...

10 noyabr Ermənistanın kapitulyasiyası və əbədi məğlubiyyət damğası - TƏHLİL

Siyasət Materials 10 Noyabr 2021 11:08 (UTC +04:00)
10 noyabr Ermənistanın kapitulyasiyası və əbədi məğlubiyyət damğası - TƏHLİL

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum – sülhə məcburetmə əməliyyatları nəticəsində ağır itkilər verən, ordusu darmadağın edilən Ermənistan 2020-ci il noyabrın 10-da təslimçilik bəyannaməsini imzalamağa məcbur oldu və qalib Azərbaycanın irəli sürdüyü şərtlər daxilində öz üzərinə həm Ağdam, Kəlbəcər və Laçın rayonlarının azad edilməsi, həm bütün hərbi birləşmələrinin Azərbaycan ərzilərindən çıxarılması, həm də Zəngəzur dəhlizinin və digər kommunikasiyaların açılması ilə bağlı öhdəlik götürdü.

Siyasi şərhçi Elçin Mirzəbəyli Trend-ə bildirib ki, şübhəsiz ki, kapitulyasiya aktının imzalanmasına qədər Ermənistan bir neçə dəfə atəşkəs müraciəti ilə çıxış etmiş və hər dəfə də qısa müddətli atəşkəsdən sonra öz mövqelərini möhkəmləndirməyə, Azərbaycan Ordusunun sürətli hücumunu dayandırmaq üçün ölkəmizə qarşı beynəlxalq təzyiqləri gücləndirməyə cəhd göstərmişdi.

“Amma Prezident İlham Əliyevin prinsipial və qətiyyətli mövqeyi, milli maraqlarımızın, döyüş meydanında əldə olunan nəticələrin diplomatik müstəvidə və informasiya məkanında cəsarətlə müdafiə olunması səbəbindən rəsmi İrəvanın səyləri nəticə vermədi və Ermənistanın kapitulyasiya sənədinə imza atmaqdan başqa seçimi qalmadı.

Qeyd edim ki, Ermənistan 10 noyabr 2020-ci il bəyanatının müvafiq müddəaları çərçivəsində və bu çərçivədən kənar müharibədə məğlub olan tərəf kimi üzərinə çoxsaylı öhdəliklər götürüb. 10 noyabrda imzalanan sənəd “bəyanat” adlandırılsa da de-fakto kapitulyasiya haqqında çərçivə sazişidir. Çərçivə sazişində isə, bir qayda olaraq bütün bütün məqamlar yer almır, daha dəqiq desək, ümumiləşdirilmiş şəkildə qeyd olunur. Sazişin mahiyyətindən irəli gələn digər məqamlar isə ya əlavə sənədlərlə, ya da şifahi razılaşmalar əsasında, işçi qruplarının fəaliyyəti çərçivəsində tənzimlənir. 2021-ci il yanvarın 11-də, Moskvada imzalanan sənəd də kapitulyasiya haqqında sənədin icrası ilə bağlı ilkin razılaşmanın imzalandığını və işçi qruplarının bu razılaşmanın həyata keçirilməsi ilə istiqamətində müvafiq addımlar atdığını sübuta yetirir.

Digər tərəfdən, iki və ya daha çox dövlət arasında imzalanan sənədlərin necə adlanmasından asılı olmayaraq, onlar beynəlxalq hüquqi statuslu sənədlər hesab olunur və tərəflərin üzərinə, sonradan və təbii ki, icra edilməyəcəyi təqdirdə beynəlxalq məhkəmələrin təhqiqat pretmetinə çevrilə biləcək öhdəliklər qoyur” - deyə ekspert əlavə edib.

E.Mirzəbəyli vurğulayıb ki, beynəlxalq təcrübədə müharibə aparan tərəflər arasında imzalanan çoxsaylı sənədlər var və onların bəziləri “kapitulyasiya aktı”, yaxud “qeyd-şərtsiz kapitulyasiya aktı”, bəziləri isə “bəyanat”, pakt” və s. adlanırlar.

“Unutmaq lazım deyil, bütün müharibələr və münaqişələr, həmçinin onların baş verdikləri zaman aralığındakı tarixi şərait bir-birindən fərqləndikləri üçün, kapitulyasiya və ya sülh sənədlərinin adları da, hətta mahiyyətləri də fərqli ola bilər.

Bu baxımdan, müharibələr və onların nəticələıri bir-birinə bənzəmədikləri kimi, təslim olan və qalib gələn tərəflər arasında imzalanan sənədlər də bir-birinə bənzəmirlər" - deyə Elçin Mirzəbəyli bildirib.

Onun sözlərinə görə, kapitulyasi anlayışının beynəlxalq hüquq müstəvisində şərhinə gəldikdə isə, Quruda müharibə qanunları və adətləri haqqında IV Haaqa Konvensiyasında bu akt, yaxud addım təslimçilik kimi tövsif olunur və həmçinin özündə məğlub tərəfin silahlı müqavimətə son qoyduğunu, qoşunlarını, hərbi birləşmələrini geriyə çəkmək barədə öhdəlik götürdüyünü ehtiva edir.

10 noyabr 2020-ci ildə Rusiyanın vasitəçiliyi ilə imzalanan kapitulyasiya bəyanatının 4-cü maddəsində də Ermənistan erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması barədə öhdəlik götürür ki, bu da sözügedən sənədin həm mahiyyət etibarilə, həm də hüquqi baxımdan kapitulyasiya aktı oldunuğüna təsdiqləyir.

"Ermənistanın təslimçi tərəf kimi üçtərəfli bəyanatda üzərində götürdüyü digər öhdəliklər, o cümlən Ağdam, Kəlbəcər və Laçın rayonlarının müqavimətsiz təhvil verilməsi ilə bağlı məqamlar da rəsmi İrəvanın məğlubiyyətlə barışdığını və vasitəçi tərəfin iştirakı ilə müvafiq şərtlər daxilində müharibənin dayandırılması barədə Azərbaycana müraciət etdiyini sübuta yetirir.

Bununla yanaşı, 10 noyabr bəyanatının 9-cu bəndində yer alan istiqamətləri, xüsusilə də Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı öhdəlikləri, həmçinin dəhlizlə bağlı məsələnin Azərbaycan ilə Ermənistan arasında 30 ilə yaxın davam edən münaqişə dövründə heç bir vaxt müzakirə predmeti olmadığı nəzərə alınarsa, kapitulyasiyanın mahiyyəti və mənzərəsi tamamilə aydın olur" - deyə ekspert vurğulayıb.

"Bununla yanaşı, unutmaq lazım deyil ki, müasir dünyada qeyd-şərtsiz kapitulyasiyanın və kapitulyasiya rejimlərinin tətbiqi mümkün deyil. Nə BMT Nizamnaməsi, nə də çağdaş beynəlxalq hüququn norma və prinsipləri antihumanist davranış qaydaları ilə müşayiət olunan təslimçilk aktlarının qəbuluna və həyata keçirilməsinə imkan vermir. Məsələn, İkinci Dünya Müharibəsinin sonunda qeyd-şərtsiz kapitulyasiyaya uğradığını bildirən Yaponiya Potsdam bəyannaməsinin prinsiplərini qəbul etdiyini və üzərinə götürdükləri öhdəlikləri vicdanla yerinə yetiricəyini elan etmişdi.

Məlum olduğu kimi, Azərbaycan müharibənin dayandırılmasının şərtlərini, deklarasiya formasında olmasa da, Ali Baş Komandanın bəyanatlarında Ermənistanın diqqətinə çatdırmışdı. Eyni zamanda, diqqətə almaq lazımdır ki, Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri, mahiyyət etibarilə Potsdam bəyannaməsindən daha yüksək hüquqi statusa malikdir" - deyə ekspert E.Mirzəbəyli əlavə edib.

Milli Məclisin deputatı Elşən Musayev isə Trend-ə açıqlamasında bildirib ki, 10 noyabrda imzalanan 3 tərəfli bəyanat əslində Ermənistanın məğlubiyyət etirafı idi.

“Müharibədəki uğursuzluqdan və Azərbaycanın mütləq qələbəsindən sonra Paşinyan komandasının başqa çıxış yolu qalmadı və geri çəkilməyə, diz çökməyə, kapitulyasiya aktını imzalamağa məcbur oldu. Əsas da Azərbaycanın qəhrəman ordusu Şuşanı işğaldan azad edəndən sonra artıq düşmən tərəfin acı məğlubiyyəti dəqiq idi. Üstəlik, 44 günlük müharibədə illərdir Ermənistan ordusu haqda yaranan mif də darmadağın oldu, 30 ildən sonra əzəli torpaqlarımız işğaldan azad edildi, “dəmir yumruq” ermənilərin başını əzdi” - deyə E.Musayev qeyd edib.

Deputat vurğulayıb ki, 10 noyabr əslində böyük tarixdir. Bu tarixdə imzalanan 3 tərəfli bəyanata əsasən Azərbaycanın 3 rayonu, qansız və itkisiz azad edildi. Daha dəqiqi, ermənilər öhdəlik götürdülər ki, qeyd olunan tarixdə onlar həmin torpaqlardan çıxacaqlar. Çünki başqa çarələri qalmamışdı. Anlayırdılar ki, müharibə davam etsə Ermənistan ordusu daha böyük itki ilə üzləşəcək. Ona görə də həmin bəyanatı imzaladılar. Daha doğrusu imzalamağa məcbur oldular. Əslində bu Ermənistan üçün bir tək bəyanat deyildi, bu həm də kapitulyasiya idi, bu Ermənistanın məğlubiyyət sənədi idi, bu Ermənistanın çöküşü, dizini yerə qoyması, imdad diləməsi idi.

"Hazırda əsas məsələlərdən biri Ermənistanın 10 noyabr razılaşmasına görə öhdəlik götürdüyü Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Yəni, Ermənistan bunun üçün şərait yaratmağa, bu öhdəliyi yerinə yetirməyə borcludur. Əks halda özünü yenə də çətin vəziyyətə salacaq və uğursuzluqları daha böyük olacaq. Zəngəzur dəhlizinin alternativi yoxdur. Həmin dəhliz nəyin bahasına olursa olsun açılmalıdır. Yox əgər Ermənistan məlum öhdəliyi yerinə yetirməkdən boyun qaçırmağa cəhd etsə, bu ona baha başa gələcək - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti