...

Ceyhun Bayramov BMT Baş katibinin müavinini Ermənistanın xarici terrorçulardan istifadə etməsi barədə məlumat verib

Siyasət Materials 24 Sentyabr 2021 17:04 (UTC +04:00)
Ceyhun Bayramov BMT Baş katibinin müavinini Ermənistanın xarici terrorçulardan istifadə etməsi barədə məlumat verib

Bakı. Trend:

23 sentyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində BMT Baş katibinin terrorla mübarizə üzrə müavini Vladimir Voronkov ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Terrorçuluğa qarşı Mübarizə Komitəsi arasında əməkdaşlıq məsələlərini müzakirə etdilər və terrorçuluğa qarşı mübarizədə birgə fəaliyyət üzrə fikir mübadiləsi apardılar.

Nazir C.Bayramov, ölkədə Qabaqcıl Sərnişin Məlumatı (API) və Sərnişin Adlarının Qeydiyyatı (PNR) sistemlərinin inkişaf etdirilməsində Azərbaycanın əlaqədar qurumlarına göstərdiyi texniki dəstəyə görə BMT-nin Terrorçuluğa qarşı Mübarizə Komitəsinə təşəkkürünü bildirdi.

Həmçinin, Azərbaycana qarşı son təcavüzü zamanı Ermənistanın xarici terrorçu döyüşçülərdən istifadə etməsi barədə qarşı tərəfə məlumat verən nazir Ceyhun Bayramov bu xüsusda, xaricdə yaşayan erməni icma üzvləri tərəfindən Azərbaycanın suveren ərazilərində terror fəaliyyətini maliyyələşdirmək üçün qeyri-kommersiya təşkilatlarından sui-istifadə etməsini diqqətə çatdırdı.

Vladimir Voronkov terrorçuluğa qarşı mübarizədə Azərbaycanın müsbət təcrübəsini təqdir etdi və bu təcrübənin digər ölkələrlə mübadiləsinin əhəmiyyətini vurğuladı.

Tərəflər, eyni zamanda, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti