...

Elşən Musayev: Dövlətin bütün resursları vətəndaşların xidmətindədir

Siyasət Materials 20 Aprel 2020 15:44 (UTC +04:00)
Elşən Musayev: Dövlətin bütün resursları vətəndaşların xidmətindədir

Bakı. Elçin Mehdiyev – Trend:

Koronavirus pandemiyasına qarşı mübarizə istiqamətində Azərbaycan dövlətinin gördüyü işlərin miqyası olduqca böyükdür. Dövlətin bütün resursları vətəndaşların xidmətindədir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, Azərbaycan xalqının bu bəladan daha az itki ilə çıxması, insanların əziyyət çəkməməsi, sosial rifah kodeksinin yenə də müsbət dinamika üzərindən öz artımına davam etməsi üçün bütün imkanlar səfərbər olunub:

"Cənab Prezident öz çıxışlarında dəfələrlə vurğulayıb ki, “mənim üçün vətəndaşı qorumaq, onun marağından çıxış etmək ən ali məqsəd və prioritetdir”. Real mənzərə də həmin fikirlərin bariz nümunəsidir.

Baxın, nə qədər işlər görülüb: Ümumilikdə, məlum prosesin qabaqlanması - koronavirus bəlasının qarşısının alınması üçün ayrılan vəsait az qala 3 milyard manata yaxınlaşır. 600 min şəxsə 2 ay müddətində sosial paket üzərindən yardımlar ediləcək. Pensiyalar vaxtından əvvəl verilib. Yuxarı yaş sektoru xüsusi himayədədir. Sahibkar qorunur. 65 yaş üzəri məhbusların bir qismi həbsdən vaxtından əvvəl azad edilib. Çox qısa müddətdə xaricdən tibbi cihazlar gətirilib və müasir laboratoriyalar qurulub. Açılışı hələ minimum 1 il sonraya planlanan klinika tez bir müddətdə istifadəyə verilib. Hətta qeyri-tibb müəssisələri belə karantin dövrü keçən vətəndaşlarımızın xidmətindədir. 8 gün içində tibbi maska istehsal edən müəssisə ərsəyə gətirildi. Ölkədə ən keyfiyyətli testlərdən istifadə olunur. Tibbi personal çox böyük fədakarlıq edir".

Deputat bildirib ki, Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah 24 saat durmadan, sərasər, faydalı və rentabelli işləyir:

"Artıq bütün dünya bizdən danışır, əksər dövlətlər Azərbaycanın koronavirusa qarşı mübarizə üsulunu özü üçün “yol xəritəsi” seçir. Türkiyə, Ukrayna, İtaliya, Böyük Britaniya, Almaniya mediasında, televiziya kanallarında Azərbaycanın adı yaxşı mənada dillərdən düşmür. Üstəlik, məlum proses nazirlər, deputatlar, ən ali təbəqə səviyyəsində təqdir olunur. Azərbaycandan öyrənməli çox şey var".

Millət vəkili vurğulayıb ki, ölkəmizdə virusa yoluxma halı ilə xəstəlikdən sağalanların arasındakı fərq ciddi bir şəkildə ikincinin xeyrinə dəyişib:

"Aprelin 19-da ölkə ərazisində 25 yoluxma halına qarşı 122 sağalma nisbəti vardı. Yəni, miqyas 5 dəfə yaxşıya doğrudur. Bu vəziyyətə sevinirik. Bu o deməkdir ki, vəziyyət tam nəzarətdədir. Ümidimiz və arzumuz isə odur ki, məlum nisbət, dinamika növbəti günlərdə də bu cür, müsbətə doğru davam etsin və çox tezliklə koronavirus bəlasından qurtulaq, normal həyatımıza qayıdaq.

Azərbaycan xalqının həmrəyliyi, xalq və lider arasındakı birlik, qarşılıqlı etimad və güvən bizləri nəinki koronavirusdan, hətta ondan yüz qat artıq bəlalardan belə qorumağa qadirdir. Mən buna əminəm. Hər kəs də əmin olsun”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti