...

Azərbaycana qarşı LGBT kampaniyası: kimlər ölkəmizə təsir göstərməyə çalışır?

Siyasət Materials 17 May 2022 12:17
Azərbaycana qarşı LGBT kampaniyası: kimlər ölkəmizə təsir göstərməyə çalışır?

Trend-i buradan izləyin

Bakı. Trend:

Son günlər Azərbaycana qarşı LGBT mövzusunu istifadə etməyə başlayıblar. Bununla bağlı sosial şəbəkələrdə, o cümlədən “twitter”də kampaniya aparılır, beynəlxalq təşkilatlar bəyanatlar verirlər.

Proseslər onu göstərir ki, Azərbaycana qarşı bu kampaniya mütəşəkkil şəkildə təşkil edilib və bir mərkəzdən idarə olunur. Məsələ o qədər şişirdilir ki, hətta LGBT mövzusuna siyasi don geyindirərək Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə çağırış edilir. Birdən-birə LGBT mövzusunun bu qədər şişirdilməsi və bu cür mütəşəkkil şəkildə kampaniyanın aparılması təəccüb doğurmaya bilmir və proseslərin məqsədyönlü şəkildə təşkil edilməsi aydın sezilir.

LGBT mövzusuna görə hətta 907-ci düzəliş də gündəmə gətirilir. Belə ki, özünü LGBT hüquqlarının müdafiəçisi qiyafəsində təqdim etməyə çalışan Hans Conson adlı şəxs öz məqaləsində belə bir məntiqsiz fikir söyləyib: “Prezident Bayden xarici hökumətlər tərəfindən dözümsüzlük və ayrı-seçkiliklə mübarizə aparmaq üçün alətlərə malikdir. O, ABŞ-nin Azərbaycana hərbi yardımını məhdudlaşdıran ABŞ Azadlığa Dəstək Aktının 907 -ci maddəsini tətbiq etməklə Azərbaycanda LGBTQ hüquqlarını qorumağa başlaya bilər”.

Onun ardınca isə dərhal erməni ekspertlər hərəkət keçib və mövzunu inkişaf etdirməyə başlayıblar. Lakin məsələ bununla bitmir. Azərbaycandakı bəzi satılmış müxalifət nümayəndələri də bu kampaniyaya dəstək verir. Bu mövzuda müxalifətlə, fəallarla xaricdəki bəzi dairələr və ermənilərin iddiaları arasında paralellik müşahidə olunur.

Mayın 14-də Bakıda bir qrup şəxs tərəfindən təşkil edilən aksiyada qaldırılan LGBT bayraqları və şüarları buna sübutdur. Diqqət cəlb edən məsələlərdən bir də odur ki, aksiya sosial şəbəkələrdə, həmçinin bir neçə internet tv-də, o cümlədən xarici qrantlar hesabına fəaliyyət göstərən bir sıra mətbuat orqanlarında bir həftə boyunca geniş təbliğ olunub. Buna baxmayaraq, aksiyada sosial mediada tanınmış tənqidçi dairədən başqa iştirakçı gözə dəyməyib. Yəni, aksiyada olanlar hamısı bir-birini yaxşı tanıyan adamlar olublar. Bütün bunlar bir daha bu kampaniyanın məqsədyönlü şəkildə təşkil edildiyini göstərir.

Görünür tapşırıq ciddidir və yəqin ki, bu cür cılız işlərlə hansısa məsələdə ölkəmizə təsir göstərməyə çalışırlar və ya ölkəmizin adını ləkələməyə cəhd edirlər.

Digər tərəfdən isə məlumdur ki, Azərbaycanda 10-12 iyun tarixlərində Formula 1 yarışları təşkil ediləcək və bütün dünyanın diqqəti Azərbaycanda olacaq, ölkəmizə çoxlu sayda qonaqlar gələcəklər. Yəqin ki, ölkəmizə qarşı LGBT kampaniyasını təşkil edənlər Azərbaycanın diqqət mərkəzində olmasından yararlanmağa çalışaraq ürək bulandırmaq istəyirlər. Əvvəlki təcrübədən də bəllidir ki, ölkəmizdə hər hansı bir beynəlxalq tədbir təşkil ediləndə anti-Azərbaycan dairələr dərhal fəaliyyətə keçir, ölkəmizə qarşı kampaniya aparırlar. Görünür, bu dəfə də fürsəti əldən vermək istəməyiblər. Ancaq o da məlumdur ki, həmin dairələrin planları həmişə puça çıxıb, Azərbaycan bütün beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib və beynəlxalq aləmdə nüfuzunu, etimadını daha da möhkəmləndirib. Ona görə də əminliklə söyləyə bilərik ki, LGBT kampaniyası da əvvəlki kampaniyalar kimi iflasa məhkumdur.

Xəbər lenti

Xəbər lenti