...

Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmaqdadır - TƏHLİL

Siyasət Materials 10 Mart 2022 11:42 (UTC +04:00)
Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmaqdadır - TƏHLİL

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artmaqdadır. Dünyada baş verən hadisələr fonunda inkişaf etmiş ölkələrin Azərbaycan prezidenti ilə müxtəlif platformalarda keçirilən görüşləri ölkənin beynəlxalq nüfuzundan xəbər verir.

Milli Məclisin deputatı Vüqar İskəndərov Trend-ə açıqlamasında deyib ki, xüsusilə qlobal səviyyədə iqtisadi mənzərənin yenidən formalaşmasında artıq dünya dövlətləri də görür ki, Azərbaycan dünyada baş verən iqtisadi proseslərin müəyyən qədər mərkəzində yer almalıdır.

“Prezident İlham Əliyev Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolsonu qəbul edərkən bir daha qeyd olundu ki, Azərbaycan 30 illik müstəqillik yolunda necə özünü sadiq və inamlı tərəfdaş kimi dünyaya təqdim edə bilib. Bu gün Azərbaycanın Böyük Britaniya ilə çox sıx və yüksək səviyyədə münasibətləri var. Dünyanın nəhəng şirkətlərindən BP-nin Azərbaycandakı fəaliyyəti, işğaldan azad olunmuş ərazilərə Britaniya şirkətələrinin cəlb olunması bir daha sübut edir ki, Azərbaycanda investisiya mühiti üçün çox münbit şərait yaradılıb. Bunun nəticəsidir ki, bu ölkənin şirkətləri artıq azad olunmuş torpaqlarda fəaliyyətə başlayıb”, - deyə deputat bildirib.

Onun sözləriə görə, xüsusilə enerji sahəsində Avropa ölkələrinin Azərbaycana üz tutması əlbəttə başadüşüləndir.

“Çünki bu gün Avropanın üzləşdiyi böhran vəziyyəti özünə alternativ mənbələr tapmağa sövq edir. Belə bir vəziyətdə də sadiq tərəfdaş Azərbaycan bu dövlətlər üçün ən optimal variantdır. İtaliya Respublikasının Nazirlər Şurasının Sədri Mario Draqi ilə telefon görüşünü də buna misal göstərmək olar. Görüşdə enerji sahəsində əməkdaşlıqda Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik təbii qaz boru kəmərinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Azərbaycan İtaliyanın neft təchizatında 1-ci, qaz təchizatında isə 3-cü yer tutur”, - deyə V.İskəndərov əlavə edib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Vasif Hüseynov da Trend-ə bildirib ki, Azərbaycanın müstəqil xarici siyasəti yeritməsi beynəlxalq müstəvidə ölkəmizə qarşı diqqəti və hörməti artırır.

O qeyd edib ki, bu gün Avropa siyasi məkanında yaranmış gərgin hərbi-siyasi vəziyyətdə Azərbaycan kimi kiçik əraziyə sahib digər əksər dövlətlər hansısa hərbi, siyasi, iqtisadi blokun üzvüdür və buna görə də həmin bloklarda dominantlıq edən dövlətlərin siyasi kursunu davam etdirmək məcburiyyətindədir.

“Azərbaycan isə bütün bu cür bloklardan uzaq durmağı bacararaq, ölkəmizin milli maraqlarının tələb etdiyi addımları atmağı bacarır.

120 dövlətin üzv olduğu və BMT-dən sonra dünyanın ən böyük ikinci təşkilatı olan Qoşulma Hərəkatına dövlətimizin sədrliyi və bu təşkilat tərkibində aktiv iştirakı da Azərbaycan xarici siyasətinin əsas prinsiplərinin və prioritetlərinin ifadəsidir. Bu mövqe, əlbəttə ki, ilk növbədə dövlətimizin təhlükəsizliyinin təminatçısıdır, digər tərəfdən isə ona beynəlxalq müstəvidə aktiv və müstəqil oyunçu kimi fəaliyyət göstərmək imkanı yaradır.

Bunun nəticəsidir ki, Ukrayna müharibəsi başlayan gündən Qərbin bir neçə nüfuzlu dövlətinin başçısı Azərbaycan Prezidenti ilə ünsiyyət saxlamış, ona zəng etmiş və ölkəmizin mövqeyi, onun növbəti addımları, eyni zamanda Avropanın enerji təhlükəsizliyində oynadığı və bundan sonra oynaya biləcəyi rolu və verdiyi töhfəni müzakirə etmişlər.

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun Azərbaycana səfəri, dövlətin müxtəlif rəsmi şəxləri ilə görüşləri, bundan əvvəl İtaliya Nazirlər Şurasının sədri Mario Draqiin Prezident İlham Əliyevə zəngi, Fransa Prezidentinin, Britaniya Baş nazirinin və s. məktubları və s. Azərbaycan dövlətinin və Prezidentinin nüfuzu, ölkənin beynəlxalq arenada yerinin və rolunun yüksəlməsinin əyani göstəricisidir”, - deyə V.Hüseynov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti