...

Ermənistan bu şərtlərə nə qədər tez əməl etsə... - Sahil Kərimli

Siyasət Materials 14 Aprel 2022 15:00 (UTC +04:00)
Ermənistan bu şərtlərə nə qədər tez əməl etsə... - Sahil Kərimli

Bakı. Trend:

Azərbaycan dövləti sülh danışıqlarına başlanması və bölgədə kommunikasiyaların açılması üçün Ermənistana bir neçə dəfə şans verib. Amma təəssüf ki, Ermənistan rəhbərliyi bu şanslardan yararlana bilməyib. Yaxşı olardı ki, Paşinyan hökuməti bu dəfə ciddi düşünsün və Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi sonuncu şansdan istifadə etsin.

Trend xəbər verir ki, bu fikirləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, sülh razılaşmasına əməl olunmasa, Ermənistanı heç kim, hətta havadarları da xilas edə bilməyəcək: "Azərbaycanın təklif etdiyi şərtlər ilk növbədə Ermənistanın özünə hava və su kimi lazımdır. Çünki Azərbaycan dövləti ilə sülh müqaviləsinin imzalanması, sərhədlərin müəyyənləşməsi, ərazi bütövlüyü və suverenliyin tanınması həm də Ermənistanın bir dövlət kimi varlığına təminat verir, gələcək inkişafını şərtləndirir. Rəsmi Bakı həmişə olduğu kimi, İrəvana bölgədə sülh və təhlükəsizlik, region iqtisadiyyatına inteqrasiya, inkişaf və tərəqqi, mehriban qonşuluq münasibətləri təklif edir. Ermənistan bu şərtlərə nə qədər tez əməl etsə, bir o qədər çox qazanar. Hazırda Ermənistan geriyə dönüşü olmayan yoldadır. İrəvanın yeganə düzgün seçimi Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması olmalıdır. Bu reallığı Paşinyan hökuməti də yaxşı anlayır. Lakin, görünən odur ki, Ermənistandakı revanşist və separatçı qüvvələr – konkret olaraq Azərbaycan xalqına qarşı hərbi cinayətlər törətmiş bəlli bir qrup sülh danışıqlarına mane olmaq istəyir. Zənnimcə, bütün bu cəhdlər əbəsdir. Çünki Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi ortadadır və cənab İlham Əliyevin qarşıya qoyduğu məqsədlərə çatacağına şübhə yoxdur. Ermənistan istənilən yolla sülh danışıqlarına, Zəngəzur dəhlizinin açılmasına və ümumilikdə, üçtərəfli bəyanatların şərtlərini yerinə yetirməyə məcbur ediləcək. Hesab edirəm ki, Ermənistan rəhbərliyi bunu yaxşı dərk edir və tezliklə biz konkret müsbət nəticələrin şahidi olacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti