...

Politoloq: Beynəlxalq Seçki Müşahidə Missiyasının rəyi sapı özümüzdən olan "baltalar"ı məyus etdi

Siyasət Materials 11 Fevral 2020 13:15 (UTC +04:00)
Hər bir namizədə təbliğat müddətində eyni imkanlar yaradılmışdı
Politoloq: Beynəlxalq Seçki Müşahidə Missiyasının rəyi sapı özümüzdən olan "baltalar"ı məyus etdi

Bakı. İlhamə İsabalayeva – Trend:

Sapı özümüzdən olan baltalar ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndələrindən ibarət Beynəlxalq Seçki Müşahidə Missiyasından (BSMM) Milli Məclisə seçkilərin nəticələrini şübhə altına salacaq bəyanat gözləyirdilər. Bu baş vermədiyi üçün onlar tamamən məyus oldular.

Bunu Trend-ə Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədr müavini, siyasi elmlər doktoru, politoloq Elşad Mirbəşir oğlu deyib.

Onun sözlərinə görə, müşahidə missiyasının bu dəfəki dəyərləndirməsində seçkinin nəticələrinə təsir edə bilməyəcək səviyyədə təşkilati nöqteyi-nəzərdən çatışmazlıqların olduğu qeyd olunur.

Belə problemlərin Qərbi Avropa ölkələrində bəzən daha kəskin formada özünü göstərdiyini deyən E. Mirbəşir oğlu əlavə edib ki, ölkəmizdə seçkilər tam demokratik və şəffaf şəraitdə baş tutdu: “Bu xoş mənzərə seçki prosesinin bütün mərhələlərində nəzərə çarpırdı. Hər bir namizədə təbliğat müddətində eyni imkanlar yaradılmışdı. Hamı bərabər şəkildə öz seçki təbliğatını apardı”.

Politoloq hesab edir ki, kampaniya müddətində Yeni Azərbaycan Partiyasının namizədləri daha səmərəli fəaliyyəti ilə yadda qaldılar. Həm sosial mediada, həm də seçicilərlə real təmaslarda YAP namizədlərinin ciddi üstünlüyü müşahidə olunurdu. Kampaniya müddətində mövcud olan bu real mənzərə seçkinin nəticələrində də öz əksini tapdı.

E.Mirbəşir oğlu bildirib ki, ölkəmizdəki seçkiləri izləmək üçün xarici ölkələrdən onlarla müşahidə missiyaları gəlmişdi. Bunların arasında ABŞ, Fransa, Böyük Britaniya, Almaniya kimi ölkələri təmsil edən rəsmilər və ictimaiyyət nümayəndələri, o cümlədən MDB, GUAM, İƏT, Türk Şurası və s. kimi təşkilatların nümayəndələri var idi: “Adını çəkdiyim ölkə və təşkilatların seçkinin nəticələri ilə bağlı rəylərinə nəzər salsaq, görərik ki, ancaq müsbət məqamlar əks olunub. Azərbaycanda seçkilərin Avropa standartlarına tam cavab verdiyi onlar tərəfindən birmənalı şəkildə vurğulanıb. Lakin seçki prosesi ilə bağlı reallığa söykənməyən subyektiv mülahizələr də var. Həmin rəylərin verilməsində Azərbaycana təsir etməyə çalışan bəzi xarici dairələrin də rolunun olduğunu istisna etmirəm”.

E.Mirbəşir oğlu deyib ki, Azərbaycan hökumətinin beynəlxalq ictimaiyyətdən gizlədəcəyi, çəkinəcəyi bir problemi yoxdur və istənilən beynəlxalq təşkilatla konstruktiv əsasda əməkdaşlığa hazırdır: “Azərbaycan bir qrup radikal şəxsin subyektiv mülahizələrinə görə Avropa ilə əməkdaşlığını pozmaq niyyətində deyil. Hər şeydən əvvəl onu nəzərdə saxlamaq lazımdır ki, ölkəmiz hazırda Avropa geosiyasətində önəmli aktorlardan birinə çevrilib. Azərbaycanın Avropa üçün əhəmiyyəti hər keçən gün daha da artır. Azərbaycan regionda təhlükəsizlik və inkişaf qarantıdır. Bu baxımdan, hesab edirəm ki, seçki prosesi ilə bağlı radikal qüvvələr tərəfindən iddia edilən mənfi hallar Avropa ilə münasibətlərimizin xarakterinə heç bir təsir etməyəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti