...

Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli

Siyasət Materials 17 Aprel 2021 17:10 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Soydaşlarımız Ermənistandan deportasiya olunan zaman hakimiyyətdə olan nankor insanlar bu məsələləri nəinki dünya ictimaiyyətinə, o zaman Azərbaycanın daxil olduğu sovetlər birliyi çərçivəsində tanıtmadılar.

Bunu Trend-in “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə müsahibəsində Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli deyib.

Ə.Hüseynli bildirib ki, 87-88-ci illərdə 300 mindən çox azərbaycanlı Ermənistandan qovuldu, deportasiya olundu:

“Təəssüf ki, o zaman Azərbaycan hökuməti də, dövləti də bunun qarşısını almaq üçün heç bir tədbir görmədi. Görmək iqtidarında deyildi, niyyəti də yox idi. O ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Bəzi hallarda ermənilər bunu guya Azərbaycanın ermənilərə ərazi iddiası kimi təqdim etmək istəyirlər. Deyirlər Azərbaycan Qarabağı azad edib, indi başqa əraziləri tutacaqlar. Ermənilər bunu qəsdən edirlər, amma bununla bağlı Azərbaycan tərəfindən dəfələrlə rəsmi bəyanatlar verilib, Ali Baş Komandan söyləyib ki, bizim Ermənistana və yaxud da heç bir qonşu ölkəyə ərazi iddiamız mövcud deyil. Amma bu da o demək deyil ki, biz tarixən, yüz illərlə yaşadığımız ərazilərə mənəvi, tarixi iddiamızdan imtina etməliyik.

Bir daha vurğulayıram, 87-88-ci illər, üzərindən cəmi 32-33 il keçib. Biz hamımız tarixi torpaqlarımızı xatırlayırıq, çünki mən də daxil olmaqla biz orada olmuşuq, yaşamışıq və əlbəttə ki, bizim hamımızın arzusu o ərazilərə qayıtmaqdır, oranı görməkdir. Bunlar hamısı öz əksini tapmalıdır”.

Xalq Cümhuriyyəti dövründə İrəvanın Ermənisana güzəştə gedilməsi məsələsinə toxunan Ə.Hüseynli bildirib ki, bir sıra hallarda tarixçilər, siyasi ekspertlər bunu belə əsaslandırırlar ki, o zaman məcbur olublar, güzəştə gediblər və həm də Azərbaycan Xalqı Cümhuriyyəti qurulsun deyə:

“İndiki münaqişə zamanı da Azərbaycana təkliflər olunurdu ki, güzəştə gedin, əvəzində hansısa məsələlər həll olunsun, amma Azərbaycan dövləti, nə ulu öndər Heydər Əliyev, nə də Azərbaycan Prezidenti İlham Əliyev heç zaman belə güzəştə getmədi. Biz indi torpaqların işğaldan azad olunmasının nəticəsini görəndə və Bakıda Hərbi Qənimətlər Parkını görəndə görürük ki, elə bu zamana da ehtiyac var imiş.

Məhz indiki şəraitdə bu müharibədə belə uğurla və ən yaxşı nəticələrlə qalib gəlmək olardı. Biz əlbəttə ki, bundan sonra kommunikasiyaların açılması, xalqlarıızın inkişafı naminə bölgədə bütün ölkələrlə əməkdaşlıq olunması ruhundayıq, amma bu heç bir halda o demək deyil ki, biz tarixə baxışımızı dəyişdirə bilərik. Ermənistan da daim bilməlidir ki, onların yeganə şansı qonşudakı böyük dövlətlərlə, müsəlman dövlətləri ilə, türk dövlətləri ilə sülh şəraitində yaşamaqdır, onlar bütün qondarma ərazi iddialarından imtina etməlidirlər.

Bizim onlara nümayiş etdirdiyimiz bu qalibiyyət onlar üçün həm də yaxşı bir dərs olmalıdır. Onlar dərindən düşünsələr, görərlər ki, bu dərsin özü də onların xeyrinədir. Əgər onlar bundan düzgün nəticə çıxarsalar, gələcəkdə bir də bu vəziyyətə düşməzlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti