...

Şanlı qələbə hamımızı daxilən, mənən gəncləşdirdi, başıuca etdi - Reza Deqati

Siyasət Materials 8 Noyabr 2021 08:00 (UTC +04:00)
Şanlı qələbə hamımızı daxilən, mənən gəncləşdirdi, başıuca etdi - Reza Deqati

Bakı. Elnur Bağışov - Trend:

Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən, tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrilən Vətən müharibəsində tarixi Zəfərin birinci ildönümüdür.

1-ci və 2-ci Qarabağ müharibələrini yaxından izləyən dünya şöhrətli məşhur fotojurnalist Reza Deqati Trend-ə açıqlamasında hər iki müharibədə apardığı müşahidələrdən, gördüklərindən danışıb.

Məşhur fotojurnalist bildirib ki, Azərbaycanın işğal altında qalmış torpaqlarında 30 ilə yaxın mədəniyyət əsərlərinin məhv edilməsi onun daxilində hər zaman kədərə səbəb olub:

"Şanlı qələbə hamımızı daxilən, mənən gəncləşdirdi, başıuca etdi, istənilən planlarla bağlı insana ümid bəxş etdi.

Ötən bir neçə yüz ildə bizim torpaqlar həmişə işğala məruz qalıb, torpaqlarımızı itirmişik. Son 200 ildə birinci dəfədir ki, biz öz ərazilərimizi işğaldan azad etdik və doğma torpaqlarımıza qayıda bildik".

R.Deqati qeyd edib ki, 1-ci Qarabağ müharibəsi başlayanda artıq 12 il idi ki, fotojurnalist kimi fəaliyyət göstərirdi:

"Dünyanın bir çox yerində müharibələrin kadrlarını çəkmişdim. Çox təəssüflər olsun ki, müharibə başlayanda Azərbaycanda nə ordu, nə də silah-sursat var idi. Azərbaycanlı hərbçilərin əksəriyyəti könüllülər idi. Həmin dövrdə vahid siyasət də yox idi.

Digər tərəfdən 1-ci Qarabağ müharibəsində ermənilər mülki əhali arasında qorxu yaratmaq üçün Xocalı soyqırımını törətdilər”.

Məşhur fotojurnalist deyib ki, bir il əvvəl əks-hücum əməliyyatlarının başladığı ilk günlərdə müharibənin bu səviyyədə olacağını təsəvvür etmirdi: “Lakin sonradan məsələnin daha ciddi olduğunu anladım.

Başqa ölkələrdəki bütün müqavilələrimi ləğv edərək və yaxud təxirə salaraq Azərbaycana yola düşdüm. Bu məqsədlə müstəqil fotojurnalistləri dəstəkləyən jurnallar və agentliklərlə əlaqə saxladım. Lakin onlar Qarabağ məsələsində mənə heç bir dəstək vermədilər. Halbuki digər ölkələrdə belə hadisələr olduqda, dərhal məni dəstəkləyirdilər. Çünki onlar sadəcə Ermənistan tərəfinin fikirlərini yaymaq niyyətində idilər”.

R.Deqati 2-ci Qarabağ müharibəsində ən mühüm faktın Şuşanın azad edilməsi olduğunu deyib: “Azərbaycanlı əsgərlərin hansı yolla Şuşaya girdiklərini mənə deyəndə inana bilmirdim. Çünki mən Əfqanıstanda dağlarda müharibələri görmüşəm. Lakin Şuşaya məhz Azərbaycan əsgərlərinin getdiyi həmin yolla getmək mümkünsüz idi. Doğrudan da Şuşanın azad edilməsi böyük qəhrəmanlıq idi. Bunun haqqında filmlər çəkilməli, kitablar yazılmalıdır”.

O qeyd edib ki, fotojurnalistika sahəsində 40 illik təcrübəsi var: “Bir çox müharibələri görmüşəm. Müharibələri idarə edən rəhbərlərlə söhbətlərim olub. Bir müharibə üçün 3 istiqamət lazımdır. Birincisi siyasətdir, yəni siyasi rəhbərlik müharibəni diplomatiya baxımından idarə etməlidir. İkincisi hərbi istiqamətdir: müharibənin gedişatı və planları hazırlanmalıdır. Üçüncü isə informasiya istiqamətidir, yəni məlumatların dünya səviyyəsində çatdırılmasına nail olmaq. İlk dəfə idi ki, 2-ci Qarabağ müharibəsində bir şəxs bu üç istiqamətin hamısını idarə edirdi. Bu şəxs Azərbaycan Prezidenti Cənab İlham Əliyev idi. Mən müharibə başlayan andan çıxışları izlədikcə bu qənaətdə idim ki, müharibə sonuna qədər davam edəcək və qələbə ilə başa çatacaq. Bu, belə də oldu”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti