...

Rusiya Azərbaycanın faydalı əlaqələrə malik olduğu əsas tərəfdaş ölkələrdəndir - Sevinc Fətəliyeva

Siyasət Materials 9 Oktyabr 2019 09:17 (UTC +04:00)
Son illər müstəqil Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır.
Rusiya Azərbaycanın faydalı əlaqələrə malik olduğu əsas tərəfdaş ölkələrdəndir - Sevinc Fətəliyeva

Bakı. İlhamə İsabalayeva - Trend:

Son illər müstəqil Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır. Ölkəmizin qarşılıqlı faydalı əlaqələrə malik olduğu tərəfdaş ölkələrdən biri də Rusiya Federasiyasıdır. Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır və hər iki ölkənin milli maraqlarına cavab verir.

Trend-in məlumatına görə, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, mütəmadi olaraq baş tutan qarşılıqlı səfərlər və görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir: "Xüsusilə də, dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna önəm kəsb edir. Prezidentlərin qarşılıqlı səfərləri ənənə halını alıb. Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Soçi şəhərində səfərdə olub. Soçidə Prezident İlham Əliyev ilə Prezident Vladimir Putin arasında keçirilmiş görüşdə iki ölkə arasında əməkdaşlıq və münasibətlərin inkişafı diqqət mərkəzində olub. Kifayət qədər məhsuldar keçən səfər çərçivəsində dövlət başçımız “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında iştirak edib, iclasın iştirakçıları ilə qeyri-formal görüşə qatılıb. Prezident İlham Əliyev Soçi şəhərinə səfəri zamanı “Valday” Beynəlxalq Diskussiya Klubunun iclası ərəfəsində, həmçinin, Rusiyanın “Rossiya” və “Birinci” televiziya kanallarına müsahibə verib. Azərbaycan Prezidentinin “Valday” Beynəlxalq Diskussiya Klubunun növbəti tədbirinə dəvət almasını dövlətimizin başçısının beynəlxalq səviyyədə yüksək nüfuz qazanması, eyni zamanda, iki qonşu dövlət - Azərbaycanla Rusiya arasında münasibətlərin yüksək dinamika ilə inkişaf etməsinin təsdiqi kimi dəyərləndirilməlidir”.

Milət vəkili əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə təşkil olunan “Valday” Beynəlxalq Diskussiya Klubunda çıxışı olduqca yüksək maraq və diqqətlə qarşılanıb, öz növbəsində bir sıra mühüm ismarıclarla yadda qalıb:

“Valday Beynəlxalq Diskussiya Klubunun növbəti tədbirinə dəvətə görə Rusiya Prezidentinə minnətdarlığını bildirən dövlətimizin başçısı Rusiya-Azərbaycan münasibətlərinin inkişafına nəzər salıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətinin nəticələrinə diqqət yetirib, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur, yerinə yetirilmədiyini vurğulayıb. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq deyib: “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. Məlumdur ki, Azərbaycanın xarici siyasət kursunun ən mühüm strateji prioriteti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllidir. Ölkəmiz bu istiqamətdə qətiyyətli mövqe nümayiş etdirir, prinsipial siyasətini davam etdirir. Bu mövqe ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır. Dövlətimizin başçısının mövqeyi bir daha təsdiqləyir ki, Azərbaycan prinsipial siyasətini davam etdirir, ölkəmizin mövqeyi qəti və birmənalıdır. Bu gün Ermənistan da yaxşı bilir ki, Azərbaycan işğalçı ölkənin status-kvonu legitimləşdirmək cəhdlərinə heç vaxt imkan verməyəcək. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək qüdrətindədir. Ermənistanın isə yeganə çıxış yolu işğalçı siyasətdən əl çəkməkdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti