Bakı. Trend:
Azərbaycanla münasibətlərin normallaşması Ermənistan üçün yeni imkanlar yaradacaq.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Azərbaycanla əlaqələrin normallaşdırılması Ermənistan üçün elə imkan açacaq ki, bu gün onu proqnozlaşdırmaq belə çətin olardı. Bir sözlə, planlarımız bundan ibarətdir. Təsisatların qurulması, fikrimcə, müxtəlif istiqamətlərdə getməlidir. Əvvəlcə, biz siyasi çərçivədən başlamalıyıq. Ən vacibi isə Ermənistanın hansı nöqtəyə qədər irəli gedə biləcəyindən ibarətdir, çünki işğal dövründə və mənim Ermənistan rəhbərləri ilə çoxsaylı təmaslarımda, hər zaman görürdük ki, irəliləyiş üçün çox həlledici məqama gəlib çatanda, onlar hər zaman geriyə addım atırdılar. Etimad çox az idi. Deyə bilərəm ki, hələ də etimad çox deyil. Əgər, belə demək olarsa, onların davranışında bu, görünür, çünki bəzən onlar çox ziddiyyətli bəyanatlarla çıxış edirlər. Bir sözlə, siyasi çərçivədə, fikrimcə, onların nümayəndəsinin müzakirələrimizdə iştirakı mühüm töhfə ola bilərdi. Məsələn, biz bunu dəstəkləyə bilərdik. Həmçinin biz QHT-lər səviyyəsində şəxslər arasında təmaslar haqqında düşünürük. Öncə söylədiyim kimi, bunun müəyyən regional miqyası ola bilər. Eyni zamanda, biz regional inkişafa daha geniş miqyasda baxmalıyıq, çünki bilirsiniz ki, Avropa İttifaqı Ermənistan üçün 2,6 milyard avro həcmində çox böyük maliyyə paketini elan edib. Sonradan Azərbaycan üçün də bunu elan edib. Həmin ehtiyatların bir hissəsi əlaqələrin qurulmasına və insanlar üçün daha yaxşı imkanların yaradılmasına sərf oluna bilər. Ermənistanın çox az sayda əhalisini nəzərə alsaq ki, fikrimcə, bu, revanş və qonşularına hədə yaratmaq cəhdləri üçün deyil, sülh işlərinə sərf edilərsə, onda artıqlaması ilə kifayət edəcək".