...

Bəhruz Quliyev: Pandemiya tam nəzarətə götürülsə də, lazım gəldiyi təqdirdə karantin rejiminin uzadılması da qaçılmazdır

Siyasət Materials 18 Aprel 2020 14:59 (UTC +04:00)
Bəhruz Quliyev: Pandemiya tam nəzarətə götürülsə də, lazım gəldiyi təqdirdə karantin rejiminin uzadılması da qaçılmazdır

Bakı. Samir Əli - Trend:

Prezident İlham Əliyev keçirdiyi son müşavirələrdə bir daha qeyd etdi ki, Azərbaycan hökuməti üçün vətəndaşların sağlamlığı bütün məsələlərdən üstündür. Baxmayaraq ki, müxtəlif tədbirlər nəticəsində pandemiya tam nəzarətə götürülüb, amma lazım gəldiyi təqdirdə karantin rejiminin uzadılması da qaçılmazdır.

Bunu Trend-ə açıqlamasında "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus pandemiyasına qarşı görülən genişmiqyaslı tədbirlərin əsas məğzini əhalinin sağlamlığının qayğısına qalmaq, qlobal pandemiyadan az itki ilə çıxmaq təşkil edir. Dövlətimiz vətəndaşların rifah halının yaxşılaşdırılması, eləcə də ölkə iqtisadiyyatının sabitliyini təmin etmək üçün bütün imkanlardan istifadə edir:

"Dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planı əsasında həm sahibkarlara, aztəminatlı ailələrə dəstək, həm də əhalinin məşğulluq imkanlarının artırılması istiqamətində atılan addımlar Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində ölkə vətəndaşının dayandığını bir daha sübut edir. Yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. İş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması, 50 min ödənişli ictimai iş yerinin yaradılması üçün məqsədyönlü işlər aparılıb. Bununla yanaşı, pandemiya dövründə səhiyyə, 65 yaşdan yuxarı olan tənha şəxslərə sosial xidmətlər göstərən işçilərinin əməyinin qiymətləndirilməsi, həssas ailə qrupuna aid olan tələbələrin bir illik təhsil haqqının dövlət tərəfindən ödənilməsi hər bir ölkə vətəndaşının dövlət qayğısı ilə əhatə oldunduğunu göstərir".

Ekspert söyləyib ki, sosial sahə daxil olmaqla, digər sahələrdə aparılan islahatların nəticəsi olaraq Azərbaycan bu gün COVID-19 pandemiyası ilə mübarizədə digər ölkələrə nümunə göstərilir:

"Bildiyiniz kimi, bu xəstəlik sərhəd tanımır və bu günə qədər dünyada 140 mindən çox insan həyatını itirməsi buna əyani sübutdur. Koronavirusun bütün dünyada tüğyan etdiyi, yüz mindən çox insan ölümü, iqtisadi böhran ilə müşahidə olunduğu bir dövrdə Azərbaycan dövlətinin mükəmməl siyasət yürütməklə infeksiyanın geniş yayılmasının qarşısının alınması, itkilərin az olması, eləcə də sosial-iqtisadi sahədə problemlərin aradan qaldırılması sahəsində həyata keçirdiyi kompleks və qabaqlayıcı tədbirlərin əhəmiyyəti çox böyükdür".

B.Quliyev qeyd edib ki, martın 31-dən Azərbaycanda tətbiq olunan ciddi karantin rejimi, aprelin 5-dən isə insanların çölə çıxmaması istiqamətində həyata keçirilən məhdudlaşdırıcı tədbirlər ölkəmizin qlobal pandemiyadan az itki ilə çıxmasında xüsusi əhəmiyyətli oldu:

"Bununla yanaşı, pandemiyanın lokallaşdırılması istiqamətində aparılan dezinfeksiya, insanların koronavirusdan qorunması istiqamətində həyata keçirilən məlumatlandırma işləri virusdan qorunmağımızda çox böyük rola malik oldu. Əgər qabaqlayıcı tədbirlər vaxtında görülməsəydi, bu gün Azərbaycanda xəstələrin sayı on minləri ötüb keçə bilərdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti