Bakı. Trend:
Ümid edirik ki, Ermənistanla da yaxşı münasibətlər olacaq və beləliklə, biz sabitlik məkanı ilə əhatə olunacağıq.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Əlbəttə, siyasi və iqtisadi dialoq davam etməlidir və biz bunun tərəfdarıyıq. Siz Azərbaycan-Türkiyə-Rusiya üçbucağına toxundunuz. Bu, hələ baş verməyib, heç bir səviyyədə hər hansı rəsmi təmaslar başlamayıb. Lakin bir sıra məsələlər var ki, onlar bir-biri ilə bağlıdır, xüsusilə də nəqliyyat və enerji sahələrində. Bizim ayrıca olaraq bu sahədə hər iki ölkə ilə fəal dialoqumuz var. Onların öz aralarında münasibətləri var, ancaq bu, heç vaxt üçtərəfli formatda olmayıb. Hesab edirəm ki, bu gün bu haqda danışmaq hələ tezdir. Hazırkı regional konfiqurasiya bizi qane edir. Bizim bütün qonşularla yaxşı münasibətlərimiz var - təkcə Rusiya və Türkiyə ilə deyil, Gürcüstan və İranla da. Ümid edirik ki, Ermənistanla da yaxşı münasibətlər olacaq və beləliklə, biz sabitlik məkanı ilə əhatə olunacağıq. Bizim istəyimiz də məhz budur. Biz sülh gündəliyinə və iqtisadiyyata diqqətimizi ayırmalıyıq ki, hər il milyardları silah alınmasına yox, iqtisadi inkişafa yönəldək".