...

Afət Həsənova: Prezident İlham Əliyev aztəminatlı ailələrin problemlərinin daha geniş şəkildə həll olunması vəzifəsini qarşıya qoyub

Siyasət Materials 18 Aprel 2020 10:40 (UTC +04:00)
Afət Həsənova: Prezident İlham Əliyev aztəminatlı ailələrin problemlərinin daha geniş şəkildə həll olunması vəzifəsini qarşıya qoyub

Bakı. Elçin Mehdiyev – Trend:

Prezident İlham Əliyev aztəminatlı ailələrin problemlərinin daha geniş şəkildə həll olunması vəzifəsini qarşıya qoyub.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, Prezident İlham Əliyev aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirilən iclasda yeni sosial paketin həyata keçiriləcəyini bəyan etdi:

“İlkin mərhələdə 200 min insanın dövlətdən 190 manat yardım alacağı nəzərdə tutulurdusa, indi bu rəqəm 600 minə çatdırılacaq. Eyni zamanda əvvəl 50 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulurdusa, cənab Prezident bu rəqəmin 90 minə çatdırılması ilə bağlı tapşırıq verdi”.

A.Həsənova vurğulayıb ki, eyni zamanda dövlət və qeyri-dövlət sektorunda iş yerlərinin qorunması istiqamətində kifayət qədər genişmiqyaslı tədbirlər həyata keçirilir:

“Cənab Prezidentin də qeyd etdiyi kimi, 1 milyon 629 min işçinin, o cümlədən dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib. Əlbəttə, bunlar kifayət qədər böyük rəqəmlərdir və pandemiya dövründə məşğulluğun qorunması və insanların sosial rifahının təmin edilməsi istiqamətində atılan çox mühüm addımlardır. Nəzərə almaq lazımdır ki, bu gün bütün dünyada böhran vəziyyəti yaşanır, dünya iqtisadiyyatı İkinci Dünya Müharibəsindən indiyə qədər ən ağır dövrünü yaşayır. İqtisadi fəallıq kifayət qədər aşağı düşüb, eyni zamanda pandemiya nəticəsində dünya bazarında neftə tələbat kəskin şəkildə azaldığı üçün qara qızılın da qiyməti xeyli azalıb, xarici ticarət əlaqələri nəzərəçarpacaq dərəcədə zəifləyib. Əlbəttə, belə bir dövrdə Azərbaycan iqtisadiyyatını qorumaq, məşğulluğu və iş yerlərini saxlamaq heç də asan məsələ deyil".

Deputat vurğulayıb ki, adətən dünyada böhran dövründə çoxlu sayda iş yerləri ixtisara salınır, sosial layihələrin icrası dayandırılır:

"Biz indiyə qədər bunun kifayət qədər nümunələrini görmüşük, işçilərin geniş miqyaslı tətillər keçirdiyinin şahidi olmuşuq. Lakin bu gün biz Azərbaycanda bunun tam əksini görürük. Bu günə qədər cənab Prezidentin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizin iqtisadi inkişafı və geniş imkanlara malik olması pandemiyaya qarşı ciddi mübarizə aparmağa imkan verir. Ölkəmizdə bu istiqamətdə görülən işlərin miqyası olduqca geniş və əhatəlidir. Bütün imkanlar insanlarımızın sağlamlığının və rifah halının qorunmasına yönəlib. Ən mühüm məsələlərdən biri isə odur ki, Azərbaycan bütün bu işləri görmək üçün xaricdən hər hansı bir dəstək almır, bütün tədbirlər Azərbaycanın özünün iqtisadi imkanları və valyuta ehtiyatları hesabına həyata keçirilir. Görülən bütün tədbirlər bir daha sübut edir ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində insan amili dayanır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti