...

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Cəbrayılda Soltanlı stansiyasının təməlqoyma mərasimində iştirak ediblər (YENİLƏNİB) (FOTO/VİDEO)

Siyasət Materials 26 May 2022 12:56 (UTC +04:00)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Cəbrayılda Soltanlı stansiyasının təməlqoyma mərasimində iştirak ediblər (YENİLƏNİB) (FOTO/VİDEO)

Bakı. Trend:

Mayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda da səfərdə olublar.

Trend xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonu ərazisində Soltanlı stansiyasının təməlqoyma mərasimində iştirak ediblər.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dəmir yolu və stansiya barədə məlumat verildi.

Bildirildi ki, təkxətli dəmir yolunun uzunluğu 110,4 kilometrdir. Layihəyə əsasən yol boyunca 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 tunelin, 41 körpünün, 7 yolötürücünün, 300-ə yaxın süni mühəndis qurğusunun, rabitə və işarəvermə sisteminin, elektrik təsərrüfatının tikintisi planlaşdırılır. Yol boyunca 85 kilometr ərazi minalardan təmizlənib və proses davam edir. Dəmir yolu xəttinin yan yollarla birlikdə 60 kilometrlik hissəsi tamamlanıb. Bu məsafədə yük qatarları hərəkət edir. Tikinti işləri Türkiyənin “Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi” şirkəti tərəfindən həyata keçirilir.

Prezident İlham Əliyev Soltanlı stansiyasının təməlini qoydu.

Bildirildi ki, stansiyada sərnişinlər üçün gözləmə zalı, rabitə, işarəvermə və digər xidməti otaqlar yaradılacaq.

Qeyd edək ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli 2021-ci il fevralın 14-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Layihənin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. Azərbaycan Prezidentinin sərəncamları ilə yolun inşasına 312 milyon 700 min manat vəsait ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti