...

Prezident İlham Əliyev: İndi Azərbaycanda pandemiya nəzarət altındadır

Siyasət Materials 4 Noyabr 2021 10:18 (UTC +04:00)
Prezident İlham Əliyev: İndi Azərbaycanda pandemiya nəzarət altındadır

Bakı. Trend:

İndi Azərbaycanda pandemiya nəzarət altındadır.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Biz pandemiya, bəziləri isə postpandemiya dövrü haqqında danışır. Bizim artıq postpandemiya dövründə olduğumuz aydın deyil. Çünki müxtəlif ölkələr bu məsələyə fərqli yanaşır. Sizə məlumat vermək istəyirəm ki, Azərbaycan bu xəstəliyin, böhranın baş qaldırdığı vaxtdan, lap əvvəldən həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə çox fəal addımlar atmışdır. Biz bu ilin yanvarın 18-dən regionda ilk ölkələrdən biri olaraq peyvəndləməyə başladıq. Bu vaxta qədər yaşı 18-dən yuxarı olan əhalinin 60 faizindən çoxu iki dozanı alıb. Nisbətən qısa müddət ərzində biz ümumi çarpayı sayı demək olar ki, 4 min olan 13 yeni dövlət xəstəxanası açdıq və ümumilikdə pandemiya ilə mübarizə aparmaq üçün 46 dövlət xəstəxanası ayrılmışdır. İndi bizdə qapanma yoxdur. Vəziyyət nəzarət altındadır. Yeganə məhdudiyyət ondan ibarətdir ki, biz daxili məkanlarda maska taxmaq məcburiyyətindəyik. Ümidvaram ki, biz vəziyyəti nəzarət altında saxlaya biləcəyik.

Eyni zamanda, biz, həmçinin əvvəllər olan qapanmaların yükünü azaltmaq üçün ciddi tədbirlər gördük. Biz işini itirmiş, qapanmalardan əziyyət çəkmiş insanlar üçün 2020-ci və 2021-ci illərdə sosial-iqtisadi yardım paketini ayırdıq və paketin ümumi dəyəri 2,9 milyard ABŞ dolları idi. Bu vəsait dövlət büdcəsindən maliyyələşmişdir. Biz bunu etməyə davam edəcəyik, çünki biz özlərini tamamilə yeni bir vəziyyətdə görən insanların üzərinə düşmüş yükü azaltmalıyıq. Biz əsasən iki peyvənddən istifadə edirik. “Sinovac” və “Pfizer”dən. Qeyd etdiyim kimi, peyvəndləmə səviyyəsi yüksəkdir. Bu, əlbəttə ki, dövlət siyasəti sayəsində mümkün olmuşdur. Eyni zamanda, bildirmək istərdim ki, əhalimizin bu məsələyə çox məsuliyyətlə yanaşması bizdə məmnunluq doğurur və peyvəndləmə məcburi deyil. Bizdə hər hansı bir antipeyvəndləmə kampaniyası və ya hətta antipeyvəndləmə tendensiyası yoxdur. Azərbaycan xalqı peyvəndləmənin vacibliyini anlayır və bu, bizim işimizi xeyli asanlaşdırır. Qlobal miqyasda Azərbaycan, həmçinin çox fəal addımlar atıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının hazırkı sədri olaraq ötən il bizim təşəbbüsümüzlə aprel və may aylarında hər iki təşkilatın COVID-ə həsr olunmuş xüsusi Zirvə görüşü keçirildi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti