...

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması normativ hüquqi bazanın möhkəmləndirilməsi üçün mühüm addımdır

Siyasət Materials 20 May 2022 17:13 (UTC +04:00)
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması normativ hüquqi bazanın möhkəmləndirilməsi üçün mühüm addımdır

Bakı. Trend:

Azərbaycanda struktur islahatları hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzində olub. İdarəetmənin təkmilləşdirilməsi, çevikliyin və səmərəliliyin artırılması məqsədilə zamanın tələbinə uyğun olaraq ölkəmizdə struktur islahatları həyata keçirilir. Bu günə qədər həyata keçirilən struktur islahatları öz müsbət nəticələrini verib və islahatların effektivliyini göstərib.

Məlum olduğu kimi, həyata keşirilən islahatların tərkib hissəsi olaraq mayın 19-da Prezident İlham Əliyev Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

Mərkəzin yaradılmasında ölkəmizdə hüquqi bazanın möhkəmləndirilməsinə mühüm töhfə verəcəyi hədəflənir. Belə ki, “Hüquq Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxslə bağlı Mərkəzin yaradılmasında əsas məqsəd aşağıdakılardır:

- hüquq sahəsində aparılan islahatlara dəstək göstərmək;

- normativ hüquqi aktların layihələrinin hazırlanması və hüquqi ekspertizasının aparılması sahəsində dövlət orqanlarına (qurumlarına) xidmətlər göstərmək;

- normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, o cümlədən bu sahədə və hüquq normalarının tətbiqi sahəsində dövlət orqanları (qurumları) əməkdaşlarının bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi məqsədilə təlimlər keçirmək;

- hüquq sahəsində qabaqcıl beynəlxalq təcrübəni təhlil etmək və qüvvədə olan qanunvericiliyin təkmilləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində təkliflər hazırlamaq;

- hazırlanacaq və qüvvədə olan normativ hüquqi aktların qanunvericiliyin təsirinin qiymətlənsirilməsinin aparılmasında iştirak etmək;

- normayaratma sahəsində maarifləndirmə işinin təşkilində iştirak etmək, o cümlədən hüquqi islahatların məzmunu və mahiyyəti barədə ictimaiyyəti məlumatlandırmaq, ictimai rəyi öyrənmək, müvafiq hüquqi aktların layihələrinə dair ictimai müzakirələr təşkil etmək.

Bundan başqa Mərkəzin fəaliyyətinin elmi təminatı, o cümlədən hüququn ayrı-ayrı sahələrinin müqayisəli hüquqi tədqiqi, məcəllələrə və digər normativ hüquqi aktlara elmi və praktiki şərhlərin hazırlanması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və insan haqları İnstitutunun yeni yaradılan Mərkəzin tabeliyinə verilməklə yenidən təşkili nəzərdə tutulur. Adıçəkilən İnstitut tərəfindən hüquqi tənzimləmədə innovativ həllərin araşdırılması, hüququn ayrı-ayrı sahələrinin təhlili, hüququn potensial inkişaf sahələrinin müəyən edilməsi və həmin sahələr üzrə tənzimetmə modellərinə dair təkliflər verilməsi gözlənilir.

Eyni zamanda insan hüququ və azadlıqlarının təminatı sahəsində fəaliyyətin daha da səmərəli təşkili məqsədilə İnstitut tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin, o cümlədən Azərbaycan Respublikası ilə bağlı qərarlarının təhlil edilməsi və müvafiq təkliflərin verilməsi nəzərdə tutulur.

Bundan başqa Mərkəz tərəfindən məhkəmə-hüquq islahatları istiqamətində aparılan işlərdə iştirak edilməsi, bu sahədə islahatların daha da dərinləşdirilməsi üçün təkliflərin verilməsi nəzərdə tutulur.

Daha sonra həm elmi, həm təcrübi məqsədlər üçün hüquqi aktlardan, elmi-hüquqi materiallardan ibarət çoxfunksiyalı axtarış imkanını nəzərdə tutan elektron informasiya sisteminin yaradılması və həmin sistemin dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə nəzərdə tutulur.

Mərkəzin idarəetmə orqanları 5 üzvdən ibarət olan Müşahidə Şurası və İcraçı direktordur.

Göründüyü kimi Mərkəzin yaradılması ilə qarşıya çox mühüm vəzifələr qoyulur və ölkəmizdə normativ hüquqi bazanın təkmilləşdirilməsi və inkişaf etdirilməsi baxımından bu Mərkəzin yaradılması çox mühüm addımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti