...

Azərbaycan xalqının ən yaxşı milli xüsusiyyətlərindən biri qarşılıqlı yardımlaşma və bunun üçün cəmiyyətin səfərbər olma əzmidir - Tamam Cəfərova

Siyasət Materials 9 Dekabr 2020 17:35 (UTC +04:00)
Azərbaycan xalqının ən yaxşı milli xüsusiyyətlərindən biri qarşılıqlı yardımlaşma və bunun üçün cəmiyyətin səfərbər olma əzmidir - Tamam Cəfərova

Bakı. Trend:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondunun yaradılması bu kateqoriyadan olan insanlara dövlətin göstərdiyi diqqət və qayğının bariz nümunəsi olmaqla yanaşı, cəmiyyətimizdə mövcud birlik və həmrəyliyin daha da möhkəmlənməsinə şərait yaradacaqdır.

Bu fikirləri Prezident İlham Əliyevin “YAŞAT” Fondunun yaradılması ilə əlaqədar 8 dekabr tarixli Fərmanı barədə Trend-ə açıqlama verərkən Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat açıqlamasında bildirdi ki, “YAŞAT” Fondunun yaradılmasının çox böyük əhəmiyyəti var. Bu, bir daha şəhid ailələrinə, qazilərimizə olan diqqətin göstəricisidir. Belə bir addım şəhid ailələri, müharibə əlillərini diqqət mərkəzində saxlamaq üçün atıldı. Düzdür, Əmək və Əhalilinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cənab Prezidentin göstərişinə əsasən müəyyən məsələlər, o cümlədən şəhid ailələrinə vəsaitin verilməsi, evlərin tikilməsi, qazilərimizə müəyyən vəsaitin ödənilməsi, onların mənzil və avtomobillə təminatı kimi məsələlər öz həllini tapır. Lakin bütün şəhid ailələrinin diqqət mərkəzində saxlanılması baxımından belə bir Fond yaradılıb. Fonda vəsaitlər könüllülük əsasında köçürüləcək və bu vəsaitdən müvafiq şəkildə istifadə olunacaq. Bu, ASAN Xidmətin rəhbərliyi altında həyata keçiriləcək. Fərmana görə, Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunur, protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar. O cümlədən sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə təmin olunur, aktiv məşğulluq proqramlarında - özünüməşğulluq, ödənişli ictimai işlər və s.-də onlara üstünlük verilir. Həmçinin, şəhid ailələri, müharibə əlilləri və digər bu kateqoriyadan olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzil və avtomobillərin verilməsi, sosial durumlarının yaxşılaşdırılması istiqamətində müntəzəm fəaliyyət həyata keçirilib. Ümumilikdə, indiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-dən çox avtomobil verilib. Bu istiqamətdə işlər uğurla davam etdirilir.

T.Cəfərova həmçinin, qeyd etdi ki, bütün bunlarla yanaşı cəmiyyətin aparıcı qüvvələri, biznes dairələri, xaricdə yaşayan azərbaycanlılar bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərirlər. Biz bunu 44 günlük Vətən müharibəsində əyani şəkildə gördük. Azərbaycan Xalqı “dəmir yumruq” kimi birləşdi. İstər ön cəbhədə düşmənlə üz-üzə dayanan əsgərlərimizə göstərilən qayğı, istərsə də arxa cəbhədə şəhid, əsgər, qazi ailələrinə edilən yardımlar, göstərilən diqqət Azərbaycan xalqının mərdliyinin, xeyirxahlıq və humanizminin bariz örnəyi idi. Təbiki bu həmrəylik bundan sonra daha da möhkəmlənərək davam etməlidir. Çünki, qarşıda bizi daha böyük işlər gözləyir. Heç şübhəsiz ki, Azərbaycan Xalqı əl-ələ verib Qarabağın çiçəklənməsi üçün əlindən gələni edəcək.

Bu Fərman özlüyündə bir daha göstərdi ki, Azərbaycan dövlətinin sosial siyasətinin mərkəzində insan amili dayanır. Cənab Prezidentin sözləri ilə desək “Həyata keçirdiyimiz siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır” şüarının təcrübədə yüksək səviyyədə reallaşdığının bir daha şahidi olduq.

“Azərbaycan Xalqının ən yaxşı milli xüsusiyyətlərindən biri qarşılıqlı yardımlaşma və bunun üçün cəmiyyətin səfərbər olma əzmidir. Cəmiyyətimizdəki mövcud əhval-ruhiyyə onu deməyə əsasə verir ki, əldə etdiyimiz tarixi zəfərdən sonra bütün vətəndaşlarımız bilavasitə bu prosesin iştirakçısı olmağa, öz töhfələrini verməyə çalışır. Bu əhval-ruhiyyə cəmiyyətdə ictimai həmrəyliyi artırmaqla yanaşı, həm də milli birliyi möhkəmləndirir”- millət vəkili Tamam Cəfərova belə deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti