...

Harlem Dezir kimilərinin sayəsində ATƏT öz mandatından uzaqlaşaraq bəzi ölkələrin siyasi sifarişlərinin qurbanına çevrilib

Siyasət Materials 5 İyul 2020 21:19 (UTC +04:00)
Harlem Dezir kimilərinin sayəsində ATƏT öz mandatından uzaqlaşaraq bəzi ölkələrin siyasi sifarişlərinin qurbanına çevrilib

Bakı. Trend:

Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) 1992-ci ildə üzv olmuşdur (o vaxt hələ Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi adlanırdı). ATƏT-in Azərbaycanın daxil olduğu ilk Avropa təsisatı olması ölkəmizin bu quruma nə dərəcədə böyük önəm verdiyini göstərir.

Belə ki, məhz ATƏT Avrasiya məkanında təhlükəsizlik sahəsində ən önəmli təşkilat və regional platforma hesab edilirdi. Təşkilatın üç əsas fəaliyyət istiqaməti vardır: siyasi-hərbi, iqtisadi-ətraf mühit və insan hüquqları ölçüsü.

Azərbaycan bu üç ölçüdən məhz siyasi-hərbi istiqamətə xüsusi önəm verir. Belə ki, ölkəmizin 20 % ərazisi Ermənistan tərəfindən işğal edilmişdir. Və, məhz bu təşkilat çərçivəsində münaqişənin həlli ilə bilavasitə məşğul olan Minsk Qrupu və bu Qrupun həmsədrlik institutu yaradılmışdır.

Lakin uzun zaman keçməsinə baxmayaraq, ATƏT-in Minsk Qrupu təəssüf ki, münaqişənin həllində irəliləyişə nail ola bilməmişdir.

Bundan əlavə, iqtisadi və ətraf mühit ölçüsündə də dinamik və təsirli qərar və addımların olmaması təəssüf hissi doğurur.

Və nəhayət, insan hüquqları ölçüsü isə ümumiyyətlə bir qrup ölkənin əlində digərlərinə qarşı siyasi təzyiq alətinə çevrilib.

Beləliklə də, əslində Avrasiya məkanının xüsusilə təhlükəsizlik arxitekturasında mərkəzi rol oynamalı, bu geniş məkanda sülh və təhlükəsizliyin qarantına çevrilməli olan ATƏT bu gün öz prinsiplərini müdafiə edə bilmir, qeyri-effektivdir, ikili standartlar və qərəzli yanaşmadan çıxış edir. ATƏT nüfuzdan düşərək dişsiz bir quruma dönmüşdür.

Məhz belə qeyri-effektiv fəaliyyət və ikili standartlar siyasəti nəticəsində ATƏT-in mandatına bilavasitə daxil olan sahələrdə Avropa məkanında geriləmə müşahidə olunur. Birincisi, ATƏT məkanında münaqişələrin həlli sahəsində irəliləyiş yox səviyyəsindədir, ikincisi isə Avropada yüksələn xətlə artan islamafobiya, anti-Semitizm və digər neqativ trendlər müşahidə olunur. Bunun müqabilində isə ATƏT tərəfindən belə önəmli məsələlərə reaksiya verilmir.

Əvəzində bir qrup ölkələrin siyasi sifarişi əsasında bəzi ölkələrə, o cümlədən Azərbaycana qarşı qərəzli münasibət və təsir cəhdləri müşahidə edilir.

Əlbəttə ki, belə yanaşma ATƏT ilə əməkdaşlığa böyük önəm verən, Ermənistan-Azərbaycan münaqişəsinin həllində ondan töhfə gözləyən Azərbaycanda təəssüf hissi doğurur və bu təşkilata bəslənilən ümidləri puç etmiş olur.

Hazırda ATƏT daxilində bir sıra əsas rəhbər vəzifələrinə (ATƏT-in Baş katibi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru, ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi və ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı) yeni təyinatların seçilməsi prosesi gedir. Hazırkı şəxslərin yenidən bu vəzifələrə təyin edilməsinə dair paket təklifi vardır.

Müstəqil xarici siyasət yeridən Azərbaycan ATƏT-in üzvü kimi öz suveren hüququndan istifadə edərək Media Azadlığı üzrə Nümayəndə Harlem Dezirin yenidən bu vəzifəyə təyinatı təklifinə qarşı çıxmışdır.

Azərbaycan hesab edir ki, H.Dezir fəaliyyətində qərəzlidir, müstəqil deyil, dəyərləndirmələrində qeyri-obyektivdir, ölkələrə selektiv münasibət bəsləyir, media sahəsində məlumatları bona fide (düzgün və etibarlı) mənbələrdən almır. Bütün bunlar isə nümayəndənin mandat sənədinin kobud surətdə pozulmasıdır.

H.Dezir qatı anti-Azərbaycançı və qatı ermənipərəstdir.

Onun açıqlamalarının və tvitlərinin təhlili göstərir ki, H.Dezir Azərbaycanda baş verən ən kiçik bir hadisədən ölkəmizi qaralamaq və ona böhtan atmaq üçün istifadə edir. H.Dezir Azərbaycanda baş verən istənilən hadisəyə məsələlərin məğzini öyrənmədən, tələm-tələsik əsassız və qərəzli reaksiya verir. O, məsələləri qəsdən şisirdir və siyasiləşdirir. Əvəzində isə Ermənistanla bağlı çox az və əsasən qeyri-neqativ və neytral şərhlər ilə çıxış edir. Ermənistanda aclıq aksiyası keçirməsi nəticəsində vəfat etmiş siyasətçi və jurnalist Mher Yeqizaryanla bağlı H.Dezir heç bir reaksiya verməmişdir ki, bu da böyük suallar doğurur. Görünür H.Dezir insan hüquqları məsələlərinə münasibətini siyasi coğrafiyaya görə müəyyən edir.

ATƏT ölkələri informasiya məkanında, xüsusilə Qərbi Avropada illərdir Azərbaycana qarşı məqsədli dezinformasiya və saxta xəbərlər kampaniyası aparılır. H.Dezir nəinki bunun qarşısının alınması üçün heç bir şey etməmiş, əksinə özünün selektiv və qərəzli yanaşması ilə bu prosesə töhfə vermişdir.

ATƏT ölkələri informasiya məkanında islamafobiya və anti-Semitizm tendensiyaları güclənib. Buna qarşı mübarizədə H.Dezirin fəaliyyəti qənaətbəxş deyil.

Münaqişə zonalarına jurnalistlərin qanunsuz səfəri məsələsi müxtəlif media forumlarında qaldırılarkən H.Dezir daim buna mane olmuşdur. Baxmayaraq ki, bununla bağlı bir davranış məcəlləsi olmalı idi.

H.Dezir yeni çağırışlara adekvat reaksiya verə bilmir. Məsələn, COVID-19 və ATƏT ölkələri media təsisatlarının fəaliyyəti ilə bağlı heç bir tövsiyyə və təşəbbüslər irəli sürülməmiş, həmçinin mövzu ilə bağlı hər hansı rəhbər prinsiplər hazırlanmamışdır.

H.Dezirin tutduğu vəzifəyə uyğun lazımi bilik və təcrübəsi də yoxdur.

1998-ci ildə ictimai əmlakdan sui-istifadə olunması, uydurma maaş alması ittihamı ilə 18 aylıq şərti cəzaya məhkum olunmuş, 30 min frank cərimə olunmuş H. Dezir hansı keçmişi, hansı mənəvi məziyyəti ilə Azərbaycana dərs keçmək istəyir?

Beləliklə, H.Dezirin fəaliyyəti Azərbaycanı qane etmir və haqlı olaraq onun təyinatına etiraz edilmişdir. H.Dezir kimilərinin sayəsində ATƏT öz mandatından uzaqlaşaraq bəzi ölkələrin siyasi sifarişlərinin qurbanına çevrilmiş və öz effektivlik və əhəmiyyətini itirmişdir.

Xüsusilə vurğulanmalıdır ki, Azərbaycanın H.Dezirə qarşı çıxmasının səbəbi heç də onun ölkəmizə qarşı tənqidləri və qərəzi deyil. Yeri gələndə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da Azərbaycana münasibətdə zaman-zaman tənqidlər səsləndirir. Lakin Azərbaycan bu təsisatla əməkdaşlıq edir. H.Dezir isə sadəcə olaraq adekvat bir nümayəndə deyil.

Qabardılmalı digər məqamlardan biri yuxarıda qeyd edilmiş 4 vəzifənin hamısını Qərbi Avropadan olan şəxslərin tutmasıdır. Bu nə dərəcədə ədalətlidir?

Azərbaycan ATƏT-in fəal üzvü kimi hesab edir ki, təşkilat öz təməl prinsip və məqsədlərinə qayıtmalı, mandatı çərçivəsində obyektiv, qərəzsiz və effektiv fəaliyyət göstərməlidir. Bunun üçün, təşkilat ATƏT məkanındakı münaqişələrin həllinə xüsusi diqqət ayırmalı, təhlükəsizlik və iqtisadi ölçülərində fəal olmalıdır. Eyni zamanda, özünün insan hüquqları ölçüsündə də Təşkilat mandatına uyğun, obyektiv və qərəzsiz fəaliyyət göstərməlidir. Yalnız bu halda ATƏT özünün Avrasiya məkanındakı önəmli rolunu yenidən canlandıra bilər. ATƏT bütün iştirakçı ölkələrin təşkilatı olmalıdır, yalnız ABŞ və Qərbi Avropanın yox.

Trend İnformasiya Agentliyi, Siyasət şöbəsi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti