...

Azərbaycan Prezidenti: Cənub Qaz Dəhlizinin tam istismara verilməsi bizim növbəti böyük tarixi qələbəmiz olacaqdır

Siyasət Materials 3 Fevral 2020 23:26 (UTC +04:00)
İnfrastruktur layihələrinin icrası ilə ciddi məşğul olmuşuq, xüsusilə elektrik enerjisi sahəsində
Azərbaycan Prezidenti: Cənub Qaz Dəhlizinin tam istismara verilməsi bizim növbəti böyük tarixi qələbəmiz olacaqdır

Bakı. Trend:

Cənub Qaz Dəhlizinin tam istismara verilməsi bizim növbəti böyük tarixi qələbəmiz olacaqdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda giriş nitqində deyib.

Dövlət başçısı bildirib:

"İnfrastruktur layihələrinin icrası ilə ciddi məşğul olmuşuq, xüsusilə elektrik enerjisi sahəsində. Bu sahədə də ciddi irəliləyiş olubdur. Deyə bilərəm ki, keçən il biz əlavə 800 meqavat elektrik enerjisi ala bilmişik. Bunun 400 meqavatı yeni tikilmiş “Şimal 2” stansiyasının hesabına, 400 meqavatı isə itirilmiş güclərin bərpası nəticəsində əldə olunub. Çünki vaxtilə stansiyaların düzgün istismar olunmaması səbəbindən bu güclər itirilmişdi. Ancaq hazırda bu işlər aparılır və 400 meqavat gücün daha çox hissəsi Mingəçevir İstilik-Elektrik Stansiyasında aparılan təmir-bərpa işlərinin hesabına əldə edilmişdir. Əlbəttə, digər stansiyaların da itirilmiş gücləri bərpa edilib və biz 400 meqavatı məhz buradan əldə etdik. Bu proses davam edir. Bu il də təqribən həmin rəqəm səviyyəsində generasiya gücü bərpa olunacaq. Biz indi elektrik enerjisini ixrac edən ölkəyə çevrilmişik.

Qazlaşdırma prosesi də davam etdirilib. Bu gün ölkəmizin demək olar ki, bütün yerlərində qazlaşdırma təmin edilibdir. Qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. Bu da dünya miqyasında ən yüksək göstəricilərdən biridir. 1300 kilometr avtomobil yolu salınıb. Min kilometr nəzərdə tutulmuşdu. Ancaq il ərzində rayonlara səfərlərim zamanı mənə edilən müraciətlər, sonra vətəndaşlar tərəfindən ünvanlanan məktublar əsasında biz əlavə 300 kilometr yolun çəkilişinə nail olduq. Avtomobil yollarının keyfiyyətinə görə bu gün Azərbaycan dünyada 27-ci yerdədir, bir çox inkişaf etmiş ölkələri qabaqlayır. Əminəm ki, görüləcək işlər nəticəsində daha da irəli gedəcəyik.

O cümlədən meliorativ tədbirlər infrastruktur layihələri arasında önəmli yer tutur. Təqribən 80 min hektar torpağa suyun verilməsi təmin edilmişdir, 300-dən çox subartezian quyusu qazılmışdır. Bu proses bu il də davam etdiriləcək.

Bu infrastruktur layihələri dövlət investisiya proqramı hesabına icra edilmişdir. Bu, bir daha onu göstərir ki, ölkəmizin dayanıqlı inkişafı üçün gözəl zəmin yaradılır. Təbii ki, bütün bu işlər və eyni zamanda, aparılan islahatlar kənd təsərrüfatının inkişafına da güclü təkan verdi. Kənd təsərrüfatı istehsalı son illərlə müqayisədə rekord həddə çatdı. Yəni, artım tempi 7 faizdən çox olmuşdur, xüsusilə bitkiçilikdə artım 10 faizdən çoxdur. Bizim kənd təsərrüfatı məhsullarının ixracı artır. Daxili tələbat yerli məhsullar hesabına təmin edilir. Çünki bütün bu işlər bir-biri ilə sıx bağlı olan məsələlərdir.

Keçən il, eyni zamanda, nəqliyyat sahəsində bizim böyük layihələrimiz icra edilibdir. Onların arasında Bakıətrafı dəmir yolu xəttinin çəkilişini xüsusilə qeyd etmək istərdim. Biz vaxtilə “elektriçka” adlandırılan dəmir yolu nəqliyyatını ən müasir səviyyədə bərpa etmişik, ən aparıcı şirkətin istehsal etdiyi qatarları gətizdirmişik. Qəsəbələrdə dəmir yolu stansiyaları tikilibdir və bu proses davam etdiriləcək. Bu il artıq Bakıətrafı dəmir yolunun çəkilişinin əsas mərhələsi başa çatacaq, yəni, dairə birləşəcəkdir. Ondan sonra hələ ki, dəmir yolu olmayan qəsəbələrə dəmir yolunun çəkilişi nəzərdə tutulur. Eyni zamanda, qonşularla bizi birləşdirən dəmir yollarında bərpa işləri aparılır ki, sürət daha da artsın. Buna böyük dərəcədə nail olmuşuq, xüsusilə qərb istiqamətində. Şimal və cənub istiqamətində görüləcək işlər üçün hazırlıq aparılır və bu il bu proses daha sürətlə gedəcəkdir.

Əlbəttə ki, biz keçən ilin uğurlarını qeyd edərkən TANAP layihəsinin Avropa sərhədinə çatdırılmasını mütləq qeyd etməliyik. Bu, tarixi hadisədir, bu, tarixi layihədir. Cənub Qaz Dəhlizinin əsas hissəsi olan TANAP demək olar ki, tam istifadəyə verilmişdir. Keçən ilin noyabr ayında biz Türkiyə-Yunanıstan sərhədindəki mərasimdə bu layihənin tam istismara verilməsini qeyd etmişdik. Ondan əvvəl TANAP-ın Türkiyəyə çatdırılmasını qeyd etmişik. Bu, doğrudan da tarixi layihədir. Bu layihə artıq Cənub Qaz Dəhlizinin dördüncü seqmenti olan TAP layihəsinin uğurlu inkişafını və başa çatmasını şərtləndirir. Əminəm ki, bu il bu nəhəng infrastruktur layihəsi - uzunluğu 3500 kilometr olan, bir neçə ölkəni birləşdirən Cənub Qaz Dəhlizi tam istismara veriləcəkdir. Bu, bizim növbəti böyük tarixi qələbəmiz olacaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti