Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Azərbaycan Respublikası Prokurorluğu cinayətkarlıqla mübarizə sahəsində bir sıra beynəlxalq və regional təşkilatlarla, o cümlədən xarici ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları ilə işgüzar əlaqələr və dostluq münasibətlərinin qurulması zəminində səmərəli fəaliyyətini davam etdirir.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, belə əməkdaşlıq əlaqələrinin davamı olaraq, noyabrın 4-də Qırğızıstan Respublikasının Baş prokurorunun müavini Cəmilə Camanbayevanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlmişdir.
Tədbirin ilk günündə nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoymuş, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etmişdir.
Həmçinin qonaqlar Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.
Daha sonra Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malik ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyi xüsusilə qeyd olunmuş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəvəti ilə Qırğızıstan dövlət başçısı cənab Sooronbay Şaripoviç Jeenbekovun da yaxından iştirak etdiyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 15 oktyabrda Bakıda keçirilmiş VII Zirvə Görüşünün nəticələrinin ölkələrimiz arasındakı həmrəyliyin növbəti əyanə göstəricisi olduğu bildirilmişdir.
Görüş əsnasında etibarlı tərəfdaşlığa və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan Azərbaycan - Qırğızıstan əlaqələrindən danışan Baş prokuror Zakir Qaralov dövlət başçısı cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi ilə reallaşdırılan kompleks və ardıcıl islahatlar nəticəsində cəmiyyət həyatının bütün sahələrində, o cümlədən sosial-iqtisadi sferada, korrupsiyaya qarşı mübarizə istiqamətində və məhkəmə-hüquq sistemində əldə edilən son nailiyyətlərə mütənasib olaraq ölkəmizin mötəbər beynəlxalq reytinqlərdəki mövqelərinin ildən ilə daha da yaxşılaşdığını bildirmişdir.
Həmçinin, Azərbaycan və Qırğızıstan prokurorluqları arasında münasibətlərin müsbət dinamikasını vurğulayan Baş prokuror bu əlaqələrin gələcəkdə də inkişaf etidirilməsinin zəruriliyindən və perspektivlərindən danışmışdır. Habelə qonaqlara Azərbaycan Prokurorluğunun fəaliyyət istiqamətləri, strukturu və kadr potensialının təkmilləşdirilməsi sahəsində əldə etdiyi müsbət təcrübələr barədə ətraflı məlumat verilmiş, digər hüquq mühafizə orqanları ilə birgə qarşılıqlı fəaliyyət nəticəsində ölkəmizin MDB məkanında cinayətlərin sayına görə ən müsbət göstəricilərə sahib olduğu diqqətə çatdırılmışdır.
Azərbaycan Respublikası Prokurorluğu orqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Qırğızıstan Respublikasının Baş prokurorunun müavini Cəmilə Camanbayeva göstərilən yüksək qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirmişdir. İki qardaş türk dövlətinin prokurorluq orqanları arasında uzunmüddətli sıx əlaqələrin olduğunu bildirən qonaq respublikamızın qısa zamanda bir çox sahələrdə mühüm uğurlar əldə etməsinin canlı şahidi olduğunu qeyd edərək, xüsusilə məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri təqdirəlayiq islahat nümunəsi kimi dəyərləndirmişdir.
Xanım C.Camanbayevə səfərinin əsas məqsədinin ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi nəaliyyətləri, Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq və regional qurumlarla əməkdaşlığını, xüsusilə Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (OECD) kimi təşkilatlarla iş təcrübəsini öyrənmək, o cümlədən ASAN xidmət və DOST mərkəzlərinin fəaliyyəti ilə yaxından tanış olmaq olduğunu bildirmişdir.
Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılmış, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin müvafiq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilmişdir. Qonaqlar daha sonra Azərbaycan Respublikası Prokurorluğunun Tarix muzeyi ilə tanış olmuşlar.
Bundan sonra qonaqlar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində olmuşlar.
Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qonaqlara ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Azərbaycan Resublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktları, prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması və aparılan əsaslı islahatlar, eləcə də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, o cümlədən Baş İdarədə fəaliyyət göstərən əməliyyat axtarış qurumları və “161-Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat vermişdir. K.Əliyev Azərbaycanın Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) ilə 2004-cü ildən davam edən uğurlu əməkdaşlığını xüsusi qeyd edərək gələcəkdə də beynəlxalq qurumlarla əməkdaşlığın daha da dərinləşəcəyini diqqətə çatdırmışdır.
Çıxışında 2011-ci ildə Baş İdarəyə korrupsiyaya qarşı mübarizə sahəsində istintaq və təhqiqat funksiyası ilə yanaşı, Müstəqil Dövlətlər Birliyi məkanında, habelə Azərbaycan prokurorluğunun tarixində ilk dəfə olaraq əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinin verildiyini də bildirən Kamran Əliyev bu təcrübənin Baş İdarənin fəaliyyətində səmərəliliyi əhəmiyyətli dərəcədə artırdığını, eləcə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Anti-Korrupsiya Şəbəkəsi tərəfindən bu qurumun beynəlxalq aləmdə səmərəli anti-korrupsiya fəaliyyətinin nümunəvi modeli kimi tövsiyə edildiyini vurğulamışdır.
Nümayəndə heyəti milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmiş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında normativ-hüquqi aktlarla zəngin və digər dövlət qurumlarının elektron kitabxanalarına çıxışla təmin edilmiş kitabxana, müasir proqram təminatı ilə təchiz edilmiş “161-Qaynar xətt” əlaqə mərkəzi, dövlət orqanlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi ilə yaxından tanış olmuşlar.
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin deputatları ilə görüşlər keçirmiş, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasını və korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin səmərəli nümunəsini təşkil edən ASAN Xidmət modeli ilə tanış olmaq məqsədilə 5 saylı ASAN Xidmət mərkəzini ziyarət edərək onların fəaliyyəti ilə yaxından tanış olmuşdur.
Nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.