...

Deputat: 27 sentyabr qələbəyə aparan tarix kimi yadda qalacaq

Siyasət Materials 28 Sentyabr 2020 10:19 (UTC +04:00)
Deputat: 27 sentyabr qələbəyə aparan tarix kimi yadda qalacaq

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Hazırda cəbhə xəttində baş verən gərginliyə və təxribatlara, günahsız insanların ölməsinə görə bütün məsuliyyət işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova bildirib.

Deputat bildirib ki, Ermənistan 30 ildən artıqdır ki, Azərbaycan xalqına qarşı işğalçılıq siyasəti həyata keçirir: “Ermənistan xalqımıza qarşı insanlığa sığmayan soyqırımlar, qətliamlar törədib, etnik təmizləmə siyasəti həyata keçirib. 20 faiz torpaqlarımızı işğal altında saxlayan mənfur düşmən dini və mədəni abidələrimizə, məscidlərimizə qarşı təhqiramiz hərəkətlər edir, yarı-dağılmış məscidlərdə heyvanlar, o cümlədən donuz, inək saxlayır. Ermənilər həmçinin işğal edilmiş ərazilərimizdə Azərbaycan xalqına məxsus təbii resursları istismar edir, ekoloji fəlakət törədir. Cinayətkar Ermənistan hakimiyyəti işğal olunmuş ərazilərimizdə qondarma rejim yaradaraq qondarma “seçkilər”, “amdiçmə mərasimi” keçirərək bütün beynəlxalq qanunları ayaqlar altına atır.

Bütün bunlarla kifayətlənməyən mənfur düşmən işğal edilmiş torpaqlarımızda qeyri-qanuni məskunlaşma həyata keçirərək demoqrafik vəziyyəti süni yolla dəyişməyə çalışır, Suriyadan, İraqdan, Livandan terrorçuları işğal edilmiş ərazilərimizə yerləşdirməklə region üçün böyük təhlükə yaradır. Azərbaycanın bütün bu məsələlərlə bağlı dünya ictimaiyyətini, Ermənistanı və onun havadarlarını xəbərdar etməsinə baxmayarq, heç bir ciddi tədbir görülmədi. Beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in Minsk qrupunun susqunluğu Ermənistanı daha da azğınlaşdırdı və ölkəmizə qarşı yeni təxribatlar törətməkdə davam etdi.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri növbəti genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Ermənistan bu dəfə də mənfur və çirkin ənənəsinə sadiq qalaraq mülki Azərbaycan əhalisini atəşə tutdu. Rəsmi məlumata əsasən, uşaq, qadın, qoca olmaqla 9 mülki vətəndaşımız erməni təxribatı nəticəsində həlak olub. Bu bir daha Ermənistan hakimiyyətinin faşist xislətini və cinayətkar mahiyyətini ortaya qoyur.

Ermənistan tərəfinin bütün bu çirkin əməlləri və təxribatları Azərbaycan Ordusunu əks-hücum əməliyyatlarına başlamağa məcbur etdi. Şanlı ordumuz Ermənistanın layiqli cavabını verir. Rəsmi məlumatlara əsasən, ordumuz bir sıra kəndləri, mühüm strateji yüksəklikləri və postları düşməndən azad edib, ermənilər çoxlu sayda canlı qüvvə və hərbi texnika itkisinə məruz qalıb, hətta hərbi texnikaları qoyub, döyüş meydanından qaçırlar. Erməni KİV-lərinin yaydığı məlumatlardan da aydın görünür ki, Ermənistan ordusunda qan çatışmazlığı var, səhiyyə nazirliyi əhalini könüllü qan verməyə çağırır. Artıq ermənilər itkilərini etiraf etməyə başlayıb, aciz və köməksiz durumda olduqları aydın görünür.

Qarabağdakı qondarma rejimin rəhbəri Arayik Arutyunyan brifinq zamanı acizanə şəkildə Ermənistan ordusunun ağır itki verdiyini, Azərbaycan ordusu qarşısında köməksiz və aciz durumda qaldıqlarını etiraf edib.

Bütün bu vəziyyətin yaranmasının günahkarı cinayətkar Ermənistan rəhbərliyidir. Azərbaycan dəfələrlə Ermənistanı xəbərdar etdi, onun təxribatlarının cavabının ağır olacağını bildirdi və Ermənistanı bu yoldan çəkinməyə, işğal olunmuş torpaqlarımızdan çıxmağa çağırdı. Lakin Ermənistan bunların heç birinə məhəl qoymadı və bu gün öz hərəkətlərinin ağır nəticələrini yaşayır.

Ordumuzda və cəmiyyətimizdə böyük ruh yüksəkliyi və döyüş əzmi var, xalqımız Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşib və qələbənin yaxında olduğuna inanır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti