Bakı. İlhamə İsabalayeva - Trend:
Dünyanın həm qərb, həm də şərq ölkələrini birləşdirən nəhəng Zəngəzur dəhlizinin dəyəri yüksək qiymətləndirilir. Hesab edirik ki, bütün türk dünyasının xoşbəxt gələcəyi istiqamətində xüsusi əhəmiyyət kəsb edəcək bu addımların yüksək qiymətini tarix təsdiq edəcək.
Bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutu Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev deyib.
Onun sözlərinə görə, 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasında Zəngəzur qəzasının 3.637 kv. verstlik hissəsinin Ermənistana verilməsinə dair qərar qəbul edildi. 1920-ci il dekabrın 1-də Azərbaycanın Zəngəzur mahalının böyük bir hissəsi Ermənistana verildi. İkiyə bölünmüş Zəngəzurun Azərbaycanda qalan hissəsində Zəngilan, Qubadlı, Laçın rayonları yaradıldı. 1992-1993-cü illərdə isə Zəngəzurun bu əraziləri də Ermənistan tərəfindən işğal edildi:
"Bu tarixi ədalətsizliyi xatırladan Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük, halbuki sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır". 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə böyük sərkərdəlik və diplomatik məharəti ilə 30 il ərzində işğal altında qalan ərazilərimizi azad edən, qalib, xilaskar Prezident İlham Əliyev çox sadə dillə, məzmunlu və lakonik çıxış etdi".
Q.Hacıyev əlavə edib ki, Azərbaycan Prezidenti belə bir mötəbər kürsüdə Zəngəzurun işğalının Azərbaycan üçün nə demək olduğunu sadə və tutarlı şəkildə ifadə etdi. Bununla yanaşı Zəgəzurun indiyə qədərki vəziyyətinin türk dünyası üçün ağır zərbə olduğunu diqqətə çatdırdı. Hamıya məlum olmayan bu tarixi həqiqətin obyektiv şəkildə dəyərləndirilməsi əsrlərdən bəri bu günü gözləyən milyonlarla türkün və türkü sevənlərin ürəyincə oldu.
Alim qeyd edib ki, Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətli olacağını dilə gətirərək bunun bütün mexanizmini şərh etdi. Hətta bunun Azərbaycana qarşı bir qayda olaraq əks mövqe tutan, dümən mövqeyində dayanan, sülh danışıqlarına belə qeyri-konstruktiv yanaşan, indiyə qədər bütün iqtisadi layihələrdən kənarda qalmağa üstünlük verən Ermənistanın özü üçün əhəmiyyətli olacağına dair humanist fikir söylədi.
Bu çıxışdan göründüyü kimi iki əsrdən bəri Azərbaycanın işğal edilən ərazilərinin ilk dəfə azad edilməsini əyani təsdiq edən II Qarabağ müharibəsindəki qələbə Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə bərabər Azərbaycanın tərkib hissəsi olan Naxçıvan regionu ilə kəsilmiş əlaqəsi bərpa olunur. Eləcə də türk dünyası üçün iqtisadi, siyasi və mənəvi bağların birbaşa əlaqəsinin yaranması və inkişafı prosesi reallaşır.