Bakı. Samir Əli - Trend:
Gəncədə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad edilib.
Trend-in məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Gəncədə səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı və digər rəsmilər Ulu Öndərin şəhərin baş meydanında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla anıblar.
Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikamızın elə bir regionu, bölgəsi, rayonu tapılmazdı ki, Ulu öndər Heydər Əliyev oraya bir neçə dəfə səfər etməsin. Azərbaycanın ikinci sənaye və mədəniyyət mərkəzi olan Gəncə də böyük şəxsiyyətin əhəmiyyət verdiyi şəhərlərdən olub. Gəncənin iqtisadi potensialı məhz Heydər Əliyevin rəhbərliyi dövründə yaradılıb.
Heydər Əliyev ümumilikdə Gəncəyə 8 işgüzar səfər edib. Bu səfərləri iki mərhələyə ayırmaq olar. Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi olduğu 1969-1982-ci illər və Azərbaycan Respublikasının Prezidenti olduğu 1993-2003-cü illər. Hər iki mərhələdə Heydər Əliyevin Gəncəyə 4 səfəri reallaşıb.
Onlardan ilki 1970-ci ildə baş tutub. Növbəti səfər 1977-ci ilə təsadüf edir. Daha iki səfər isə 1980-ci ildə reallaşıb.
Heydər Əliyev Azərbaycan respublikasının prezidenti seçildikdən sonra da ilk işgüzar səfərini Gəncəyə edib.
1993-cü ildə Ümummilli lider Gəncəyə iki dəfə səfər edib: 10 iyun və 13 dekabrda. 2000-ci il may ayında Heydər Əliyevin Gəncəyə iki günlük səfəri baş tutub. Ümummilli liderin Nizami yurduna son səfəri 2002-ci ilin sentyabrında baş tutub.
Bugünkü inkişaf dinamikası onu deməyə əsas verir ki, Ulu öndərin müəyyən etdiyi siyasət bütün ölkədə olduğu kimi, Gəncədə də uğurla icra edilir.
Qeyd edək ki, ölkədə tədbiq edilən xüsusi karantin rejiminin qaydaları nəzərə alınaraq sakinlər anım mərasimində iştirak etməyiblər. Bunula belə şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, bir neçə kollektiv üzvü ilə birlikdə gün ərzində Gəncənin baş meydanına gələrək, Ulu öndərin abidəsini ziyarət edəcəklər.