...

Bəhruz Quliyev : Azərbaycan polisinin fədakarlığı dövlətin və vətəndaşın mühafizəsinin təmin olunması istiqamətində öz sözünü deməkdədir

Siyasət Materials 9 İyun 2020 01:17 (UTC +04:00)
“Azərbaycan polisinin fədakarlığı, öz işinə, peşəsinə layiqincə yanaşması ilk öncə dövlətin və vətəndaşın mühafizəsinin təmin olunması istiqamətində öz sözünü deməkdədir”
Bəhruz Quliyev : Azərbaycan polisinin fədakarlığı dövlətin və vətəndaşın mühafizəsinin təmin olunması istiqamətində öz sözünü deməkdədir

Bakı. Samir Əli - Trend:

“Azərbaycan polisinin fədakarlığı, öz işinə, peşəsinə layiqincə yanaşması ilk öncə dövlətin və vətəndaşın mühafizəsinin təmin olunması istiqamətində öz sözünü deməkdədir”.

Bunu Trend-ə açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev qanun keşikçilərinin pandemiya dövründəki fəaliyyətlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu gün həkimlərimizlə yanaşı, polislərimiz də əsl fədakarlıq göstərməkdədirlər: “Həyatlarını təhlükə və risk altında alan polis qüvvələri daim vətəndaşların yanındadırlar, onlara əllərindən gələn dəstəyi, köməyi göstərməkdədirlər. Bu, qürurverici bir haldır ki, xüsusi karantin rejimində müxtəlif ehtiyacları olan vətəndaşlara əllərindən gələn yardımı, dəstəyi göstərən polislər həm də qanunun keşiyində dayanmaqdadırlar. Təəssüf ki, bir sıra maraqlı dairələr də var ki, onlar polisin bu əməyini gözdən salmaq üçün sanki növbəyə düzülüblər. Sosial şəbəkələrdə polisimizə qarşı həqarətlər, mənfi rəylər yaymağa cəhdlər göstərən belələri anlamırlar ki, əgər bu gün Azərbaycanda dayanıqlı sabitlik, inkişaf və asayiş mövcuddursa, bu əsasların tərkib hissələrindən biri də əlbəttə ki, polisin əməyidir. O cümlədən, özlərini “müxalifət liderləri” kimi zorla ictimai rəyə sırımağa çalışan fərdlərin canfəşanlıqları da sübut edir ki, bu birbaşa sifarişdir və ölkəmizi gözdən salmağa yönəlmiş addımlardır. Təbii ki, xalq, sağlam düşüncəli ictimaiyyət belə hay-küylərə ümumiyyətlə etina göstərmir, əskinə polisimizin fəaliyyətinə dəstək olur, alqışlayırlar. Çünki bilirlər ki, polis bu günlərdə öz uğurlu fəaliyyətini göstərməsə idi, daha ağır vəziyyətlər yarana bilərdi. Bu baxımdan, tələb edilən qanunları pozmağa çalışanların qarşısının alınması istiqamətində atılan addımların hər biri həm də məsuliyyətsizliyə qarşı aparılan mübarizə kimi də qiymətləndirilə bilər. Çünki koronavirus pandemiyası başlayan andan etibarən Azərbaycan dövləti vətəndaşları məsuliyyətli olmağa, sağlamlıqlarının mühafizəsi üçün səy göstərməyə, ətrafdakı insanların da sağlamlıqlarının digər insanlardan asılı olmasını təbliğ etməklə çağırışlar edib. O cümlədən, dövlətimiz vətəndaşların yanında olmaqla yanaşı, həm də polisin əməyindən bəhrələnib. Yəni fakt budur ki, qanun keşikçilərimiz aylardır ki, öz peşələrinin öhdəsindən layiqincə gəlməkdədirlər”.

Ekspert bildirib ki, harada qanun pozuntusu, cinayət varsa, orada cəza da olmalıdır və düşünürəm ki, cəzasızlıq mühiti daha böyük qanunsuzluqlara yol açır: "Bu kimi məsələlərdə vətəndaşlarımız da polisin əməyinə dəstək göstərməli, tələb edilən qaydalara riayət etməlidirlər. Müxtəlif hadisələr baş verərkən, vətəndaş öz xilasını məhz polisdə axtarır, çünki bilir ki, polis onun yanındadır. Əgər bu gün “Mənim polisim məni qoruyur” deyimi mövcuddursa, bu reallıq ondan irəli gəlir ki, vətəndaş daim qanun keşikçilərinə arxalanır, ona xilas mənbəyi kimi baxır. Azərbaycan polisi yalnız cinayətkarlıqla mübarizə aparmır, həm də müxtəlif hadisələrdə də fədakarlıq göstərir. Yanğınlarda, dağıntılarda, təbii fəlakətlərdə biz dəfələrlə şahid olmuşuq ki, polis insanların yardımına tələsib, əlində olan bütün imkanlardan maksimum istifadə edib. Bax, budur Azərbaycan polisi və onun qürurlu adı. Sual edilə bilər ki, bu gün Qərb ölkələrində polis zorakılıqları baş verirsə, nəyə görə ölkəmizdəki qaragüruhçu qruplar buna da narazı münasibət bəsləmirlər? Bu sualın da cavabı bəsitdir. Çünki ehtiyat edirlər ki, həmin ölkələrdəki sifarişçiləri onlardan üz döndərə bilərlər. Polisimizə qarşı qeyri-etik davranışların da arxasında bu kimi ürəkbulandırıcı məsələlər dayanmaqdadır. Düşünürəm ki, belə davranışların hər biri yalnız həmin qaragüruhçu qrupların ziyanınadır, çünki bu qruplar bütövlükdə Azərbaycan xalqı kimi tərənnüm edilə bilməzlər. Xalq onları qəbul etmir. Eləcə də, Azərbaycan xalqı öz polisinin yanındadır və təhlükəsizliyini də qanun asayişini qoruyanlara etibar edir, bundan sonra da edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti