...

Soçi sammitinin nəticələri Azərbaycanın mövqeyini tam əks etdirir - Korotçenko

Siyasət Materials 27 Noyabr 2021 16:58 (UTC +04:00)
Soçi sammitinin nəticələri Azərbaycanın mövqeyini tam əks etdirir - Korotçenko

Bakı. Ləman Zeynalova - Trend:

Soçi sammitinin nəticələri Azərbaycanın mövqeyini tam əks etdirir.

Bunu Trend-ə Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" jurnalının baş redaktoru, məşhur hərbi ekspert İqor Korotçenko deyib.

"Soçi sammitinin yekunları Rusiya prezidenti Vladimir Putinin və Azərbaycan Prezidenti İlham Əliyevin siyasi qələbəsidir. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının dəstəyi ilə dekabrda sammit keçirməyi və bu sammiti Rusiyanı Cənubi Qafqazda vəziyyətin tənzimlənməsindəki rolundan çıxarmaqla Azərbaycana qarşı siyasi ittiham prosesinə çevirməyi planlaşdırırdı. Ona görə Paşinyan Rusiyaya dəvət olunmasına baxmayaraq, noyabrın 9-da səfər etmədi və Aİ-nin dəstəyi ilə Brüsseldə alternativ tədbir təşkil etdi. Ona görə də Putin bütün diplomatik-siyasi təzyiq tədbirlərindən istifadə etdi ki, Paşinyanı Brüsselə səfərdən əvvəl Soçiyə gəlməyə vadar etsin. Burada, əlbəttə ki, Prezident Vladimir Putin - Prezident İlham Əliyev tandemi, Paşinyan-Aİ tandemindən daha güclü və səmərəli oldu. Ona görə də sammitin yekunları Azərbnaycanın mövqeyini tam əks etdirir", - deyə ekspert bildirib.

İ.Korotçenko qeyd edib ki, ilk növbədə, V.Putin bir daha məhz nəqliyyat dəhlizi sözünü işlətməklə Zəngəzur dəhlizinin işə salınmasının zəruriliyini vurğulayıb.

"Bu, dəhlizin eksterritorial statusunu ifadə edir. Orada heç bir erməni nəzarət orqanı olmayacaq. Beləliklə, Azərbaycan üçün Naxçıvana, oradan da Türkiyəyə birbaşa yol açılır. Bu, uğurun birinci vacib amilidir. Bu, həm Rusyanın, həm də təbii ki, Azərbaycanın maraqlarını əks etdirir. Bu halda Ermənistanın fikri diqqətə alınmayıb. Sammitin ikinci vacib məqamı sərhədin demarkasiyası prosesinin başlaması ilə bağlıdır. Putin dəqiq bildirdi ki, ikitərəfli komissiya yaradılacaq. Beləliklə, o, bu komissiyanın üçtərəfli olması və Rusiyanın Yerevanın maraqlarını müdafiə etməsi ilə bağlı arzularını nəzərə almadı. O bildirdi ki, Bakı ilə birbaşa danışmaq lazımdır. Rusiya zəruri məsləhət xidmətləri göstərəcək, amma bu, ikitərəfli format olmalıdır. Bununla da Putin öz mövqeyini bir daha sərgilədi", - ekspert vurğulayıb.

Onun sözlərinə görə, sammitin nəticələri ümumilikdə regionda vəziyyətin tənzimlənməsi üzrə Rusiya və Azərbaycanın malik olduğu vahid yanaşmaları və yaxınlaşma siyasətini əks etdirir.

"Ermənistanı isə Paşinyanın ötən ilin noyabrında imzaladığı üçtərəfli bəyanatı həyata keçirməyə vadar edirlər. Soçidə imzalanmış bəyanatda əsir və girovlar haqqında məsələnin yer almamasına gəldikdə isə, heç bir əsir yoxdur. Qarabağda döyüş əməliyyatlarının başa çatmasından və əsirlərin mübadiləsi prosesindən sonra Azərbaycan ərazisində əli silahlı saxlanan terrorçular var. Özü də onlar Azərbaycan ərazisinə Ermənistandan keçiblər. Əsirlərin mübadiləsi prosesi başa çatıb. Ona görə də onlar terrorçudur və onlara münasibətdə Azərbaycan məhkəməsinin zəruri tədbirləri tətbiq olunur. Paşinyanın bu məsələni qabartmaq cəhdlərinin qarşısı Putin tərəfindən dərhal alındı və bu məsələ sammitdə müzakirə olunan məsələlər sırasında yer almayıb. Amma aydındır ki, Paşinyan bu mövzunu Brüsseldə qaldıracaq və Brüssel sammitini Azərbaycana qarşı şikayətlər kitabı qismində istifadə edəcək", - deyə İ.Korotçenko sözlərini yekunlaşdırıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti