Bakı. Trend:
27 sentyabrdan dövlətçilik tariximizin, hərbi-siyasi tariximizin yeni bir mərhələsi başlanmışdır. Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək uğrunda zəfər yürüşünə başladı və Azərbaycanın müstəqillik tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdı. Bunun adı Vətən müharibəsidir. Bu gün Azərbaycanın Qələbə salnaməsinin ilk günü kimi tarixə yazıldı.
Bu fikirləri Trend-ə Zəfər Paradı ilə əlaqədar açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
T.Cəfərova qeyd etdi ki, Milli Ordumuz bu tarixi günə 2016-cı ilin “Aprel döyüşlərində”, 2018-ci ilin may ayında “Günnüt əməliyyatı” zamanı başladı və bu ilin Tovuz, həmçinin avqust təxribatlarında təcavüzkarın layiqli cavabını verməklə davam etdirdi. Və tarixə artıq II Qarabağ müharibəsi kimi daxil olmuş Vətən müharibəsində Azərbaycan Ordusu dünyaya gücünü bir daha göstərdi. 27 sentyabrda düşmənin növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı və bu müharibə işğalçı Ermənistanın kapitulyasiyası ilə nəticələndi. 44 gün sürən Vətən müharibəsi noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı birgə bəyanatla başa çatdı. Hərbi əməliyyatların məqsədi ilk gündən sülhə məcburetmə əməliyyatı kimi göstərilirdi və biz məqsədimizə çatdıq. Ali Baş Komandan başda olmaqla Qəhrəman Ordumuz Ermənistanı sülhə məcbur etdi. Döyüş meydanında qazanılmış qələbələr diplomatik-siyasi müstəvidə də Qələbənin qazanılmasını şərtləndirdi. Ali Baş Komandan xalqa sonuncu müraciətində bu məqamı xüsusi vurğuladı: “Amma mən deyirdim, istəyirəm ki, bu hərbi mərhələ də dayansın, keçək siyasi mərhələyə. Nə oldu? Bax, bu gün mən deyən oldu. Hərbi mərhələ başa çatır, keçirik siyasi mərhələyə. Demək olar ki, bizə maksimum sərf edən sənəd imzalandı… Biz tarixi Qələbəmizi hüquqi və siyasi müstəvidə daha da möhkəmləndirəcəyik”. Bəyanatın şərtlərinə uyğun olaraq, Ağdam, Kəlbəcər, Laçın rayonları bir güllə atılmadan Azərbaycana qaytarıldı. Ermənistanın kapitulyasiyası ilə Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa olundu.
Azərbaycan öz ərazi bütövlüyümüzü bərpa etdi və işğala son qoydu. Azərbaycan 27 il idi ki, kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi, beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni reallıq yaratdı. Cənab Prezidentin dediyi kimi, “biz yeni reallıq yaratdıq. Hər kəs bu reallıqla barışacaq, məcbur olub barışacaq, necə ki, Ermənistan barışdı”. Azərbaycan bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını yaratdı. Bu format nədən ibarət olacaq, bunu gələcək göstərər. Hər halda həm regionda, həm dünyada heç nə, xüsusilə geosiyasi vəziyyət əvvəlki kimi olmayacaq.
Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, uzaqgörənliyi nəticəsində Azərbaycan Xalqı dövlətinin, Liderinin ətrafında sıx birləşdi və bu birlik, həmrəylik “dəmir yumruğa” çevrilib Azərbaycan Ordusunun simasında düşmənin bağrını yardı, başını əzdi. Azərbaycan güclü dövlət olduğunu bütün dünyaya isbat etdi. Xalqımız bu tarixi qələbəni sevinclə qarşıladı, ümumxalq yürüşlərilə, Azərbaycan və Türkiyə bayraqları ilə qeyd etdi. Bu yürüşlərdə Ali Baş Komandana, Qəhrəman Azərbaycan Ordusuna alqışlar səsləndi, xalqımız bir daha öz Prezidentinin, öz Ordusunun arxasında olduğunu qətiyyətlə bildirdi.
Azərbaycanın öz hərbi qüvvələri ilə işğalçıları məğlub etməsi, xalqın inamını özünə qaytardı. 90 illərdə Müstəqillik əldə olandan sonra, həm xarici, həm də daxili bəzi qüvvələr tərəfindən azərbaycan xalqında ruh düşgünlüyü yaratmaq cəhdləri iflasa uğradı. İctimai şüurda sağlam əhval-ruhiyyə baş qaldırdı. Vətəndaşların bir-birinə olan münasibəti yeni səviyyəyə qədəm qoydu. Qarşılıqlı hörmət, qayğıkeşlik, mənliyin milli şüura əsaslanması, milli dəyərlərə diqqətin artması, mədəni irsə olan münasibəti dəyişməklə bərabər həmçinin Azərbaycan gəncində qələbə hissini artırdı. Bunun nəticəsində insanlarda azərbaycanlı olmağın necə bir fəxr olunduğu dərk edildi.
Sonda T.Cəfərova xüssusilə vurğuladı ki, Prezident İlham Əliyevin sərəncamları ilə 27 sentyabr, “Anım Günü” və 8 noyabr, Şuşanın işğaldan azad edildiyi gün, “Zəfər günü” kimi tariximizə daxil oldu. Artıq Azərbaycan xalqının Qarabağ dərdi yoxdur, Şuşa kimi qanayan yarası yoxdur. İllərdir yurd yerlərindən, ev-eşiklərindən didərgin düşən soydaşlarımız ürəklərini sızladan Vətən ağrısına birdəfəlik şəfa tapdılar. Artıq güclü dövlət, bütöv AZƏRBAYCAN var. Artıq qartalımızın qanadı sınıq, göylərimizin üzü tutqun deyil. İndi hər bir azərbaycanlının bir müqəddəs amalı var: öz Müzəffər Liderinin səsinə səs verib viran qalmış yurd yerlərimizi gülüstana çevirmək. O gün uzaqda deyil. Necə ki, qalibiyyətin unudulmaz təntənəsi uzaqda olmadı.
Yaşadığımız günlər Azərbaycan tarixinin ən zəfərli, şanlı, şöhrətli günləridir. Biz xoşbəxtik ki, Azərbaycan tarixinin məhz bu dövründə yaşamaq bizə nəsib olub.
Azərbaycan xalqı öz Prezidenti, Ali Baş Komandanı İlham Əliyevin və Azərbaycan Ordusunun arxasındadır. Bu birlik Vətən müharibəsində qalib gəldiyi, Qarabağı qaytardığı kimi, Qarabağa həyat və inkişaf gətirəcək.
Yaşasın Azərbaycan Prezidenti!
Yaşasın Azərbaycan Xalqı!
Yaşasın Azərbaycan Əsgəri!