...

Qoca qitədə yeni ordu - NATO-ya alternativ, yoxsa dəstək?

Siyasət 26 Yanvar 2022 21:05
Qoca qitədə yeni ordu - NATO-ya alternativ, yoxsa dəstək?

Trend-i buradan izləyin

Bakı. Trend:

2022-ci ilin yanvar ayından etibarən Fransa Sloveniyadan sonra altı ay müddətinə Avropa İttifaqı (Aİ) Şurasına sədrlik etməyə başlayıb. 2008-ci ildə sabiq Fransa dövlət başçısı Nikola Sarkozi Aİ-nin böyük maraqlarını müəyyənləşdirən və üzv olan ölkə başçılarını bir araya toplayan Avropa Şurasının prezidenti vəzifəsini icra edirdi və bu dövr daha çox "böhran prezidentliyi" adlandırılırdı. Çünki həmin dövrdə Rusiya ilə Avropa arasındakı geosiyasi vəziyyət çox gərgin idi və Avropa müasir dövrün ən böyük birja böhranı ilə üz-üzə qalmışdı.

COVİD-19 pandemiyası və onun doğurduğu fəsadlar var və rəsmi olaraq Paris bir sıra Afrika və Asiya ölkələri ilə diplomatik əlaqələrində böhran yaşayır. Demək olar ki, prezident Emmanuel Makronun sədrliyi heç şübhəsiz Sarkozinin rəhbərliyindən daha fərqli olacaq.

Fransanın Aİ şurasına sədrliyi səhiyyə, enerji və miqrasiya böhranları fonunda, xüsusən də Ukrayna-Rusiya münaqişəsinin qızışdığı bir vaxtda Aİ-nin şərq sərhədində artan gərginlik dönəminə təsadüf edir. Makron 2021-ci ildə çıxışı zamanı şengen zonasında islahatlar aparmaqla miqrasiya problemlərini aradan qaldırmaq üçün Avropa sərhədlərinə nəzarətin təkmilləşdirilməsini vurğulayıb. Afrika qitəsinin hər zaman Parisin maraq dairəsində olduğunu ön plana çəkən Makron bu ilin fevral ayında Brüsseldə Aİ-Afrika Sammitinin keçiriləcəyini də bəyan edib.

Fransanın sədrliyi dövründə digər əsas prioritetlərdən biri də Aİ-nin müdafiə siyasətini daha da gücləndirməkdən ibarətdir. Aİ hazırda “Avropa Strateji Kompası” (Ağ Avropa müdafiə və təhlükəsizlik sənədi) üzərində işləyir. Bu sənəd Aİ-nin növbəti onillik üçün təhlükəsizlik və müdafiə ilə bağlı müəyyənedici ambisiyalarını ön plana çəkir və Brüsselə Avropanın təhlükəsizlik öhdəliklərini bilavasitə həyata keçirməyə imkan yaradır. Sənədin təxminən 2022-ci ilin birinci yarısında qəbul ediləcəyini nəzərə alsaq, bu dönəmin Fransanın Aİ şurasına sədrliyi ilə üst-üstə düşəcəyini ehtimal edə bilərik. Aİ-nin müdafiə siyasətindən bəhs etmişkən, bir nüansı da xatırladaq ki, Prezident Makron Avropanın ABŞ və NATO-dan asılılığını minimuma endirmək üçün Avropa ordusunun yaradılmasını da fəal şəkildə təşviq edir.

Elə isə, belə bir sual yaranır, bu ordu NATO-ya alternativ ola bilərmi, əgər ola bilərsə də, NATO bunu necə qarşılayacaq?

Məlumdur ki, ümumi Avropa müdafiəsinin yaradılmasının zəruriliyi haqqında çağırışlar yeni müzakirə mövzusu deyil. Hələ 2016-cı ilin aprelində Fransanın sabiq prezidenti Fransua Olland (2012-2017) artıq terrorizmə qarşı mübarizə aparmaq üçün “Avropa Müdafiəsi”nin yaradılması istəklərini dilə gətirmişdi. Bundan sonra isə 2017-ci ilin sentyabrında Sorbonnadakı çıxışı zamanı Emmanuel Makron 2020-ci ilə qədər Avropanın “ümumi müdaxilə qüvvəsi”nin yaradılması üçün çağırış etmişdi.

Ötən ilin yadda qalan hadisələrindən biri də Aİ-nin NATO ordusunun müdaxiləsi olmadan vətəndaşlarını Əfqanıstandakı böhran zamanı təxliyə edə bilməməsidir.

Makronun Avropa ordusunun yaradılması təklifi bu qitəyə yenidən öz suverenliyini verməyi hədəfləyir. Makron çıxışlarından birində “ABŞ dəyər baxımından böyük tarixi dost və müttəfiqdir, lakin biz qeyd etmək məcburiyyətindəyik ki, ABŞ on ildən artıqdır ki, bütün diqqətini öz maraqlarına yönəldir və Amerikanın yenidən Çin və Sakit okeana doğru istiqamətlənən strateji maraqları var. Bu onların hüququdur, öz suverenliyidir”, - deyə bildirmişdi.

“Biz, avropalılar öz müdafiəmizi özümüz təmin etməliyik. Bu, ABŞ-la yaradılmış müttəfiqliyə alternativ deyil, əsasən, NATO çərçivəsində Avropanın müdafiəsini üzərimizə götürmək anlamındadır. Biz öz müdafiəmiz üçün daha çox məsuliyyət daşıyırıq və mən hesab edirəm ki, bunu etmək bizdən asılıdır”, - Makronun bu sözləri isə bəzi siyasi dairələrdə məhz NATO ordusuna alternativ yaratma istəyi kimi qəbul edilmişdi.

Lakin aydın olur ki, Avropa ordusunun yaradılması, NATO-ya alternativ deyil, alyans modeli əsasında yaradılacaq. Demək olar ki, bu və ya digər böhranlı vəziyyətlərdə, Amerika müdaxilə etməkdən boyun qaçırarsa, 27 üzv dövlət Avropa səviyyəsində müdaxilə etməyə qadir olmalıdır.

Maraqlıdır, görəsən, ordunun yaradılması üçün lazımi resusrslar varmı?

Axı, Avropa ordusunun yaradılması müdafiə sahəsinə irimiqyaslı sərmayələrin yatırlımasını mütləq şəkildə zəruri edir. 2021-ci ildə 39,2 milyard avroluq ordu büdcəsi ilə Fransa Avropa Birliyi ölkələri siyahısında birinci yerdə qərarlaşıb. Lakin bir sıra digər dövlətlər hələ də NATO-nun 2006-cı ildə təyin etdiyi ÜDM-in 2%-i hədəfinə çatmaq üçün güclü iradə nümayiş etdirməyiblər.

Avropanın ordu quruculuğuna NATO-nun münasibətinə gəldikdə isə dəfələrlə Aİ-nin müdafiə təşəbbüslərini dəstəklədiyini bildirən NATO baş katibi Yens Stoltenberq Britaniyanın “The Telegraph” qəzetinə verdiyi müsahibəsində bildirib ki, “Aİ-nin İttifaqın müdafiə qabiliyyətini gücləndirmək təşəbbüsləri NATO-nun gücünü nə təkrarlamamalı, nə də ki, zəiflətməməlidir”.

Onun fikrincə, bu kimi təşəbbüslər Avropanı parçalanmaq təhlükəsilə üz-üzə qoymuş olacaq. "Cənubda Türkiyə, şimalda Norveç və İslandiya, qərbdə isə ABŞ, Kanada və Böyük Britaniya. Əgər xəritəyə nəzər yetirsək, bu dövlətlər bütün Avropanın qorunması baxımından böyük əhəmiyyət kəsb edirlər”, - deyə Stoltenberq alyansın coğrafi miqyasını dəyərləndirərkən bildirib. O, hətta hesab edib ki, “alternativ strukturlar yaratmaqla bütün transatlantik əlaqələri zəiflətmək cəhdi nəinki NATO-nu zəiflədəcək, həm də Avropanı parçalayacaq”.

Söylənilənlərin məntiqi nəticəsi kimi demək olar ki, “nəyin bahasına olursa-olsun” qitənin ABŞ-dan asılılığını azaltmaq naminə məhdud resurslarla komanda strukturlarını yaratmaq cəhdi iki ittifaq (Aİ və NATO) arasındakı əməkdaşlıq imkanlarını çox zəiflədəcək.

Samid Nəsirov
Trend İnformasiya Agentliyinin Təhlil Şöbəsi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti