Bakı. İlhamə İsabalayeva - Trend:
Ermənistanın bu dəfə də humanitar atəşkəsi pozaraq Tərtəri və digər yaşayış məntəqələrini atəşə tutmasından təəccüblənmək lazım deyil və təbii qarşılamaq lazımdır. Çünki bu dünyada sənədi imzalayıb mürəkkəbi qurumamış ona tüpürən bir ölkə varsa, o da Ermənistandır.
Bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı deyib.
Onun sözlərinə görə, ermənilər hər zaman razılaşmaları pozan bir ölkə olub:
"Vaxtilə çar Rusiyasının Osmanlıda olan konsulları yazırdılar ki, bir türklə iş görmək istəsəniz sənəd imzalamaq lazım deyildir, dilindən çıxan sözə etibar edə bilərsiniz. Çünki verdiyi vədi, dilindən çıxan sözü yerinə yetirəcək. Ermənilərlə hər hansı bir işi gördükdə isə ehtiyatlı olun. Onlarla hətta şahidlərin iştirakı ilə hər hansı bir sənədi imzalasanız və notarius onu təsdiq etsə belə, erməni sabah qalxıb deyəcək ki, mən belə bir öhdəlik götürməmişəm və belə bir sənədi qəbul etmirəm. Bu vəziyyət bugünkü ermənilərin də, Ermənistanın da əsl simasıdır".
M.Qasımlı qeyd edib ki, hələ 1990-cı illərdə Ermənistan atəşkəsə getsə də, fasilədən istifadə edərək əlavə güc toplayıb yeni-yeni torpaqlarımızı işğal edirdi.
Deputat bildirib ki, Ermənistan indi də eyni üsullardan həyasızlıqla istifadə edir.
MM üzvü hesab edir ki, ayaqlara yıxılıb humanitar atəşkəs dilənən Ermənistanın Moskvadakı razılaşmadan dərhal sonra gecə saatlarında yeni hərbi cinayət törədərək Gəncədə yaşayış binalarını ballistik raketlərlə atəşə tutması və mülki əhalini – qadınları, uşaqları öldürməsi şərəfsizliyin, riyakarlığın və əxlaqsızlığın son həddidir:
"Artıq üçüncü dəfə humanitar atəşkəsi pozan Ermənistandan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri nə üçün soruşmurlar ki, bir tərəfdən humanitar atəşkəs üçün yalvarırsan, ayaqlar altına yıxılırsan, o biri tərəfdən isə xaricdən silahlar daşıyırsan. Bu silahları ona kim verir? Bütün bunlar göstərir ki, təcavüzkarın başı əzilməyincə, işğalçı qoşunlar Azərbaycanın bütün ərazilərindən çıxmayınca Ermənistanın riyakarlığı davam edəcək və regiona sülh gəlməyəcəkdir. Ona görə də düşmən məhv edilməli və sülhə məcbur edilməlidir. Humanitar atəşkəsi pozan Ermənistana layiq olduğu cavabı vermək Azərbaycanın hüququdur və bu hüquqdan tərəddüd etmədən istifadə olunmalıdır. Çünki Azərbaycanın işi həm beynəlxalq hüquqa, həm də haqq-ədalətə əsaslanır, Ermənistan isə təcavüzkar və işğalçı ölkədir.