...

Xankəndinin qaz təchizatında hansısa gizli məqamların axtarılması cəfəngiyyatdır - ŞƏRH

Siyasət Materials 23 Mart 2022 13:40 (UTC +04:00)
Xankəndinin qaz təchizatında hansısa gizli məqamların axtarılması cəfəngiyyatdır - ŞƏRH
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya sülhməramlılarının müvəqqəti müşahidə zonasına daxil olan Azərbaycan ərazilərində yaşayan etnik ermənilərin, onların separatçı tör-töküntülərinin və Ermənistanın təbii qazla bağlı yaranmış problemin ətrafında yaratdıqları “humanitar şou” məqsədyönlü xarakter daşıyır və diqqəti Şərqi Avropada baş verən müharibənin doğurduğu real humanitar fəlakətə münasibətdə Ermənistanın sərgilədiyi pis nümunədən yayındırmağa, dünyada separatizmə qarşı kəskin münasibətin formalaşdığı bir zaman kəsiyində Qarabağdakı separatizm amilinin ümuni kontekstdən çıxarılaraq təqdim edilməsi üçün bəhanə yaradılmasına xidmət edir.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, kimsəyə sirr deyil ki, qaz xəttinin yerləşdiyi ərazilərdə Rusiya sülhməramlıları yerləşib və bu ərazilərin Ermənistana hər hansı bir aidiyyəti yoxdur.

"Bu baxımdan, Ermənistanın təbii qazın verilməsi ilə bağlı bütün iddialarına və sərsəm mülahizələrinə son qoyulmalıdır. Digər tərəfdən, Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində ermənilərin həyata keçirdiyi ekoloji terroru, çayların çirkləndirilməsini, meşələrin məhv edilməsini kimsə unutmayıb. Ermənilər Sərsəng su anbarına gələn suyu yayda bağlayıb, qışda açmaqla Azərbaycanın digər yaşayış məntəqələri üçün böyük problemlər yaradırdılar və bu fakt Avropa Şurası Parlament Assambleyasının qətnaməsində də öz əksini tapıb", - deyə E.Mirzəbəyli deyib.

O qeyd edib ki, bu gün etnik ermənilərin təbii qazla təmin olunması ilə bağlı yaranmış texniki problemlə bağlı hay-küy qoparanlar 1 il 4 ay bundan öncəki vəziyyətə nəzər salsalar, “məzlum” obrazında təqdim etdikləri ermənilərin amansız, qaniçən simalarını daha aydın görə bilərlər.

"Burada bir məqama da diqqət çəkməyi vacib hesab edirəm: Azərbaycan ərazilərinin işğal altında olduğu zaman kəsiyində də, istər Xankəndidə, istərsə də etnik ermənilərin yaşadığı digər ərazilərdə mütəmadi olaraq təbii qazın və elektrik enerjisinin verilməsi ilə bağlı problemlər yaşanıb. Bununla bağlı internet resurslarında saysız-hesabsız məlumatlar və təsdiqləyici faktlar var. Məgər həmin dövrdə də təbii qazın verilməsinə Azərbaycan mane olurdu?

Təbii qaz xətlərində texnogen qəzaların baş verməsi sıradan bir texniki problemdir. Eyni problemlər dünyanın hər yerində yaşanır. Bu gün Azərbaycanın bir çox bölgələrinə qar yağması səbəbindən qaz təchizatında problemlər yaşanır. Ölkənin 97-98 faizi qazlaşdırılsa da, hələ də bir sıra rayonların ucqar kəndlərində qaz təchizatı ilə bağlı problemlər var. Eyni problemlər Ermənistan ərazilərində də tez-tez yaşanır. Bu baxımdan, dəniz səviyyəsindən 853 metr yüksəklikdə yerləşən Xankəndinin qaz təchizatında hansısa gizli məqamların axtarılması cəfəngiyyatdır və belə yanaşmalar, bütövlükdə, bölgədə sülhün, təhlükəsizliyin təmin edilməsinə mane olur, bölgənin təhlükəsiz gələcəyinə zəmanət verən etimadlı münasibətlərin formalaşmasına imkan vermir", - deyə E.Mirzəbəyli əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti