...

Litvada Xocalı qurbanları anılıb və “Sonsuz dəhliz” filminin təqdimatı olub (FOTO)

Siyasət Materials 26 Fevral 2020 10:39 (UTC +04:00)
Litvada Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilir
Litvada Xocalı qurbanları anılıb və “Sonsuz dəhliz” filminin təqdimatı olub (FOTO)

Bakı. Trend:

Litvanın müxtəlif bölgələrində keçirilən Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər çərçivəsində Klaypeda şəhərindəki İ. Şimonaitytes adına dövlət kitabxanasında litvalı kinematoqrafçılar yərəfindən lentə alınmış “Sonsuz dəhliz” filminin təqdimatı və Xocalı qurbanlarının xatirəsinin anma mərasimi təşkil olunub.

Trend-in məlumatına görə, “Azeris” Klaypeda azərbaycanlıları cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə soydaşlarımızla yanaşı, buradakı yerli ictimai-siyasi təşkilatların nümayəndələri, yəhudi, alman, belarus, tatar və ukrayna icmalarının rəhbərləri, Vilnüs və Şiaulyaydan gələn qonaqlar iştirak ediblər.

Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbirin aparıcısı Litva milli azlıqlar şurasında Klaypeda azərbaycanlılarının nümayəndəsi Rəna Məmmədova çıxış edərək Xocalı qətliamı barədə tədbir iştirakçılarına məlumat verib, əvvəl-axır bu soyqırımı təşkil edənlərin bəşəriyyət qarşısında cavab verməli olduqlarını qeyd edib. O, “Sonsuz dəhliz” filminin ilk dəfə olaraq Klaypeda şəhərində nümayiş etdirilməsi barədə danışıb.

Sonra filmin əsas qəhrəmanlarından olan litvalı jurnalist Riçardas Lapaitis çıxış edərək azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən vəhşilikləri Xatın, Serebrennitsa qətliamları ilə eyniləşdirib, Xocalı soyqırımını törədənlərin hələ də cəzalandırılmadığını, lakin yaxın zamanda tarix qarşısında cavab verəcəklərinə ümid etdiyini bildirib. Erməni vəhşiliklərini öz gözləri ilə görən R.Lapaitis bir daha belə qətliamların təkrar olunmaması üçün dünya ictimaiyyətini səssiz və biganə qalmamağa çağırıb.

Bundan sonra “Sonsuz dəhliz” filminin təqdimatı olub. Filmin nümayişindən sonra “Azeris” cəmiyyətinin sədri Əliağa Məmmədov çıxış edərək, “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyanın bir çox yerlərində Xocalı qurbanlarının yad edildiyini, ermənilər törətdikləri qırğınlara dünya ictimaiyyəti tərəfindən lazımi qiymət verilmədiyini bildirib. O, tədbir iştirakçılarını Azərbaycan adət-ənənələrinə uyğun olaraq Xocalı şəhidləri üçün təşkil olunmuş ehsan süfrəsinə dəvət edib.

Eyni zamanda, Litvanın Kaunas və Şiaulyay şəhərlərində də Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçirilib, Vilnüs və Kaunas şəhərlərindki məscidlərdə Xocalı şəhidlərinin ruhuna dualar oxunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti