...

Qırğızıstan şairlərindən Azərbaycan Prezidentinə məktub ünvanlanıb

Siyasət Materials 10 Noyabr 2020 19:28 (UTC +04:00)
Qırğızıstan şairlərindən Azərbaycan Prezidentinə məktub ünvanlanıb

Bakı. Trend:

Qırğızıstan şairləri Omor Sultanov, Aida Egemverdiyeva və Altınay Temirovadan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlanıb.

Trend-in məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Biz - Qırğızıstanın Xalq şairi Omor Sultanov, şairələr Aida Egemverdiyeva və Altınay Temirova Azərbaycan dövləti və xalqı ilə həmrəy olduğumuzu bildirir, Sizin ədalətli mövqeyinizi səmimi qəlbdən dəstəkləyirik.

Azərbaycan və Qırğızıstan qədim tarixi bağları, eyni kökləri, ənənələri və mədəniyyəti olan qardaş ölkələrdir. Bunun sayəsində bizim çoxillik əməkdaşlığımız uğurla inkişaf edir. Xüsusən də mədəniyyət sahəsindəki əlaqələrimizdə ədəbiyyat əhəmiyyətli rol oynayır.

Bu baxımdan qeyd etmək lazımdır ki, bütün Azərbaycan xalqına “Manas” dastanı yaxşı tanışdır. Azərbaycanda dahi Qırğız yazıçısı Çingiz Aytmatovun yaradıcılığını yüksək dəyərləndirirlər, onun əsərləri çox populyardır. Öz növbəsində Qırğızıstanda da klassik və müasir Azərbaycan ədəbiyyatının gözəl nümunələri eyni maraqla öyrənilir.

Biz Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfirliyi ilə sıx əməkdaşlıq edirik və bir sıra birgə tədbirlər keçiririk.

Həmçinin Azərbaycan yazıçılarının əsərlərini qırğız dilinə tərcümə edərək, Qırğızıstan oxucularını Azərbaycanın zəngin mədəniyyəti və ədəbiyyatı ilə tanış etmişik. Qırğız xalqı beynəlxalq arenada yüksək nüfuz sahibi olan qardaş Azərbaycanın nailiyyətlərini hər zaman sevinclə qarşılayır. Biz, həmçinin Sizin xalqınızın uzun illərdən bəri tarixi ədaləti və öz ərazi bütövlüyünü bərpa etməklə bağlı ürək ağrısını yaxşı anlayırıq. Azərbaycan xalqının dərdi bizim dərdimizdir.

Bu günlərdə Azərbaycan Ordusu bütün dünyaya əsl vətənpərvərlik, cəsarət və peşəkarlıq nümunəsi göstərir. Ümid edirik ki, tezliklə Azərbaycanın işğal edilmiş bütün əraziləri qaytarılacaq, erməni tərəfi etiraf edəcək ki, Qarabağ Azərbaycandır!

Müharibə həmişə xalqa böyük itkilər, bəlalar gətirir, xüsusən, əgər düşmən müharibə aparmağın bəşər tarixi boyunca formalaşmış çoxillik qaydalarını pozursa. Belə qaydaların ən başlıcası dinc əhalini qırmamaqdır.

Hərbi əməliyyatlardan kənar bölgələrdə - Bərdə, Gəncə, Tərtər, Ağcabədi, Mingəçevir kimi şəhərlərdə yaşayan dinc əhalinin raket atəşinə tutulması, uşaqlara, analara aman verilməməsi planlaşdırılmış müharibə cinayətindən başqa bir şey deyildir. Biz bu faciənin günahkarlarını pisləyirik və Sizinlə bərabər kədərlənirik.

Çox hörmətli Prezident, Sizə möhkəm cansağlığı, haqq işinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə daimi sülh, əmin-amanlıq və firavanlıq arzulayırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti