...

Naxçıvanın blokadasına son qoyulacaq - Deputat

Siyasət Materials 12 Noyabr 2020 17:16 (UTC +04:00)
Naxçıvanın blokadasına son qoyulacaq - Deputat

Bakı. İlhamə İsabalayeva - Trend:

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın gərgin səyləri ilə imzalanmış “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı” təkcə təcavüzkar Ermənistanın hərbi təslim aktı, diz çökməsi və işğal edilmiş ərazilərimizdən verilmiş cədvələ uyğun olaraq çıxarılması demək deyildir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Onun sözlərinə görə, bu sənəd daha geniş məna kəsb edərək, Azərbaycan Respublikasının böyük geosiyasi və geoiqtisadi qələbəsidir:

"Nə üçün? Hər şeydən əvvəl, sənədə Prezident İlham Əliyevin təklifi ilə daxil edilmiş 9-cu maddə Azərbaycanın digər ərazilərinin Naxçıvanla qırılmış quru (avtomobil, dəmiryolu) əlaqələrinin bərpasını nəzərdə tutur. Bununla Naxçıvanın blokadasına son qoyulacaq, Azərbaycan Bakı-Tbilisi-Kars dəmiryolu ilə yanaşı Bakı-Naxçıvan-İğdır-Kars-İstanbul dəmiryolu vasitəsilə Türkiyə üzərindən Avropaya çıxa biləcək. İkincisi, ötən əsrin 20-ci illərinin əvvəllərində Türkiyənin türk dünyası ilə qırılmış quru əlaqələri bərpa olunacaq".

M.Qasımlı əlavə edib ki, Kars-İğdır dəmiryolu Naxçıvana qədər, oradan daha da genişlənərək Fars körfəzinə və Mərkəzi Asiyaya qədər uzana bilər. Region ölkələrinin hamısının faydalanacağı və böyük geosiyasi, geoiqtisadi əhəmiyyət kəsb edəcək bu yolun fəaliyyətə başlaması nəticəsində Naxçıvan dünyanın mühüm nəqliyyat-kommunikasiya mərkəzlərindən birinə çevriləcək. Yola Rusiya Federasiyası Sərhəd Xidmətinin nəzarət etməsinin də xüsusi mənası var:

"Zənnimcə, iki böyük ölkə olan Rusiya və Türkiyənin bərabər hərəkət etməsi nəticəsində regionda tərəf olmaq iddiası ilə çıxış edən kənar oyunçuların arzuları boşa çıxır və biz Avrasiyada yeni geosiyasi reallıqların yaranması astanasındayıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti