Bakı. Elçin Mehdiyev - Trend:
Konqresin Nümayəndələr Palatasında qəbul olunmuş çox önəmli bir düzəliş var.
Trend-in məlumatına görə, bunu bu gün mətbuat konfransında Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
O bildirib ki, düzəlişin müəllifləri Konqresin üzvləri Stiv Şarlot və Stiv Koendir.
“Söhbət Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması düzəlişindən gedir. Burada vacib məqamlar hansılardır? Düzəlişdə Azərbaycan da daxil olmaqla, digər 3 ölkədə ərazilərin qeyri-qanuni işğalı faktı təsdiqlənir. Burada söhbət İşğal olunmuş ərazilərdə köçkün düşmüş və həmin ərazilərdə həyatını itirmiş vətəndaşlar barədə məlumatın hazırlanaraq Müdafiə Departamenti ilə birlikdə Konqresə təqdim olunmasından gedir. İndiki mərhələdə bu düzəlişin bizim üçün əhəmiyyəti çox böyükdür. Çünki burada Azərbaycanın ərazilərinin işğal olunması faktı təsdiq olunur”.