...

Azərbaycan və Tacikistan Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Siyasət Materials 10 İyun 2022 12:46 (UTC +04:00)

Bakı. Trend:

9 iyun 2022-ci ildə Azərbaycan Respublikası və Tacikistan Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Tacikistan tərəfindən isə xarici işlər nazirinin müavini Sodik İmomi rəhbərlik edib.

Görüş zamanı məsləhətləşmələrin ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edilməsi ilə əlamətdar olduğu bildirilib, iki ölkə arasında münasibətlərin hazırkı durumu nəzərdən keçirilib, siyasi, sosial-iqtisadi, humanitar və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün mövcud imkanlar müzakirə olunub, ticarət-iqtisadi əlaqələrin hazırkı inkişafı və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Bu xüsusda, iqtisadi əlaqələrin inkişaf etdirilməsi baxımından Azərbaycan ilə Tacikistan arasında Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacibliyi qeyd edilib.

Nazir müavini X.Xələfov 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə qarşı tərəfə məlumat verib, məcburi köçkünlərimizin öz doğma yurdlarına layiqli şəkildə qayıda bilmələri və regionda davamlı sabitliyin və təhülkəsizliyin təmin olunması istiqamətində ölkəmizin səyləri haqda danışıb.

X.Xələfov, həmçinin nəqliyyat və kommunikasiya xətlərinin açılması istiqamətində işlərin aparıldığını, post-münaqişə dövrünün reallığı olan Zəngəzur dəhlizinin Mərkəzi Asiya ölkələri, o cümlədən Tacikistan üçün də yeni fürsətlər yaratdığını vurğulayıb.

Nazir müavini S.İmomi çoxəsrlik səmimi dostluq və qardaşlıq əsasında qurulan ikitərəfli münasibətlərdə müsbət dinamikanın müşahidə olunduğunu bildirərək, ötən 30 il ərzində əlaqələrin müxtəlif əməkdaşlıq sahələrində daha da irəlilədilməsi istiqamətində mühüm uğurlar əldə edildiyini qeyd edib, Tacikistanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdırıb.

S.İmomi Azərbaycanın xüsusilə neft sənayesi və texnologiya parkları sahəsində öncül təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını diqqətə çatdırıb. Həmçinin, Tacikistan vətəndaşlarının Azərbaycanın müxtəlif profilli təhsil müəssisələrində kvotalar əsasında təhsil aldığını, peşəkar gənc kadrların yetişdirilməsində ölkəmizin dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüşdə Azərbaycan və Tacikistan arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

İki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin, eləcə də qarşılıqlı səfər və görüşlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti