...

Azərbaycanın Bolqarıstandakı Səfirliyi “Bir günlük Səfir” adlı beynəlxalq təşəbbüsə qoşulub (FOTO)

Siyasət Materials 4 Mart 2020 14:01 (UTC +04:00)
Azərbaycanın Bolqarıstandakı Səfirliyi Böyük Britaniyanın bu ölkədəki Səfirliyinin təşkilatçılığı və Bolqarıstan Respublikasının Vitse-prezidenti İliana Yotovanın himayədarlığı ilə keçirilən “Bir günlük Səfir” adlı təşəbbüsdə iştirak edib.
Azərbaycanın Bolqarıstandakı Səfirliyi “Bir günlük Səfir” adlı 
beynəlxalq təşəbbüsə qoşulub (FOTO)

Bakı. Trend:

Azərbaycanın Bolqarıstandakı Səfirliyi Böyük Britaniyanın bu ölkədəki Səfirliyinin təşkilatçılığı və Bolqarıstan Respublikasının Vitse-prezidenti İliana Yotovanın himayədarlığı ilə keçirilən “Bir günlük Səfir” adlı təşəbbüsdə iştirak edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, 2018-ci ildən irəli sürülən təşəbbüs Bolqarıstanda 14-18 yaşarası gənc qızların bir günlük səfir olmalarına şərait yaratmaqla diplomatiyaya olan maraqlarını artırmağa və onların səslərinin duyulmasına yönəlib. Layihə çərçivəsində Bolqarıstanın əsasən türklər məskunlaşan Kırcalı şəhərindən “Paisiy Ata” orta təhsil məktəbinin 17 yaşlı şagirdi Hacer Şevket Azərbaycanın “gənc səfiri” seçilib.

Artıq üçüncü ildir ki, layihədə iştirak edən Səfirlik bu təşəbbüs çərçivəsində bir sıra tədbirlər həyata keçirib. Belə ki, Səfirliyin təşəbbüsü ilə Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində Azərbaycan dili tədris olunan tələbələrin iştirakı ilə Azərbaycanda və Bolqarıstanda könüllülük siyasəti mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şiqayeva-Mitreska və Azərbaycanın “gənc səfiri” H.Şevket çıxış edib və tələbələrin suallarını cavablandırıb.

S.Şiqayeva-Mitreska Azərbaycan Respublikası (AR) Prezidentinin müvafiq sərəncamı ilə 2019-cu ilin “Könüllülük ili” elan olunması, sözügedən sərəncamın gənclərin fərdi inkişafının təşviq edilməsi, onlar arasında sosial məsuliyyətin artırılması, ölkənin davamlı inkişafı və əhalinin sosial rifahı naminə gənclərin potensialının düzgün istifadə edilməsinə yönəlməsi barədə məlumat verib. S.Şiqayeva-Mitreska əlavə edib ki, könüllülük ümumi məqsədlər uğrunda insanları bir araya gətirərək dövlət, cəmiyyət və vətəndaşların birgə fəaliyyəti üçün ən uğurlu formatlardan biri olub həm də vətənpərvərlik məktəbidir, insanlara xidmət və birlik nümunəsidir.

Azərbaycanda könüllülük fəaliyyətinin təşviqi məqsədilə dövlət tərəfindən zəruri addımların atıldığını vurğulayan direktor bu sahədə normativ-hüquqi bazanın yaradılması, eləcə də 2009-cu ildə Könüllülük Fəaliyyəti haqqında qanunun qəbul edilməsi, dövlət dəstəyi mexanizminin formalaşdırılması barədə danışıb, ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə Könüllüləri və digər könüllülük hərəkatlarının yaradılmasını, bu hərəkatların minlərlə gənci birləşdirməsini qeyd edib.

O, könüllülərin ölkəmizdə təşkil olunmuş beynəlxalq tədbirlərin, o cümlədən Avroviziya Mahnı Müsabiqəsi, Birinci Avropa Oyunları, Formula I, 4-cü İslam Həmrəyliyi Oyunları, Formula I Qrand Pri və s. həyata keçirilməsində müstəsna rolundan bəhs edib. S.Şiqayeva-Mitreska 5 dekabr 2019-cu il tarixində Beynəlxalq Könüllülük Həftəsi ərəfəsində təşkil olunmuş Könüllülük Həftəsinin Azərbaycanda könüllülüyün yeni mərhələyə daxil olduğu və böyük potensiala malik olduğunu nümayiş etdirdiyini vurğulayıb.

Direktor, həmçinin ötən il AR Xarici İşlər Nazirliyi (XİN) nəzdində “Diplomatiya Könüllüləri” İctimai Birliyinin yaradılması, yeni təsis edilən bu platformanın XİN-in gələcək kadr bazasının formalaşmasında rol oynayacağından, bu könüllülərin istər ölkə daxilində, istərsə də xarici ölkələrdə baş tutacaq konfranslarda iştirak edərək öz töhfələrini vermələrindən söz açıb.

Daha sonra S.Şiqayeva-Mitreska 2015-ci ildə AR Təhsil Nazirliyi tərəfindən irəli sürülən “Bir” Tələbə-Könüllü Proqramı barədə məlumat verərək Proqramın könüllük fəaliyyətini sistemləşdirməyə, tələbə-könüllülər üçün vahid məlumat bazasının yaratmağa yönəldiyini söyləyib, hazırda Proqramın 26 universitet və 18 orta məktəbi əhatə edərək 23.000-dən artıq könüllünü bir araya gətirdiyini qeyd edib. O davam edib ki, 2018-ci il dekabr ayında Azərbaycan Könüllülərinin Həmrəylik Festivalı təşkil edilib və həmin Festival çərçivəsində 70 şirkətin iştirak etdiyi məşğulluq yarmarkası gənclərə iş imkanları təklif edib.

Mərkəzin direktoru daha sonra dəyirmi masa iştirakçılarını 2012-ci ildən etibarən ASAN Xidmətin könüllüləri cəld etməsi, 2013-cü ildə “ASAN Könüllüləri” İctimai Birliyinin təsis edilməsi, Birliyin əsas məqsədinin gənc nəslin dəstəklənməsi və özünü inkişaf üçün könüllülərə şərait yaradılması olması, 2016-cı ildə Könüllülər Parlamenti layihəsinin başladılması barədə məlumatlandırıb.

Daha sonra “gənc səfir” H.Şevket könüllülük barədə fikirləri ilə bölüşərək könüllülük fəaliyyətinin gənclərə qazandırdığı təcrübədən, eləcə də bu təcrübənin onların gələcək karyerasına töhfə olacağından söz açıb və həmçinin Bolqarıstanda bu sahədə aparılan fəaliyyət barədə danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti