...

“Holokost və Xocalı - müasirlərin gözü ilə” mövzusunda "dəyirmi masa" keçirilib (FOTO)

Siyasət Materials 24 Yanvar 2019 13:45 (UTC +04:00)
“Holokost və Xocalı - müasirlərin gözü ilə” mövzusunda "dəyirmi masa" keçirilib
“Holokost və Xocalı - müasirlərin gözü ilə” mövzusunda "dəyirmi masa" keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Azərbaycan dağ yəhudiləri və Avropa yəhudi dini icmalarının, Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin dəstəyi və təşkilatçılığı ilə “Holokost və Xocalı - müasirlərin gözü ilə” mövzusunda "dəyirmi masa" keçirilib.

Trend-in məlumatına görə, əvvəlcə Holokost və Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov bildirib ki, Xocalı və Holokost soyqırımları zaman etibarı ilə bir-birindən fərqli vaxtlarda törədilsə də, mahiyyətcə oxşar faciələrdir. BMT Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul olunmuş qətnaməyə əsasən hər il yanvarın 27-si Holokost qurbanlarının Beynəlxalq Anım Günü kimi qeyd edilir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı sakinləri eyni vəhşiliklərə məruz qalıblar. Bu faciə nəticəsində 613 nəfər həlak olub, 8 ailə məhv edilib, 275 nəfər əsir düşüb,150 nəfər haqqında isə heç bir məlumat yoxdur.

Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin aparıcı məsləhətçisi Anar Əlizadə tədbirdə məruzə ilə çıxış edərək bildirib ki, tarixən milli-etnik zəmində düşmənçilik, etnik təmizləmə və soyqırımı siyasətinin qurbanı olmuş Azərbaycan xalqı yəhudi xalqını yaxşı başa düşür, onun üzləşdiyi tarixi fəlakəti öz üzərində hiss edir.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev deyib ki, yəhudi və Azərbaycan xalqlarını böyük faciələr və qəhrəmanlıqlar birləşdirir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib ki, etnik qrupun, xalqın bu cür hadisə ilə üzləşməsini istəmiriksə, Xocalı soyqırımının səbəbkarları cəzalandırılmalıdır.

Tədbirdə çıxış edən deputatlar Hikmət Babaoğlu, Elman Nəsirov, Elman Məmmədov, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayev, Avropa Yəhudiləri Dini İcmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, Xocalı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Anar Əliyev, əsirlikdə olmuş Xocalı sakini Dürdanə Ağayeva, Xocalı sakini Murad Məhərrəmov çıxış edərək Avropanın bəzi ölkələrində hələ də antisemitizm meyillərinin qaldığını bildirərək, həmin ölkələrdə Holokost söhbətini açmağın belə qadağan olunduğunu deyiblər. Bu gün multikulturalizm siyasətinin Azərbaycanda aparıcı xətt olması və burada digər etnik qruplar kimi yəhudilərin də sərbəst, mehribanlıq şəraitində yaşaması digər ölkələrə örnək kimi göstərilib.

Çıxış edənlər Azərbaycanda Holokost faciəsinin anılmasının ənənə halını almasını təqdirəlayiq hal, bunun ölkəmizdəki multikultural və tolerant əhvalın göstəricisi kimi dəyərləndiriblər. Yəhudi xalqının başına gətirilən dəhşətli faciəyə ölkəmizdə həssaslıqla yanaşıldığı, hər il Holokost qurbanlarının xatirəsinin anıldığı vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti