Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycana müharibə başlatmağının əsas səbəblərindən birinin ölkəsini NATO-ya yaxınlaşdırmaq olduğu şübhəsizdir.
Bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Deputat bildirib ki, Yerevan NATO-ya doğru kurs götürüb. Ermənistan prezidenti Armen Sarkisyanın Brüsseldə NATO qapısını ürəklə döyməsi bu ölkənin Avropa məqsədinin olduğunu açıq göstərir. Sorosdan qaynaqlanan hazırki erməni siyasi isteblişmenti qətiyyətlə Avropanın kəndarında dayanıb. Soros planını həyata keçirmək mandatını almış Paşinyan və ətrafı Moskva ilə körpüləri tam yandırmaq niyyətindədir:
"NATO-ya daxil olmaq isə bu missiyanı reallaşdırmaq üçün Yerevana müstəsna üstünlüklər vəd edir. Beləliklə, Ermənistan Baş naziri sələflərinin edə bilmədikləri və ya etmək istəmədikləri Avropaya inteqrasiya yoluna çıxıb və bu planını həyata keçirmək üçün iri addımlarala irəliləyir. Azərbaycana qarşı başlatdığı hücüm əməliyyatlarının miqyasını genişləndirməklə bölgənin təhlükəsizliyini zərbə altına qoyanda əsas niyyəti siyasi xaos yaratmaq idi. Paşinyan yaxşı anlayırdı ki, belə vəziyyətdə gedişlər daha iti ola bilər.
S.Mikayılova qeyd edib ki, Brüssel görüşünə xüsusi həvəslə hazırlaşan erməni rəhbərliyi nəyin bahasına olursa-olsun NATO sevdasına Moskva qarşısında haqq qazandırmaq üçün Azərbaycana qarşı müxtəlif təxribatlar törətdi və cəbhə xəttində vəziyyəti daha da kəskinləşdirdi. İyulun 12-də Azərbaycanla dövlət sərhəddində Tovuz rayonuna təşkil etdiyi planlı hücumlar bu kontekstdə ilk idi:
"Burada səylər nəticə vermədi və Ermənistan B planına keçməli oldu. Daha iri miqyaslı təxribat və sonra müharibə "ali" məqsədə çatmaq üçün ən qısa yol ola bilərdi. Avropa sevgisini gizlətməyən Paşinyanın KTMT-ni tərk etmək istəyi sirr deyil. "Demokrat" olmasına özünü inandıran Soros tələbəsinin strateji tərəfdaşı olan Rusiyanın izlərini ölkəsindən silmək iştahası isə kifayət qədər böyükdür. Hakimiyyətə gəldikdən sonra Paşınyanın KTMT-də təşkilatı aşağılayan fəaliyyət aparması, ölkəsinin təşkilata sədrlik etdiyi dönəmdə onun rəhbəri Yuri Xaçaturovu həbs etdirməsi, sonra Belarusun müddətdən əvvəl sədrliyinə etiraz etməklə onu bir müddət"başsız" qoyması kimi dağıdıcı fəaliyyəti Yervanın "qırmızı xətləri" inamla keçdiyini aydın sərgiləyirdi".
Deputat əlavə edib ki, tez-tez müstəqil siyasət aparmaq kimi ambisiyalı xəyallara düşən Paşinyanın hərəkət istiqaməti Avropadır. Kölgəsində yatdığı Rusiyaya qarşı oynadiğı bu oyun isə bağışlanmaz səhvdir və Ermənistanı siyasət müstəvisində mat vəziyyətində qoyacaq.