Bakı. Trend:
Çox tezliklə Azərbaycan-Ermənistan birgə işçi qruplarının görüşü keçiriləcək.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Ermənistan hökuməti və ölkənin siyasi spektrinin bunu tam olaraq dərk etməsi və qisas almaq cəhdlərindən birdəfəlik əl çəkməsi vacibdir. Birincisi, bu qeyri-məhsuldardır, çünki bunun baş verməsi Ermənistan üçün əvvəlkindən daha ağrılı olacaq. İkincisi isə bu, regionun və beynəlxalq ictimaiyyətin tələblərinə zidd olacaqdır. Həmin tələblər isə regionda nəhayət ki, davamlı sülhə nail olunmasından ibarətdir.
Biz öz tərəfimizdən müsbət meyillərin dəstəklənməsi üçün əlimizdən gələni edirik. Uzun sürən müharibələrin, işğalların və dağıdıcılığın tarixinə nəzər salsanız görərsiniz ki, bizim halda, düşmənçilik mərhələsindən sülhə doğru keçid çox sürətlidir. Bu isə bir daha qeyd etmək istəyirəm ki, bizim təkliflərimiz əsasında baş verir. Mən şəxsən bir ildən artıq müddətdir ki, Ermənistanla sülh sazişinin bağlanmasının vacibliyini bəyan edirəm. Nəhayət ki, yalnız bir neçə həftə bundan əvvəl onlar buna razı oldular. Buna qədər sükut hökm sürürdü. Bizim ərazi bütövlüyümüzü şübhə altına alan bəyanatlar verilirdi. Sərhədlərin delimitasiyasına start verilməsini də biz təklif etdik. Bu təklif də bir ildən artıq Ermənistan tərəfindən cavabsız qoyulmuşdur. Nəhayət ki, onlar buna razılıq verdilər və deyə bilərəm ki, çox tezliklə birgə işçi qrupları görüşəcəklər.
Nə üçün onlar bir il itirdilər? Bunu anlamaq mümkün deyil. Beləliklə, bizim bütün səylərimiz müsbət meyillərin gücləndirilməsinə yönəldiləcək. Lakin biz bunu birtərəfli qaydada edə bilmərik. Biz Ermənistan hökuməti simasında etibar edə biləcəyimiz və davamlı sülhə nail olmaqla bağlı razılığa gələ biləcəyimiz tərəfdaş görməliyik. Düşünürəm ki, bu, mümkündür, ancaq bunlar Ermənistanda daxili siyasi proseslərlə bağlı olacaqdır. Bunu anlamaq olar, çünki onların ideoloji təməlləri sarsılıb. Çünki onların bütün ideologiyası işğal və onun legitimləşdirilməsi üzərində qurulmuşdu. Azərbaycanın mədəni irsinin silinməsindən tutmuş Ağdam və Şuşa da daxil olmaqla bütün şəhərlərimizin adlarının dəyişdirilməsinə qədər – bütün səylər de-fakto işğalı de-yure ilhaqın qanuniləşdirilməsinə yönəldilmişdi.
İndi isə bu ideoloji təməl artıq mövcud deyil. Biz anlayırıq ki, hazırda onlar üçün yeni hədəf müəyyən etmək asan deyil. Bizə gəldikdə isə hədəf çox aydın idi – müstəqilliyin gücləndirilməsi. Biz həmişə işğal dövründə yalnız Qarabağı geri qaytarmaq üzərində düşünmürdük. Biz müstəqilliyimizin gücləndirilməsi və onun dönməz xarakter alması, habelə heç kəsdən, nə siyasi, nə iqtisadi, nə də enerji cəhətdən asılı olmamağımız üzərində çalışırdıq. Biz buna nail olduq. Biz tam olaraq müstəqil olduq, müstəqil siyasət aparmaq imkanını əldə etdik və Qarabağı geri qaytardıq. Ermənistan isə, həqiqətən müstəqil ölkə olmaq şansını əldən verdi. Çox da təfərrüata varmaq istəməzdim, oranın siyasi konfiqurasiyası hər kəsə məlumdur. Bununla yanaşı, onlar özlərinə məxsus olmayan torpaqları itirdilər. Yəni, onlar bunu dərk etməli və özləri üçün yeni hədəf müəyyən etməlidirlər.
Zənnimcə, həmin hədəf sülh, əməkdaşlığın bəhrəsi, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina edilməsi olacaqdır. Bilirsiniz, Türkiyə kimi iqtisadi gücə və dünyada barmaqla sayıla biləcək aparıcı orduya sahib olan ölkəyə qarşı ərazi iddiasının olması tamamilə qeyri-rasionaldır. Biz Türkiyə-Ermənistan prosesini dəstəkləyirik. Hesab edirəm ki, bu, Ermənistan hökuməti və siyasətçiləri üçün fürsətdir. Gələcəkləri necə olacaq və özlərini regionda necə görürlər. Bax, bu haqda yaxşı düşünməlidirlər. Fikrimcə, onların aydın anlayışı yoxdur. Onlar bütün illüziyaları bir kənara qoymalı, ordunu yenidən qurmaq, 5 milyon nəfər əhaliyə sahib olmaq və güc toplayaraq torpaqları geri qaytarmaq kimi fikirlərdən vaz keçməlidirlər. Əks halda, bu, onların dövlətçiliyinin rəsmi süqutu olacaqdır".