Bakı. Trend:
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın böyük rolu var. Artıq Azərbaycan neft ilə yanaşı Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixrac edir və Avropanın qaz bazarında ölkəmizin yeri möhkəmlənməkdədir.
Məsələ ilə bağl Trend-ə açıqlama verən Milli Məclisin deputatı Cavid Osmanov deyib ki, Prezident İlham Əliyev tərəfindən aparılan düşünülmüş siyasət nəticəsində Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm aktora çevrilib.
“Cənab Prezident tərəfindən həyata keçirilən enerji siyasəti sayəsində Azərbaycanın təbii qazı Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm və vacib bir rol oynayr. Burada TANAP və TAP layihələrini xüsusi qeyd etmək lazımdır. Kimlərsə zamanında bu layihənin gerçəkləşəcəyinə şübhə ilə yanaşırdı.
Ancaq Azərbaycan qətiyyətli mövqeyi, cənab Prezident İlham Əliyevin yorulmaz və düşünülmüş fəaliyyəti bu layihənin reallaşmasına imkan verdi və artıq Azərbaycan qazı Avropaya nəql edilir. TANAP boru kəməri ilə 2021-ci ildə Türkiyə və Avropaya ümumilikdə 13,73 milyard kubmetr Azərbaycan qazı nəql olunub və bu çox yaxşı göstəricidir. Heç şübhə yoxdur ki, Avropaya nəql edilən Azərbaycan qazı bundan sonra da artacaq”, - deyə deputat bildirib.
O qeyd edib ki, dövlət baçısının siyasəti nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ən əlverişlli və etibarlı tərəfdaş səviyyəsinə yüksəlib.
“Avropa İttifaqının yüksək rütbəli rəsmiləri də dəfələrlə Azərbaycanla əməkdaşlıq etdiklərindən məmnun olduqlarını ifadə ediblər. 2022-ci ili fevral aynın 4-də Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclası keçirildi və bu iclasda Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson və digər yüksək rəsmilərin iştirakı, o cümlədən Məşvərət Şurasına daxil olan ölkələrin iclasda yüksək səviyyədə iştirak etməsi, eyni zamanda cənab Prezident İlham Əliyevin iclasda çıxış etməsi Azərbaycan ilə Avropa İttifaqı arasında yeni perspektivlərin olduğunu göstərir. Bir sözlə, Azərbaycan Avropanın enerji təhlükəsiziliyinin təmin edilməsində mühüm bir aktordur və bu da dövlət başçısının düşünülmüş siyasətinin nəticəsidir”,- deyə deputat əlavə edib.
Milli Məclisin deputatı Elşən Musayev isə Trend-ə açıqlamasında bildirib ki, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu olduqca önəmlidir və xüsusən də, qlobal beynəlxalq-siyasi düzənin indiki mərhələsində həmin rol getdikcə artmaqdadır.
“Hazırda isə proses Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində artıq reallaşdırılmış TANAP və TAP qaz kəmərləri vasitəsi ilə həyata keçirilir. Coğrafi baxımdan əlverişli məkanda yerləşən Azərbaycanın öz qazını müstəqil şəkildə Avropa bazarlarına çıxarmasını təmin edən Cənub Qaz Dəhlizi qlobal miqyasda unikal bir sənaye layihəsidir.
Bu layihənin ən önəmli və əsas məqamlarından biri onun universal xarakter daşımasıdır. Belə ki, məlum layihənin inşasında və istismarında hətta biri-birinə əks geosiyasi qütblərdə yer alan ölkələr və onları təmsil edən şirkətlər iştirak edib. Eyni zamanda, layihələr çərçivəsində Türkiyə və Gürcüstan, Cənubi Avropanın İtaliya, Yunanıstan və Bolqarıstan kimi ölkələri qısa bir müddətdə Azərbaycan qazının istehlakçısına çevriliblər. Gələcəkdə isə TAP-ın şimala doğru şaxəsi olacaq İonik-Adriatik boru kəməri vasitəsi ilə Albaniya, Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya kimi Balkan ölkələrinin istehlakçıları da Azərbaycan qazından faydalana biləcəklər. Hətta bu istiqamətdə artıq müvafiq infrastrukturun yaradılması prosesi gedir”, - deyə deputat bildirib.
Onun sözlərinə görə, təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində fevralın 4-də Bakıda keçirilən nazirlərin VIII toplantısındakı çıxışında ölkəmizin isbat edilmiş qaz ehtiyatlarının həcminin daha çox olacağına əminliyini bildirib.
“Çünki neft və qaz yataqlarının işlənilməsi sahəsindəki təcrübə həmin yataqlarda öncə gözlənildiyindən daha böyük həcmdə ehtiyatların olduğunu dəfələrlə sübuta yetirib. Bu baxımdan, Azərbaycanın qaz ixracının yüksəliş dinamikasının davamlı olacağı şübhə doğurmur.
Sadalanan məqamlar Azərbaycanın təbii qazın istehsalı, istehlakı, satışı və emalı sahəsində yaranmış yeni reallıqlara hazır olduğuna dəlalət edir. Bu istiqamətdə Azərbaycan hökuməti çevik strategiyaya üstünlük verir ki, bu da sürətlə dəyişən proseslərdə mümkün ola biləcək itkilərin minimuma endirilməsinə, mənfəətin isə maksimuma çatıdırlmasına zəmin yaradır”, - deyə E.Musayev əlavə edib.