...

Azərbaycan-Avropa İttifaqı əlaqələri sürətlə inkişaf edir

Siyasət Materials 21 Fevral 2022 20:39 (UTC +04:00)
Azərbaycan-Avropa İttifaqı əlaqələri sürətlə inkişaf edir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 21-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bir çox vacib məsələlər ətrafında geniş müzakirə aparıldı.

Milli Məclisin deputatı Sevinc Hüseynova Trend-in sualına cavab olaraq bildirib ki, bu il Azərbaycan Respublikası bir çox Avropa ölkələri ilə diplomatik münasibətlər qurmasının 30 illiyini qeyd edir.

“Bu gün Azərbaycan Avropa İttifaqı ilə çox səmərəli əməkdaşlıq edir. Azərbaycan Avropa İttifaqına daxil olan 10-dan artıq ölkə ilə strateji tərəfdaşdır. Bu illər ərzində iki ölkə arasında çoxlu sayda yüksək səviyyəli səfərlər həyata keçirilib ki, bu da əlaqələrimizin inkişafına mühüm töhfə verir. Bu səfərlər içərisində 2021-ci il dekabrın 13-də Prezident İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün Brüsselə səfərini xüsusi qeyd etmək olar”, - deyə deputat bildirib.

O qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təhmin edilməsində mühüm rol oynayır.

“2022-ci il fevralın 4-də Bakıda "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısının keçirilməsi, o cümlədən Azərbaycanın bu mühüm enerji layihəsinin həyata keçirilməsində liderliyi ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunu bir daha təsdiq edir”, - deyə S.Hüseynova əlavə edib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov da Trend-ə bildirib ki, bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edir, tərəflər arasında konstruktiv dialoq mövcuddur, Azərbaycan-Avropa İttifaqı əlaqələri şaxələndirilmiş xarakter alıb, bir çox vacib sahələri əhatə edir.

“Bu baxımdan, Aİ-nin Azərbaycana müxtəlif layihələrin dəstəklənməsi üçün iki milyard avro dəyərində güzəştli kredit xətti ayrması əlaqələrin müsbət inkişafının göstəricisidir.

Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirak etmək üçün bu yaxınlarda Azərbaycana səfər edən Aİ-nin iki komissarının Azərbaycan - Avropa İttifaqı əlaqələrinə dair apardığı müzakirələr çox səmərəli keçib. Prezident Şarl Mişel Azərbaycan-Avropa İttifaqı münasibətlərinə, həmçinin Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasına önəmli dəstək verir. Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığa dair yeni saziş üzrə danışıqlar tezliklə yekunlaşacaq”, - deyə deputat bildirib.

O qeyd edib ki, bu münasibətlərin yüksək səviyyədə olduğunu göstərən digər bir amil 2021-ci il dekabrın 13-də Prezident İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün Brüsselə səfəri, 2021-c il dekabrın 14-də Prezident İlham Əliyevin Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirakıdır.

“İclasda Azərbaycan-NATO əməkdaşlığı və praktiki müstəvidə əməkdaşlığın inkişafı, Alyansın Əfqanıstanda keçirilən "Qətiyyətli dəstək" missiyasına ölkəmizin töhfəsi, Azərbaycanla NATO arasında planlaşdırma analiz prosesi və digər proqramlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri, Azərbaycanın Avropanın enerji təchizatında rolu, regional proseslər barədə ətraflı fikir mübadiləsi aparıldı.

Eyni zamanda, 2022-ci il fevralın 4-də Bakıda "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirildi. Bu, onu göstərir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ciddi rol oynayır və Avropa İttifaqı bu münasibətləri yüksək qiymətləndirir”, - deyə deputat bildirib.

O əlavə edib ki, 2022-ci il fevralın 15-də NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi, NATO-nun Baş katibinin ötən ilin dekabrında NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxışına görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə etməsi də əlaqələrin yüksək inkişafından xəbər verir.

“Yekun olaraq söyləyə bilərik ki, bu gün Aİ ilə Azərbaycan arasında əlaqələr yüksək sürətlə inkişaf edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayır”, - deyə C.Məmmədov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti