...

Əli Əsədov: Ölkədə sanitar-epidemioloji vəziyyət nəzarətdədir

Siyasət Materials 9 Aprel 2020 11:45 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Koronavirus pandemiyasının və dünya bazarında neftin qiymətinin aşağı düşməsinin ölkəmizə mənfi təsirlərindən danışmaya bilmərik.

Trend-in məlumatına görə, bunu Baş Nazir Əli Əsədov Milli Məclisdə ötən ilə dair videohesabatda deyib.

Ə.Əsədov bildirib ki, hazırda nəzərdə tutulmuş silsilə tədbirlər həyata keçirilir, ölkədə sanitar-epidemioloji vəziyyət nəzarətdədir:

"Bildiyiniz kimi, koronavirus epidemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi üçün cənab Prezidentin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə Nazirlər Kabineti yanında operativ qərargah yaradılmışdır.

Nazirlər Kabineti “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Tədbirlər Planı təsdiq etmişdir. Hazırda nəzərdə tutulmuş silsilə tədbirlər ardıcıl qaydada həyata keçirilməkdədir.

Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdədir. Epidemiyadan qorunmaq üçün ölkəmizdə kifayət qədər tibbi ləvazimatlar vardır. Eyni zamanda, onların yerli istehsalının təşkili istiqamətində də konkret işlər görülüb.

Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycan Respublikasının “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanununun 25-ci maddəsinə uyğun olaraq 2020-ci il martın 14-dən etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirlərini elan etmişdir. Martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunmuşdur.

Bundan başqa, martın 29-dan xüsusi karantin rejiminin gücləndirilməsi və 2 aprel tarixli Qərara əsasən aprelin 5-dən 20-dək hərəkət məhdudiyyətləri müəyyən olunmuşdur. Bu tədbirlərin tətbiqi qaçılmazdır".

Baş Nazir əlavə edib ki, hökumət dünya iqtisadiyyatında gedən prosesləri gündəlik əsasda izləyir və qabaqlayıcı rejimdə tədbirlər həyata keçirir:

"Koronavirus pandemiyası, aşağı neft qiymətləri və sosial təcriddən irəli gələn aşağı tələbin digər ölkələrdə olduğu kimi milli iqtisadiyyatımız üçün təsirlər yaradacağı istisna edilmir. Lakin, Hökumət ölkə iqtisadiyyatına mənfi təsirlərinin aradan qaldırılması üçün müvafiq təsir alətlərinə malikdir və bu alətlərdən çevik istifadə olunacaqdır.

Cənab Prezidentin 19 mart 2020-ci il tarixli Sərənacamı ilə koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 1 milyard manat ayrılıb, həmçinin İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiə nazirləri və Mərkəzi Bank sədrinin rəhbərliyi ilə dörd işçi qrup yaradılıb və hazırda vahid tədbirlər planı hazırlanıb və təsdiq olunub. Təsdiq olunmuş vahid Tədbirlər Planı Hökumət tərəfindən vaxtında və tam həcmdə icra olunacaqdır.

Azərbaycan dövləti tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Karantin rejiminin tətbiq olunması, məhdudlaşdırıcı tədbirlərin görülməsi – bütün görülən işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür – biz bu ağır sınaqdan az itkilərlə çıxmalıyıq və vətəndaşlarımızı qorumalıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti