimiz də qeyri-qanuni fəaliyyət göstərən həmin təyinatı olmayan şəxslərə qarşı mübarizə aparır və aparmalıdır.
Biz dinimizi gözdən salan insanlara qarşı mübarizə aparmalıyıq. Dinimizi kimlərsə gözdən salmaq istəyirsə, onları kənarlaşdırmalıyıq, yüksək səviyyəli, savadlı din xadimlərinin hazırlanmasına və məscidlərdə onların çalışmasına nail olmalıyıq. Məsciddə çalışan din xadimləri İslamla bərabər digər dinlər barədə də məlumatlı olmalıdır, Azərbaycan ədəbiyyatını, tarixini, milli-mənəvi dəyərlərini, o cümlədən dəqiq elmləri, astronomiyanı və digər elmləri gözəl bilməlidirlər. Hər kəs din haqqında fətva verə bilməz və məsciddə xütbə söyləyə bilməz. Bunun üçün o, dini sahədə yetişməlidir. Əgər nadanlar din sahəsində üzə çıxacaqsa, o zaman dini radikal qrupların söylədiklərinə bənzər saxta fikirlər söyləyəcək, saxta hədislər danışacaq, uydurma fikirlər səsləndirəcək, Quran ayələrini özü bildiyi kimi yozmağa çalışacaq və nəticədə yanlış təsəvvür, fikir ortaya çıxacaq. Sağlam cəmiyyətimizin bu cür fikirlərlə zəhərlənməsinə imkan verməməliyik.
- Qəbiristanlıqlarda Quran oxuyan, rəsmi təyinatı olmayan şəxslərə də çox rast gəlinir.
- Əvvəla onu deyim ki, bu gün Azərbaycanda vəfat etmiş insanların cənazə namazları, dəfn mərasimləri rəsmi dini ayinlər çərçivəsində həyata keçirilir. Ona görə də dəfn və yas mərasimini idarə edən, cənazə namazı qıldıran şəxs mütləq rəsmi təyinatı olan din xadimi olmalıdır, hansısa məsciddə çalışan, rəsmi təyinatı olan dini ayinlərin icraçısı, mütəvəlli, imam-naib və ya imam olmalıdır. Hər hansı dini ayini həmin adamlardan başqa şəxs icra edirsə, bu, qanuni baxımdan düzgün deyil.
Əlbəttə, kimsə vəfat etmiş yaxınını öz ailəsi daxilində yad edərkən Qurani-Kərimdən müəyyən ayələri oxuyursa, müəyyən dini söhbətlər edirsə, bu, başqa məsələdir, amma kütləvi şəkildə bu və ya digər tədbirlər idarə olunursa, bu, qanunazidd əməldir.
Qəbiristanlıqlarda dayanan şəxslərə gəlincə, bəli, belə hallara rast gəlinir. Bu adamlar düzgün hərəkət etmirlər. Məzarlıqları ziyarət edən adamın özü Qurani-Kərimdən bir ayə oxusa, bu, daha savab olar. Əgər məzarlığın yaxınlığında məscid varsa, oradan rəsmi təyin olunmuş din xadimi dəvət olunarsa, daha məntiqli olar.
Bildiyiniz kimi, artıq “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” təsdiqlənib. Təsdiq edilən yeni qaydalar neqativ halların qarşısını alacaq. Bələdiyyələrin tərkibində qəbiristanlıqların idarə edilməsi ilə bağlı xüsusi qurum yaradılacaq.
- Mübariz müəllim, bu gün din sahəsində olan problemlərdən biri də dini nikah məsələsidir. Bəzi hallarda hətta nikah yaşı çatmamış şəxslərin kəbini kəsilir.
- Nikah bağlanmasının qanuni qaydaları, yaş həddi və s. var. Nikaha girmək üçün bunlara əməl etmək lazımdır. Bəzən görürsən ki, qanunla müəyyən edilmiş yaş həddinə çatmayan qızlarımız üçün ailələr rəsmi təyinatı olmayan şəxslərin yanına gedirlər və guya onlar kəbin kəsirlər. Bu, qeyri-qanuni olmaqla yanaşı, dini baxımdan da doğru deyil. Həmin şəxsin bu cür xeyir-dua verəcək səlahiyyəti varmı?
Dini kəbin insanların adət-ənənəsinə daxil olub və bunu da heç kim qadağan etmir. Vətəndaş öz seçimi, istəyi əsasında rəsmi nikahdan sonra məscidə, yaxud tanıdığı nüfuzlu din xadiminin yanına gedərək orada da öz kəbinini kəsdirə bilər. Bununla bağlı heç bir qadağa yoxdur. Qafqaz Müsəlmanları İdarəsinin ciddi tapşırığı var: dini kəbin yalnız və yalnız rəsmi nikah Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatına alındıqdan sonra mümkündür. İstənilən din xadimi bu cür müraciət olduqda əvvəlcə rəsmi nikah sənədini tələb etməlidir və yalnız bundan sonra dini nikah prosesini icra edə bilər. Rəsmi nikah sənədi olmadan kəbin kəsilməsi cinayətdir. Çox təəssüf ki, bunu edənlərin mütləq əksəriyyəti qanunsuz fəaliyyət göstərən insanlardır.
Vətəndaş müraciət etdiyi din xadimindən rəsmi dini fəaliyyət göstərmək səlahiyyətinin olub-olmadığını soruşmalıdır. Bu gün rəsmi fəaliyyət göstərən din xadimlərində Qafqaz Müsəlmanları İdarəsinin vəsiqəsi var. Vətəndaşlarımız kimin yanına getdiklərini bilməlidir. Dini nikah vətəndaşın öz istəyidir. Getməyənləri də, gedənləri də kimsə qınamamalıdır. Getməyənlər hesab edir ki, bu, lazım deyil, gedənlər isə hesab edir ki, dinimizdən gələn ənənədir və bunu etsəm, daha yaxşı olar. Bir sözlə, bu, vətəndaşın şəxsi seçimidir.
- Mübariz müəllim, bizə vaxt ayırdığınıza görə Sizə təşəkkürümüzü bildiririk.
- Mən də təşəkkür edirəm. Fürsətdən istifadə edərək oxucularınızı, eləcə də bütün Azərbaycan xalqını qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm. Hər birinizə cansağlığı və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.