Bakı. Trend:
4 aprel 2022-ci il tarixində Brüsseldə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Belçika Krallığının Xarici İşlər, Xarici Ticarət və İnkişaf üzrə Əməkdaşlıq Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.
Trend xəbər verir ki, nümayəndə heyətinə Azərbaycan tərəfindən Xarici İşlər Nazirinin müavini Xələf Xələfov, Belçika tərəfindən isə ikitərəfli məsələlər üzrə Baş direktor Jeroen Koreman rəhbərlik ediblər.
Siyasi məsləhətləşmələr zamanı Azərbaycan ilə Belçika arasında əlaqələrin hazırkı vəziyyəti müzakirə edilib, əməkdaşlıq üçün bütün sahələrdə geniş potensialın mövcud olduğu bildirilib və bunun inkişaf etdirilməsi üçün qarşılıqlı maraq ifadə olunub.
Baş direktor J. Koreman Azərbaycan ilə Belçika arasında siyasi münasibətlərin yaxşı səviyyədə olması, hökumətlər və parlamentlər səviyyəsində əlaqələrin mövcud olduğunu və səmərəli dialoqu davam etdirmək əzmində olduğunu vurğulayıb
Məsləhətləşmələr zamanı bu il Azərbaycan ilə Belçika arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunacağı bildirilib.
Nazir müavini X.Xələfov 44 günlük müharibədən sonra bölgədə yaranmış yeni siyasi vəziyyət, erməni işğalından azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi və orada aparılan bərpa və yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verib. Müharibədən sonra regionda sabitlik və təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycan tərəfindən aparılan işlər ilə bağlı məlumat diqqətə çatdırılıb.
Daha sonra tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb.
İki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinə dair qarşılıqlı razılıq ifadə olunub.