...

Azərbaycan regionda sülhün daimi olmasına maraqlıdır - Naqif Həmzəyev (VİDEO)

Siyasət Materials 21 Dekabr 2020 17:24 (UTC +04:00)
Azərbaycan regionda sülhün daimi olmasına maraqlıdır - Naqif Həmzəyev (VİDEO)

Bakı. Trend:

Müstəqil Azərbaycan öz gücü, iradəsi, milli kimliyi və malik olduğu siyasi potensialı ilə tarixi taleyini həll etdi, illərdir düşmən tapdağı altında qalan törpaqlarını işğaldan azad etdi. Ölkə Prezidenti İlham Əliyevin siyasi iradəsi sayəsində regionun sabitliyi və inkişafı kimi tarixi missiyanın həyata keçirilməsi reallığa çevrildi.

Bunu Trend-ə Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, regionda sülhün, inkişafın təmin edilməsinə təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın da çox ehtiyacı var. 44 günlük Vətən müharibəsi də göstərdi ki, Azərbaycan Qafqazda sağlam siyasi və iqtisadi mühitin yaranmasının bilavasitə təminatçısıdır. Müstəqil ölkəmiz, Ali BaşKomandanımızın rəhbərliyi lə sübut etdi ki, Cənubi Qafqazda sülhün və sabitliyin davamlı dövlət siyasətinə çevrilməsi hər bir dövlətin qarşısında zəruri məsələ kimi dayanmalıdır.

Dekabrın 18-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında Prezidentimiz İlham Əliyev müharibə başa çatandan sonra ölkəmizə vurulmuş ziyanın həcminin qiymətləndirildiyini, yaxın vaxtlarda bərpa işlərinin başlanacağını həmkarlarının diqqətinə çatdırarkən qeyd edib: ”Artıq yol tikintisinə dair ilk kontraktlar, digər infrastrukturla bağlı kontraktlar bağlanıb. Mən öz bəyanatlarımın birində demişəm ki, dost ölkələri Azərbaycana cəlb edirik və cəlb edəcəyik. Birinci kontrakt Türkiyə şirkəti ilə bağlanıb, ikinci kontraktı İtaliyadan olan bir şirkətlə bağlamaq planlaşdırılır. Fürsətdən istifadə edib Azərbaycanın dostluq münasibətləri saxladığı dövlətlərin, ölkələrin başçılarına müraciət etmək istərdim ki, onların şirkətləri də bu layihələrdə podratçılar kimi fəal iştirak etsinlər. Bərpa işlərini biz özümüz, öz vəsaitlərimiz hesabına maliyyələşdirəcəyik. Lakin biz istəyirik ki, şəhərlərimizin və kəndlərimizin bərpasına dost ölkələrdən olan şirkətlər cəlb edilsin. Qoy onlar da bu layihələri həyata keçirə bilsinlər və həmrəylik nümayiş etdirsinlər, ona görə ki, biz, heç şübhəsiz, bütün şəhərləri bərpa edəcəyik, Qarabağı dirçəldəcəyik və onu dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcəyik”.

Ölkə Prezidentimiz çıxışında qeyd etdiyi kimi dost ölkələr regionda baş verən beynəlxalq layihələrdə iştirak edəcək, regionda iqtisadi layihələrin inkişafına töhfələrini vermək imkanına sahibdirlər. Rusiya, Türkiyə, Gürcüstan, İran şirkətləri də bu proseslərə yaxından cəlb oluna bilərlər. Yeni çəkiləcək Laçın dəhlizi ilə paralel olaraq Naxçıvan üçün yeni yolun çəkilməsi işlərində mütləq beynəlxalq şirkətlər yaxından iştirak edəcəklər. Həmçinin, bu proseslərdə Türkiyə, İtaliya şirkətləri kimi Müstəqil Dövlətlər Birliyi ölkələrinin şirkətləri, xüsusi ilə də Azərbaycanın inkişafını, bu regionda sülhün daimi olmasını istəyən dövlətlər yaxından dəstək olacaqlar. Həmçinin gələcəkdə Ermənistan haqq yoluna gələrsə, səhflərindən nəticə çıxararsa, qonşu ölkələrə ərazi iddialarından əl çəkərsə, regionda sülhün daimi olmasını istəyəcəyi təqdirdə onlar da bu ticari layihələrdə iştirak edə biləcəklər.

Sözsüz ki, sosial-iqtisadi durumu getdikcə pisləşən Ermənistan üçün ən böyük problemlərdən biri də regionda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən transmilli layihələrdən kənarda qalmasıdır.

Təbii ki,işğaldan azad edilmiş ərazilərdə istər quru, istər dəmiryolu xətlərinin bərpası Azərbaycan iqtisadiyyatının inkişafı baxımından çox vacibdir. Eyni zamanda müstəqil Azərbaycanın sülhpərvər mövqeyi, qonşu, region və bütövlükdə əməkdaşlığa meylli olan bütün dövlətlərlə etibarlı əlaqələri regionun stabil inkişafı və təhlükəsizliyinin təminatında ölkəmizin üzərinə düşən rolu uğurla yerinə yetirdiyinin göstəricisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti